Cəsarət Valehli Cəsarət Valehli

Universitetə qəbul məqsəddirmi?

Cəsarət Valehli


Bu gün sürətlə dəyişən dünyanı forma və məzmun baxımdan yeni nəsil universitetlər yaradır. Buna əsas dəyər olaraq üstünlük verən ölkələr gələcək şokunu daha rahat qarşılayır və milli özünütəsdiq immuniteti qazanırlar.

Bəzən abituriyentlər universitetə qəbul olmağı insan həyatının əsas nailiyyət kimi qəbul edir, nəinki oxumağı. Ancaq universiteti qazanmaq hələ yolun başlanğıcı, mükəmməl universitet təhsili isə hədəfə çatmanın cövhəridir. Universitet inkişaf lokomotivinə qoşula bilən, sintez və analiz yolu ilə düşüncələrini ifadə edə bilən insanları yetişdirən qurumdur. Universitet fəlsəfəsinə bir tərəfdən bütünləşdirici, uzlaşdırıcı, digər tərəfdən fərqli və yenilikçi, qeyri-standart yanaşmaların məcmusu kimi baxsaq, bir qurum kimi sosiuma xidmət etmək və cəmiyyətin perspektiv vizionunu müəyyənləşdirən missiyaya sahibdir.

Bu gün dünyanın dominant inkişaf standartlarının Avropadan qaynaqlanması ideyası bu qitənin klassik universitet ənənəsinə sahib olması ilə bağlıdır. Doğrudur, Şərq bu dəyərə daha öncədən sahib olsa da, qərb universitet düşüncəsini inkişafının əsas ideya qaynağına daha sistemli çevirə bilib. Sirr deyil ki, Avropa inkişaf modelinin ana xəttləri əsası hələ 8-10 əsr bundan əvvəl qoyulan Avropa universitetlərində cızılıb. Bu yanaşmada Avropanın, eləcə də dünyanın ən qədim universitetlərindən biri olan, əsası 1386-cı ildə qoyulmuş Almaniyanın Heydelberq universitetinin giriş qapısında yazılan "həqiqətin, ədalətin və insanlığın canlı ruhu" təkcə poetik ritorika deyil, həm də universitet düşüncəsinin milli var olmanın və dünyaya açılmanın kodlaşmış invariantları idi. Digər bir nümunə Avropanın ən qədim universitetlərindən biri olan, əsası 1575-ci ildə Hollandiyada qoyulan Leyden universitetinin yaranması ilə bağlıdır.

Elmi renessans ərəfəsində ispanların hücumlarını böyük şücaətlə dəf etdiklərinə görə, Hollandiyanın Leyden şəhərinə şahzadə Viliam tərəfindən mükafat verilir. Həmin mükafat ilk holland universitetinin bu şəhərdə yaradılması olur. Tarixçilərin qeyd etdiyinə görə, Leyden vətəndaşlarına universitet yaradılması, yoxsa onların vergilərdən azad olunması arasında seçim təklifi olunub. Lakin vətəndaşlar bildiriblər ki, vergilərdən azad edilmək haqqında qanun dəyişə bilər, Avropanın böyük universiteti isə əsrlər boyu yaşayacaq. Bu nümunə həm də ona görə təqdirəlayiqdir ki, ilk burjua inqilabı ilə cəmiyyətin inkişaf vektorlarını dəyişən və bununla da yeni sivilizasiya və renessans fəlsəfəsini dünyanın gələcək yol xəritəsinin əsas xətləri kimi təqdim edən dəyər universitet ənənəsindən şaxələnirdi.

Eləcə də Almaniyanın Berlin universitetinin yaranma mühiti çox maraqlıdır. Berlin Universitetinin yaradılması ideyasını o dövrdə fransızlar tərəfindən işğal olunmuş əzəli alman torpağı Yenasız təsəvvür etmək mümkün deyildi. Əsas məqsəd Kral III Fridrix Vilhelmin ifadəsi ilə desək, "itirdiyimiz torpaqlarımızın əvəzində intellektual gücü"müzü qüvvətləndirmək və məğlubiyyət sindromundan xilas olmaqla Prussiyanın nüfuzunun bərpa edilməsi idi.

Əsası 1810 - cu ildə qoyulmuş və əvvəlcə Kralın adını daşıyan bu ali məktəb insanlara özlərini realizə etmək, eləcə də maariflənmiş vətəndaş və dövlətin effektiv şəkildə idarə edilməsi üçün zəruri olan vərdişlər qazanmaq imkanı verirdi. Böyük alman filosofu Fixte universitetin ilk rektoru və fəlsəfə kafedrasının rəhbəri təyin olunanda, təkcə onun intellektual gücü, Kantın ona məhəbbəti deyil, həmçinin fransızlar tərəfindən işğal olunmuş Berlində 1808-ci ildə verdiyi silsilə mühazirələrini, alman xalqına müraciətlərində təhsil sistemində islahatlar barədə səsləndirdiyi fikirləri nəzərə alındı.
Böyük filosof Fixte işğal nəticəsində məğlubiyyətə uğramış almanların milli ruhunu qüvvətləndirməyin başlıca yolunu yalnız təhsildə islahatlar aparmaqda görürdü.
Deməli, universitetlər hansı qitədə yerləşməsindən asılı olmayaraq bütün əsrlər boyu bilik axtarışını, doğru düşünməyi təqib etmiş və intibah missiyasını ehtiva edərək böyük dəyişikliklərin lokomotivi olub. Burada əsas məqam odur ki, universitetə qəbulla yeniyetməlik çağından müstəqil həyata qədəm qoyan fərd təkcə həyatının ilk start həyəcanını deyil, həm də layiqli vətəndaş olma keyfiyyətini, rəqabətli peşəkar olma bacarığını göz önünə almalıdır. Və onu tam yəqin etməlidir ki, universitet həyatın əsas keyfiyyət miqyasını müəyyən edən və insanı yenidən yoğuran bir məkandır.

Qəbul nə qədər önəmli olsa da, məqsəd keyfiyyətli təhsil almaq niyyəti olmalıdır. Hazırda yeni universitetlə birgə, yeni elm obrazı təşəkkül tapır. Bununla, "savadlılıq" ideyasına yanaşmalar da dəyişir. Ənənəvi təsəvvürlərlə yanaşı, pedaqogikanın antropoloji əsaslarının əvəzlənməsi də baş verir. Təhsilli insan bu gün "bilikli fərddən", hətta dünyagörüşü formalaşmış şəxsdən daha çox, həyata hazır olan, müasir dövrün mürəkkəb problemlərindən baş açan, həyatda öz yerini başa düşməyə qabil olan insandır. Nəzərə alsaq ki, dünyanın hər an dəyişən inkişaf sürəti həm də universitetlərdən qaynaqlanır.
Universiteti qazanan tələbələri təbrik edirəm!

(lent.az)