Hüseynbala Səlimov Hüseynbala Səlimov

Avrasiya Birliyi yaranmamışdan çökür?

Hüseynbala Səlimov


Rusiya və Qazaxıstan valyutalarının yaşadığı aqibət neçə gündür ki, medianın diqqət mərkəzindədir. Onlar həm yeni siyasi və iqtisadi ittifaqın təşəbbüsçüsü, həm də neft ölkəsi kimi hamıya maraqlıdırlar...


Avrasiya İttifaqı ilə maraqlananlar haqlı sual verirlər: bir birliyin nüvəsini belə böhranlı ölkələr təşkil edirsə ona inanmağa və ən başlıcası isə diqqət göstərməyə ehtiyac varmı?..
Neft ölkələrinin adamlarının da sualı haqlı görünür. Onlar da düşünür ki, görən bizim ölkəmizi belə bir aqibət gözləmir ki?..

Daha maraqlısı isə budur ki, bir neçə həftə bundan əvvəl Rusiyanın baş naziri ölkəsinin iqtisadiyyatının növbəti ildən dirçələcəyini demişdi. Amma bir-iki həftə sonra rus rublu dollara nisbətən rekord həddə ucuzlaşdı. Deməli, ölkənin iqtisadi sükanı heç də onun daxili tənzimləyicilərinin əlində deyil, ölkə iqtisadiyyatı xarici amillərə daha həssasdır.
ABŞ-ın özünün neft ehtiyatları ilə bağlı hesabatını açıqlamasından sonra demək olardı ki, daha neftin qiymətinə təsir edəcək amillər qalmayıb. Amma belə deyil. Qarşıda hələ İran da var, hansı ki, sanksiyaların götürəcəyi təqdirdə özünün neft hasilatını iki dəfə artıracağını deyir. Ona görə D.Medvedevin vədlərinin dəyəri elə rus rublunun dəyəri qədər ola bilər - Rusiya iqtisadiyyatının sabit zolağa çıxması hələ yaxın dövrün hadisəsi deyil. Ona görə ki, dünya birjalarında neftin qiymətinin rəqsləri hələ çox davam edəcək...

Amma düşünürük ki, Qazaxıstanın öz valyutasının qiymətini saxlamağa yönəlmiş səylərinə "stop" deməsi onun iqtisadiyyatı üçün daha düzgün və bir az da məntiqli addım idi - qoy, bazar özü hər şeyi tənzimləsin...

Prinsipcə, Rusiya da bu yolla gedə bilər. Amma hiss olunur ki, V.Putin də, elə D.Medvedev rus rublunun "yüyən"ini birdəfəlik əldən buraxmağa ehtiyat edirlər...

İndi analitiklər neftin qiymətinin yaxın dövr üçün yeksək həddini proqnozlaşdırmağa çalışırlar. Amma qiymətləndirmələr optimizm üçün elə də ümid yaratmır...
Ən başlıcası bilirsiniz nədir? Avropa iqtisadiyyatının sağlam bədənində bir yara var - bu, Yunanıstandır. Amma Avrasiya İttifaqının məsələsi daha qəlizdir və onların halına yalnız acımaq lazım gəlir. Bir az əvvəldə qeyd etdiyimiz kimi Qzaxıstanın da, Rusiyanın da iqtisadiyyatı dərin böhran keçirir və onları heç bir çətinlik çəkmədən "xəstə iqtisadiyyatlar" adlandırmaq olar...

Bu yaxınlarda Qazaxıstanla Qırğızıstan arasında gömrük postlarının yaığışdırılmasını göstərirdilər, guya ki, Avrasiya Birliyinin tənətənəsini gözə soxmağa cəhd edirdilər. Amma nə oldu?..

O oldu ki, dünya birjalarında çəkic neftin rekord dərəcədə ucuz qiymətinin üstündə dayandı. Təbii ki, insanları bir sual da düşündürür: bəs bizi nə gözləyir? Nə demək olar? Bircə onu deyə bilərik ki, Azərbaycan da neft hasil edən ölkədir və onun da büdcəsi, gəlirləri əhəmiyyətli dərəcədə neftdən asılıdır. Həm də Azərbaycan manatının da kursu əhəmiyyətli dərəcədə dövlətin səylərindən asılıdır-dövlət manatın kursunu sabit saxlamaq siyasətini dəyişsə, onda manatın da xeyli ucazlaşacağını gözləmək lazım gələcək...

Əsas odur ki, Azərbaycan hələki Avrasiya Birliyi kimi mənasız layihələrə baş qoşmur və bunu çox düz edir...

Rusiya ağır böhran içindədir. Məmurlar özləri etiraf edirlər ki, təkcə sanksiyalara görə ölkə yüz milyardlarla dollar itki verib. Bəli, ölkənin valyuta ehtiyatları bir-iki il iqtisadiyyatı tənzimləməyə imkan verə bilər. Amma bu prosesin sonu var, çünki valyuta ehtiyatları sonsuz deyil...

92-93-cü illərdə hamı Rusiya təhlükəsindən danışanda mən yazırdım ki, narahat olmayın, Rusiyanın arzuları imkanlarına adekvat deyil, sadəcə, onunla bir az "oynamaq" lazımdır...
İndi də Rusiya təhlükəsini ciddi qəbul etmirik. Elə indi də onun arzuları imkanlarına adekvat deyil. Amma Rusiya çox istəyir, bəli, çox istəyir ki, elə Azərbaycanı da özünün bataqlıq qoxuyan layihələrinə cəlb etsin. Amma bu layihələrə hətta Rusiyanın indi, Ukraynadan sonra özünün əsas ümidi hesab etdiyi Qazaxıstan da inanmır... Səhv etmirəmsə, bu yaxınlarda deyildi ki, bəs bu ölkə də Dünya Ticarət Təşkilatına üzv olub...

Demək, hamı qəbul edir ki, siyasət həm də bir oyundur. Ona görə də burada bir təsəlli qalır: qoy, oyunçu aparsın...

(musavat.com)