Əziz Rzazadə Əziz Rzazadə

Əsginasın edamı

Əziz Rzazadə


"Hamı kralı sadəcə bir yerdə görmüşdü: əsginasların üstündə..."
Ştefan Svayq

Qısa məşvərətdən sonra on iki andlı ümumi qərara gəldi və hakim hökm çıxardı – edam.
Ütüyə oxşar Divan binasının hündür qoşa qapıları ağır-ağır açıldı. Ucaboy, gur səsli carçı qapıdan meydana sarı qırx addım ataraq edam kötüyü yanında ayaq saxladı. Hökmü on gündü intizarla gözləyən kütlə nəfəsini içinə çəkdi. Carçının elanından sonra elə bir uğultu qopdu ki, hətta təməli üç əsr əvvəl qoyulan möhtəşəm kral sarayının qalın divarları titrətdi.
Ümumi sevinc və coşquda adamlar bir-birinə sarılır, məhrəm və naməhrəm nədi, hətta dünənə kimi bir-birinin ətini yeməyə hazır olan adamlar qucaqlaşıb öpüşür, gözaydınlığı verir, barışmaq ümidində olduğu digər köhnə düşmənləri arayıb-tapıb muştuluq almağa tələsirdilər.
Gün yuxuya getdi və köhlən atlarda zülməti yaran çaparlar qala qapısından çıxdı və iki gün içində Divanın hökmü dünyanın dörd bir yanına çatdırıldı.
İstər inanın, istər inanmayın, o gündən sonra baş verənləri, kralın edamı xəbərinin doğurduğu təlatümü çağın salnaməçiləri belə tarixə köçürməkdə aciz qalıblar. İndi tədqiqatçılar beş əsr geriyə boylanaraq buna məntiqli izah axtarır, bir-biriylə mübahisə edir və hər kəs öz ehtimalından ikiəlli yapışıb, yeganə və əsl həqiqətin məhz ona məxsus olduğunu dilə gətirir. Amma inkar edilməz bircə həqiqət budur ki, hamı kralı sadəcə bir yerdə görmüşdü: əsginasların üstündə. Buna görə də edam hökmünü öz qulağıyla, ya da iki aqil insandan eşidən hər bir kəs kralının edamını görmədən ölmək istəmədi.
"Onsuz da ömrümüz qalmayıb – üç gün dala, üç gün qabağa", – deyə hamı paytaxta axışdı.

Elədi ki, var, insanların heç olmasa bircə kərə kralı əyani görə bilmək istəyi, – qoy lap edam əsnasında olsun, – hər kəsə əsaslı və zəruri göründü. Amma bu istəyin doğurduğu nəticə ən qorxunc qarabasmanı belə üstələdi. "Görünür, yuxarıdan belə yazılıbmış", – deyə o dövrün salnaməçilərindən biri qeyd edir.
Hə, bir sülalənin, – həm də gəlmə, yadelli – üç yüzillik zülmündən beli bükülən xalqın təkcə ləyaqəti, şərəfi yox, həm də bəsirəti itmişdi.
Bəs nə baş verdi ki?
Məmləkət hərəkətə gəldi, qışa son hazırlığı görən qarışqalar belə yuvalarının ağzını həmişəkindən daha tez möhürləmək məcburiyyətində qaldı. Çünki paytaxt həşərat yuvasını, paytaxta aparan bütün yollarsa qarışqa ordusunun yürüşünü xatırladırdı: araba, qazla və karetlərin keçidindən toz dumana qarışdı, sıx axınla piyada yürüyən insanların çarıq və çəkmələrinin qopardığı səslərə qarışmış gülüş və söyüşlər, gecələr qaladıqları tonqalların ətrafında şərabdan məst olub qopardıqları vəhşi hay-həşir ucbatından hətta yırtıcı heyvanlar qeybə çəkildi, səmada bircə quş qanad çalmadı.
"Böyük köç", – o çağın salnaməçilərindən biri baş verənlərə bu adı vermişdi.

Paytaxt insanla dolub-daşırdı. Kiçik qonaq evləri və mehmanxanalar ağzınacan dolmuşdu. Daş döşəməli dar küçələrdə vurnuxan əyalət sakinləri gecələmək üçün boş yer arayışında idi. Evlərin kirayə qiyməti ceyran belinə qalxmışdı, dəllallar taqətdən düşmüşdü. Müştərilərin sayı-hesabı yoxudu, sonda fahişəxanalar belə, müvəqqəti də olsa, gecələmə məkanına çevrildi.
Kilsə və monastırlar da o cümlədən.
Din və ibadət ayinləri qanundan kənar elan edildiyindən ibadətxanalar onsuz da bomboş və sahibsiz qalmışdı. Keşişlər və rahiblərsə lazımsız ünsür kimi ölkədən sürgün edilmişdi.
Hər gün paytaxtın dörd qala qapısından içəri girən minlərlə qonağı yerbəyer eləmək üçün cüzamlı və ruhi xəstələrin saxlanıldığı kral dövründən qalma yeganə ictimai xəstəxana da gözdən qaçırılmadı. Xəstələrin hamısını güllələdilər, – yenə də eyni əsasla – cəmiyyətin lazımsız, karagəlməz ünsürləri kimi.
Boş qalmış bina elə həmin gün səfil və əyyaş qaragüruhun ixtiyarına keçdi. Amma bu da günbəgün artan tələbatı ödəmək gücündə deyildi.
Bu arada İnqilab Şurası geniş əfv fərmanı çıxardı. Həbsxanaların böyük hissəsi boşaldı, yalnız ağır qətl törətmiş şəxslər məhbəsdə qaldı, nəhayət, çarəsizliyin son həddinə gəlib çıxdığını anlayan yeni hökumət heç vaxt islah olunmayacaq bu adamları edam eləməklə yükü çiyinlərindən atdı.
Beləliklə, kralın edamında iştirak etmək arzusunda olan qələbəliyin paytaxtda yerləşməsi üçün gen-bol məkan yarandı. Zarafat deyil, necə olmasa, həbsxananın altı min üç yüz yetmiş beş təkadamlıq, iki min altı yüz iyirmi üç ümumi kamerası vardı.

İşin tərs bir tərəfi də buydu ki, iki həftə sonra baş tutacaq edamda əcnəbi ölkələrin dövlət və hökumət başçıları da iştirak arzusu bildirmişdi. Həm də bu istək böyük mənada başa düşülən idi. Devrilmiş kralın 33 illik hakimiyyəti dönəmində qonşu ölkələrin hamısı ilə gərgin siyasi-diplomatik münasibətlər mövcud olmuş, dörd dövlətlə aparılan yüzillik müharibəyə isə yeni rejim güclə xitam vermişdi. Böyük güzəştlər müqabilində, əlbəttə.
Doğrudu, bir əsrə bərabər savaşların yalnız son otuz üç ilində hərbi əməliyyatlar aparılmışdı, qalan müddətsə soyuq müharibə şəraitində keçmişdi. Və keçmiş asilər – dörd dövlətin müdrik başçıları da, – elə digər yarıdost-yarıdüşmən xanədanlıqların kral, padşah, şahzadə, kansler, sədr-əzəm və səfirləri, bir sözlə, hamı kralı sadəcə bir yerdə görmüşdü: əsginasların üstündə.
Tanrının kərəminə şükür, bu hay-hayda Məğrib sultanlarından da biri qəfildən edam tamaşasında iştirakçı olmaq istədi. Qırx gözəldən ibarət hərəmxanası, bir yığın nökər-qaravaşı, kəniz, cariyə və nədiməsilə o, dəvəti gözləmədən ölkəyə ayaq basdı. İnqilab Şurası uzun götür-qoydan sonra kralın keçmiş sarayını onun öhdəsinə vermək istədi, lakin orda artıq ümumi xəstəxana yerləşdiyindən, xüsusən yatalaqlı, vəbalı və taunlu mərəzliləri nəzərə alaraq, belə qərara gəlindi ki, İfriqiyyəli bərbər şeyxinə, yəni Məğrib sultanına məiyyətilə birgə opera teatrının binasında iqamət versinlər. Və elə də oldu, sultan da, sayagəlməz hərəmləri də qərardan tam məmnun qaldı.

Həmin günlərdə qəlyanaltı yerləri və meyxanalarda iynə atsaydın yerə düşməzdi. Şərab çəlləkləri və qaxac ət ehtiyatı üç günə tükəndi. Əyalətdən qida məhsulları gətirən təchizatçılar ərzağı od qiymətinə satırdılar, çünki Əfrəngistanın öz ehtiyatları məhduddu. İxracatçılar dad edirdilər, xarici bazarda əsas ixrac məhsulu soğana tələbat bu il də azalmışdı. Tələbat demək olar ki, sıfır dərəcəsində idi. Çünki Urupada yeni tərəvəz növü özünə rəqib tanımırdı – göy sarımsaq.
Əfrəngistandan gətirilən soğan anbarlarda çürüyürdü, sarımsaq satıcıları isə qaz vurub qazan doldururdu. Aşpazlar yeni, ləziz tamlı bitkinin mətbəxdə, kulinariyada inqilab yaratdığını bəyan edir, qurmanlar – qarınqulular hamıya ağız dadını dəyişmək məsləhəti verir, təbiblər göy sarımsağın sağlamlığa faydasının altını cızır, ruhanilər mübarək bitki adının müqəddəs kitabda keçməsini xatırladırdı; bu arada cadugərlər və hər növdən olan murdar işlərə əl bulaşdıranlar bəd ruhları və cinləri qovmada sarımsağın ən məqbul vasitə, hətta sehrli iksir olması iddiasındaydılar.

Qıtlığını aradan qaldırmanın çarəsini tapmayan İnqilab Şurası adambaşı ərzaq payı sisteminə keçdi. Əyalətlərdə iğtişaş tozu qalxdı, keçmiş xanədanlıq tərəfdarları təhrikçi çıxışlarla bir para adamın beynini dumanlandıra bildi, amma Şura da vaxt itirmədi, dərhal kütləvi həbslərə göstəriş verildi, bir neçə fəal güllələndi və toz yatdı. Elə bil heç olmayıbmış.
Cəza kütləvi sakitləşdirici həb olsa da, əlavə tədbirlər görüldü. İnqilabi əzmin üstünü köhnə quruluşun məyusluq dumanı almasın deyə, xarici dövlətlərdən böyük borc alındı, yüksək faizlə, əlbəttə. Amma bu, kifayət deyildi. Əlavə mənbələr arandı. Və... Şuranın maliyyə komissarı insafsız sələm faizi və vaxt-vədə məsələsində borclulara əsla güzəştə getməyən yəhudi bankir İosif Navinin də qapısını döyməli oldu.
Xəsis, həris, fürsətçilliyini iki əsrdi itirməyən Navin nəslinin doxsan üç yaşlı nümayəndəsi bu dəfə də özünəsərfəli şərtlərlə borc verməyə razılaşdı.
Amma...
İşlərin hamar, nəzərdə tutulan niyyətlərə gedən yolun açıq olması təəssüratı edamdan iki gün əvvəl darmadağın oldu. İnqilabi Şuranın qapalı iclasına qəfil və təngnəfəs qatılan maliyyə komissarı bəd xəbəri elə ilk cümləsilə çatdırdı:
– İflas ərəfəsindəyik! Pul dəyərsizləşir, məzənnə quyunun dibinə düşür. Sərraflar dükanları qapadıb, artıq əsginaslarımızı dəyişməkdən imtina edirlər...
İnqilab Şurası fövqəladə tədbirlər haqda düşüncələrə qapılırkən, kreditor dövlətlər yeni şərtlər irəli sürdü. Günün sonuna sələmçi İosif Navinin təmsilçisi də iclasa təşrif gətirdi. Əlbəttə, borcun qaytarılmasına dair yeni şərtlərlə.

Edam günü hava tutqundu. Günəş boz-bulanıq buludlar arasından solğun şüalarını dünyaya səpələyirdi. Soyuq külək əsirdi. Amma hava qələbəliyin vecinə deyildi. Dar ağacından – şəhərin mərkəzi meydanından ta qala divarlarında bitən o biri ucunacan olan məkanı insan seli basmışdı. Hamı edamın şahidi olmaq istəyirdi, hamı kralı görmək istəyirdi. Heç olmazsa bircə kərə. Ölüm ayağında olsa belə. Axı hamı kralı sadəcə bir yerdə görmüşdü: əsginasların üstündə.
Ütüyə oxşar Divan binasının yanında toplaşmış qələbəliyin ön sırasını yaran edam dördbucaqlısında – taxta tikilinin üstündə üç cəllad dayanmışdı. Qurşağadək geyimli, bellərində enli qara kəmər, üzlərində niqab olan üç cəllad. Divan binasından bu dördbucaqlıya doğru uzanan, qalın dirəklər üstündə dayanan körpüdə qırx əsgər iki sıra düzülərək qarovul çəkirdi. Ümumi həyəcan böyüdükcə insanların yaddaşında köhnə günlərin acı xatirələri də bir-bir canlanırdı. Bu yerdə, bu məkanda neçə-neçə siyasi məhbusun başı bədənindən ayrılmış, ya da boynuna ilgək keçirilmişdi.
Ön sırada dayanmış şəhərin adlı-sanlı dəmirçisi Pommes de Terre dəhşət saçan xatirələri yaddaşında sıraladıqca ürpəndi. Divan qapısının açılmasını da ilk görən o idi.
– Kralı gətirirlər! – cəld qışqırdı.
Nəfəslər içəri çəkildi. Gözlərdə intizar odu parladı. Və budur bir cüt əsgər zabitlə birgə məhkumu çölə çıxardılar.
Bəstəboy, yox, yox, cırtdan boylu, keçəl, üzü tüksüz, qırışlarla dolu, uzun gecə köynəyində. Xırda addımlarla yeriyirdi. Ayaqlarındakı polad qandalları güclə sürüyərək. Qolları da qandallıydı. Qarşısında tutaraq, büzüşmüş-əyişmiş halda, başını aşağı endirərək yeriyirdi.
Dar ağacının yanında qarovul ayaq saxladı. Divan sədri hökmü elan eləmək üçün qələbəliyin sakitləşməsini gözləyirdi. Amma səs-küyün – hiddət, qəzəb və nifrətin qarışıq ifadəsi altında oxunmalı oldu hökm.
Nəhayət, sakitlik çökdü. Qəfil, izaholunmaz sükut. Və birdən, nagəhan kimsə qışqırdı.
– Bəs kral hanı? Edam olunan kimdir? Bu cırtdan?
Sual yerində verilmişdi. Ümumi anlaşılmazlığı, müəmma dolu baxışları, ürəklərdəki şübhəni ifadə edirdi. Kütlə dar ağacı qarşısında az qala ikiqat olmuş məhbusun kral olduğuna inanmırdı. Axı heç kim ömrü boyu kralı əyani, üzbəsurət, gözə-göz görməmişdi. Hamı kralı sadəcə bir yerdə görmüşdü: əsginasların üstündə. Bu cür zavallı, cılız görkəmli adam özünə nifrət, qəzəb, ikrah deyil, yalnız yazıqlıq, mərhəmət, şəfqət doğururdu.
Kütlə içində hərəkətlilik başlandı. Etiraz, sorğulama, narahatlıq.

Bu, həqiqətən kral idi. Kralın ta özü. O, anadangəlmə beləydi. Cırtdan doğulmuşdu, eybəcər, idbar, üstəlik, qoca.
Xanədanlığın son varisi dünyaya göz açarkən – qışqırıqsız, lal-dinməz, bircə səs çıxarmadan – ata-kral artıq ölmüşdü. Daha doğrusu, xain qəsdin qurbanı olmuşdu. Sui-qəsdin arxasında gənc kraliçanın durması şübhəsizdi. Təhrikçi də məlumdu – keçmiş baş nazir, indilərdə İnqilab Şurasının sədri.
Təbiblər doğuşun bu nəticəsinə heç cür izah verə bilmirdilər. Cırtdan boylu, üstəlik qoca çağa dünyada yalnız bir kərə – rəvayətə görə, üç yüz il əvvəl məhz Əfrəngistanda görünmüşdü və məhz hakim sülalədə – xanədan banisinin üç oğlundan (kralın nikahdankənar, bic övladı) biri, sonbeşik.
Bu nəydi, nəslin lənəti, Tanrının qəzəbi, – bilinmirdi.
Uzun sözün qısası, varisin doğuşu xalqa elan edilsə də, onu qara camaatın baxışlarından ciddi-cəhdlə gizlətdilər. Onu kral elan edib, naibliyi kraliçada saxladılar. Otuz üç illik hakimiyyətin iyirmi illik bölümünü ana-kraliça əyan-əşrəfin yardımıyla idarə etdi. Məmləkətin idarəçiliyindən başı az çıxan naibə-kraliça dövründə məiyyətin xəzinə oğurluğu xalqın səfalətiylə əkiz qardaş idi. Yalnız soğan ixracının çoxaldığı vaxtlar – son on üç ildə xalqın üzü azca güldü (Azca ha). Çünki dünya bazarında ona böyük tələbat vardı və soğan ticarəti yalnız Əfrəngistan əsginasıyla aparılırdı. Buna görə də milli valyutanın məzənnəsi yüksək idi.
Gənc kral (əgər ona gənc demək mümkündüsə) yalnız əsginaslardan xalqa tanış idi. Saray əhlinin tövsiyələri ilə uydurma timsal çəkilmişdi. Ucaboy, enlikürək, cəngavər görkəmli, sivri uclu bığları və uzun burnu ilə hətta evdar qadınların belə şeytana uya biləcəyi adamın görünüşüylə bəzənmiş əsginasları qatlamağa belə adamın ürəyi gəlmirdi. Tədavüldə gümüş və mis pullar da vardı, amma gündəlik alış-veriş, çoxillik sövdələşmə, bank əmanətlərində kağız pula üstünlük verilirdi; dövlət xəzinəsindən məvacib alan məmurlar da, gözü donluqda olan hərbçilər də, xarici bazarlara üz tutan ixracatçılar da kralın timsalı olan əsginasları barmaqlar arasındakı xışıltısından həzz alırdı.
Bu rifahdan qara camaata çatacaq pay az idi. Bir üzü kədərli, bir gözü yaşlı xalqın arada səbri daşırdı. Onda da... Qılınc və kökə – itaətin sınanmış vasitələri işə düşürdü!
Əfrəngistanda inqilabı zəruri edəcək durum dünya bazarında soğan qiymətlərinin enməsiylə yarandı. Yüzillik savaş aparan düşmən ölkələrdə daha güclü silah peyda olmuşdu – göy sarımsaq. Hərb meydanında üstünlük qazana bilməyən Dördlük bu tərəvəzlə Əfrəngistanın sabit iqtisadi təməlini laxlatdı.
Hə, göy sarımsaqla.
Onu uzun, inanılmaz macəralarla keçmiş dəniz səyahətindən bir səyyah gətirmişdi. Əsrarəngiz Sarıstandan qonşu Əntəristana, düşmən dövlətə. Kral üçün. Sovqat olaraq. Bahalı hədiyyə kimi. Əntəristan kralı göy sarımsağın dadına baxan kimi kəndlilərə bunu əkməyi əmr etdi. Əvvəlcə avam kəndlilərə hökmdarın bu buyruğu xoş gəlmədi. Amma sonra kral torpaqlarında əkilən göy sarımsaq dünya bazarında yerini möhkəmləndirdi və nadan kütlə səhvini başa düşdü. O vaxta artıq Əntəristan kralı göy sarımsağın əsas inhisarçısı oldu.
Tezliklə sərfəli patentlə bu tərəvəz müttəfiq ölkələrə də satıldı və müharibə aparan Dördlüyün səyləri bəhrəsini verdi: Əfrəngistanın xəzinəsi boşaldı, xalq yeni vergilərlə soğan kimi soyuldu.
Və bir gün...

...tufan qopdu – inqilab.
Hamının yalnız əsginaslardan tanıdığı kral həbs olundu. Əslində o, bütün otuz üç illik ömrünü həbsdə keçirmiş, yəni əsl məhbus həyatı yaşamışdı. Darısqal hücrədə. Qəsrin bu bölümünə kral hökumətinin keçmiş baş naziri (indi İnqilab Şurasının sədri) və (indi İnqilab Şurasında sədr müavinləri olan) iki əski əyandan başqa heç kim daxil ola bilməzdi.
Hə, daha bir adam da vardı. Kralın qozbel və xədim qulluqçusu. Onun yeganə sirdaşı və xəbərçisi. Amma o da gözlə gördüyün yox, qulaqla eşitdiyini çatdıra bilirdi ancaq. Çünki saraydan çölə çıxışı yox idi, saray daxilində də məhdud çevrədən kənara çıxa bilməzdi.
Hücrənin – qapalı dünyanın tutqun şüşəli, dəmir barmaqlıqlı pəncərəsindən böyük dünyanın kiçicik guşəsini görmək mümkündü – saray bağçası. Və bu məkanın qarışıq xoş qoxularına, rənglərinə, çalarlarına valeh olmuş kralın ağrılı ürəyinə yeganə məlhəm rəsm çəkmək imkanı idi. Hərdən qozbel, xədim nökəri də ona bağbanlardan xəlvət bəzi çiçəkləri qırıb gətirər, o da acgözlüklə qoxulayıb hücrəsindəki kitabların səhifələri arasına qoyardı.
Bəli, kralın dünyanı tanıma mənbəyi kitablar idi.
Bir ara qəzetlərə aludə oldu. Amma özünə gərəkli bilgiləri onlardan ala bilmədiyini görüb nökərinə hücrəsinə qəzet gətirməsini yasaqladı.
(Həm də qəzetlər haqsız iddialar sürür, ona olmazın təhqirlər yağdırırdı: "xəzinə oğrusu", "rüşvətxor", "maymaq", "eyş-işrət düşkünü", "şəhvətpərəst", "qumarbaz"...
Otuz üç yaşında gerçək, həqiqi varlığı, – həqiqi, ürəkaçmayan zahiri və sarsıntı, ürpərti, inciklik, qüssə və məyusluqla dolu daxili aləmiylə bütöv siması haqda kimsənin tamam-kamal bilgisi olmayan kral mücrüdə saxlanılan cövhərə bənzəyirdi. Tanrı bu bəndəsinin bütün qapılarını bağlamışdı, bircəsindən başqa – çox bilikliydi. Həndəsə, riyaziyyat, nəbatat, nücum və təbabətə dair ən qabaqcıl bilgilərə sahib idi. Kitablar sayəsində. Üstəlik, bəsirət gözü açılmışdı. Gələcəyi görürdü, ətrafında olub-bitənləri gerçək gözlə görmədən. Məmləkətin halından xəbərdardı. Kimin əli xəzinəyə uzanır, oğurlanan kimin cibinə enir, kim nahaqdan şərlənir, kimi layiq olmadığı şərəf pilləsinə qaldırılır… bəsirət gözüylə hər şeyi, hamını görürdü. Özü heç bir fərmana imza atmadığı halda xalqın ümumi qəzəbinə və lənətinə tuş gəlməsini də. Hətta aqibətini də yeganə həmdəmi qoca, – yaşlaşdığına, onun kimi qoca doğulduğuna görə deyil, – xədim nökərinə bir dəfə danışmışdı...
Və...
Beləcə, günlər ayları əvəzləyir, illər əsrin sobasında yanıb kül olurdu.

– Həqiqi kralı gətirin! O məlunu! Biz həqiqi kralın edamına şahid olmaq istəyirik!
Şəhər meydanına yığışmış izdiham aldandığını güman edirdi. İnqilab Şurası bu ehtimalı təxmin etməmişdi. Amma çarə çox tez tapıldı. Kral kimi haqqında eyni hökm çıxarılmış iki bacısı Divandan meydana gətirildi. Onların təsdiqləyici ifadələri ümumi heyrəti yalnız artırdı. Gözlər bərələ qalmışdı.
– Bu kraldı?
– Hə.
İzdihamın ön sırasından qopan gülüş dalğa kimi keçib getdi. Görünməz səs fırtına qopardı, sanki şəhərin bütün evləri təməlindən silkələndi və istehza dalğası qarşıdakı dəniz sahilinədək uzanaraq qabaran suları öz möhtəşəm gücüylə geriyə atdı.
Təxminən on dəqiqə. Bəlkə də bir az çox. Gülüş dalğası boğulandan dərhal sonra baqqal Petit le Haricot – o da dəmirçi Pommes de Terre kimi ön sıradaydı – bağırdı.
– Edam! Tələb edirik! Tez asın onu!!!
Kütlə ona qoşularaq hayqırtını təkrarladı.
– Məlun!
– Qansoran!
– Qatil!
Cəlladlar işlərinin icrasına başladı. Devrilmiş kralın gecə köynəyinin boynunu qayçıyla kəsdilər. Onu kətilə sarı sürüdülər. Boyu balaca olduğundan ikinci kətil gətirtdilər. Sonra üçüncünü. Yalnız bundan sonra cırtdan kralın başı ilgəklə eyni səviyyəyə çatdı. Nəhayət, ilgəyi onun boynuna keçirdilər. Daha sonra ayaqlarındakı və qollarındakı qandalları çıxardılar. Cırtdan boylu, qoca görkəmli kral başını astaca qaldırdı. Hətta hansısa anda dik dayandı. İçi boş gözlərini izdihama zillədi.
– Son sözünüzü varmı, əlahəzrət... e... vətəndaş Eşalot, – Divan sədri kəkələdi.
– Yox, – uzun sükutun ardınca güclə eşidildi. – Həyat bir qumardı, mən də onu dünyaya gəldiyim gündən uduzmuşdum.
Sayıbilinməz qələbəliyidən hiddət dalğası ucaldı:
– Bicbala!
– Binamus!
– Qumarbaz!
– Əyyaş!
"Kasıbın son quruşunu qənimət sayan əclaf!" – son sözü dəmirçi Pommes de Terre dedi və krala sarı tüpürdü. Bunun ardınca qələbəliyin ön sıralarında duranların hamısı edamını gözləyən keçmiş hökmdara sarı əlinə keçən nə vardısa tulladı. Əsgərlərin havaya açdığı atəşlə kütləni bir təhər sakitləşdirmək mümkün oldu.
Nəhayət, təbillər çalındı. Sanki beyinlər döyəclənirdi. İlgək – dünyaya son pəncərə sıx dartıldı. Cəlladlardan biri üst-üstə yığılmış üç kətilə təpik vurdu.
Cırtdan adam əvvəlcə çığırdı. Dünyaya gələrkən bütün insanların çığırdığı kimi. Sonra xırıltı. Və iki gözdən süzülən göz yaşı. Qan rəngində.
Meydanda sevinc uğultusu qopdu. Dar ağacına sarı sıçramaq, cəsədi döyəcləmək, üstünə tüpürmək istəyən qələbəliyin qarşısını almaqda əsgərlər aciz idi...

Gecənin bağrının yaran araba cırıltısı. Daş döşənmiş kimsəsiz küçələrdən keçərək o, uzaq qəbiristanlığa yol almışdı. Arabaçı hərdən bir şərab şüşəsini başına çəkir, dodaqaltı mızıldanaraq atları tələsdirirdi.
Arabada köhnə cır-cunaya bükülü cəsəd vardı. Ölçüsünə əsasən onun uşaq olduğunu güman etmək olardı. Yalnız yeni hökumətdəki inqilabçılar və Tanrı bilirdi ki, bu dünən edam olunan kraldır.

Səhər arabanın getdiyi dar, daş döşənmiş küçələr (elə digər enli-ensiz yollar da) əsginaslarla doluydu. Sanki göydən kağız pul yağmışdı. Bu zibil qalağı, hə, məhz zibil qalağı Əfrəngistanda baş vermiş misilsiz hadisənin sübutu, daha doğrusu, tarixin istehzasıydı: dövlət çökmüşdü – dövlət müflis olmuşdu. İflasın eşiyində ikən bütün təqsirlər keçmiş kralın yanlış idarəçiliyinə və əxlaqsızlığına yüklənirdi, iflasdan sonra da bunu keçmiş kralın öncədən hazırladığı qəsd kimi təqdim etdilər.
Elə həmin an dəmirçi Pommes de Terre də bütün diqqətini baqqal Petit le Haricotun "Le absurdite" qəzetindən oxuduğu baş məqalədəki iddialara cəmləyərək tez-tez mütaliəni yarımçıq qoyur və aqibətin necə olacağına dair qonşusunun rəyini soruşurdu.
– Mən nə bilim, Tanrı xeyrə calasın!
Yanlarından bir uşaq qaçaraq keçdi. Ovuclarında bir topa əsginas vardı. O biri dəcəl həmyaşıdları kimi yerdən yığmışdı.
– Ata, olar bunları özümdə saxlayım? – deyə o, valideyninə baxdı.
– Evə zibil gətirmə! – baqqal yekə qarnını qaşıyaraq deyindi.
– Uşaqla işin olmasın. – dəmirçi qonşusunun qolundan yapışdı. – Qoy o kağız pullarla evdə də oynasın. Həm də kim bilir, bəlkə də haçansa o əsginaslar bir daha dəyərə mindi. – Sonra fikrə getdi və azca susub əlavə elədi. – Ya da gələcək nəsillərə zəmanəmiz haqda ən dürüst arayış olar. – Üzündə istehzalı təbəssüm vardı. – Onda deyəcəklər: hamı kralı sadəcə bir yerdə görmüşdü: əsginasların üstündə.