Ceyhun Musaoğlu Ceyhun Musaoğlu

Bizim televiziya - Təbrik yazısı

Ceyhun Musaoğlu


Yaranma zərurəti ortaya çıxanda bizim olsun deyə, adını İctimai qoyduq. Əlbəttə ona adı biz verdik, o da adını doğrultmaq öhdəliyi götürdü. Bacardı. Ekran qarşısında oturub, televiziyalardan daha gözəl verilişlər, operativ xəbərlər tələb etmək asandır. Televiziyaları qınamaq, ironiya dolu fikirlər səsləndirmək ondan da asandır. Televiziya yaratmaq və onu idarə etmək isə tək dillə mümkün olmur. Bunun üçün peşəkarlıq və ürək lazımdır.

İctimai Televizya bütün çalarları ilə bizimdir. Qapısından içəri daxil oldun, özünü sərbəst və azad hiss edirsən. Son ana - verilişin start düyməsi basılana qədər qonağın irad və təkliflərini dinləyən, onların həyata keçməsinə can atan televiziyanın adı tam başqa olsaydı belə, ona İctimai demək lazım idi.
Hər dəfə veriliş bitəndə aparıcısına deyirəm: "Sizinlə danışmaq gözəldir - müsahibin sözünü kəsmirsiniz, əsl jurnalist kimi fikirlərimi deməyə körpü olursunuz, mövzunu ən azı mənim qədər öyrənib, verilişə başlayırsınız". Bir jurnalistə deyiləcək ən yaxşı sözlər... Mən bu sözləri İTV-dəki hər jurnalistə deyirəm.

İTV-ni dostum və istedadlı həmkarım Nicat Qafuroğlu ilə tanıdım. Yeni fəaliyyətə başlayanda Nicat bəy işə qəbul olundu və hər görüşümüzdə televiziyada cərəyan edən uğurlu proseslərdən danışıb bizi sevindirdi. Anar Yusifoğlunun adını xüsusi çəkməyi özümə borc bilirəm. Ən çətini siyasəti düzgün istiqamətləndirməkdir. Anar bəy qatı müxalifətlə qatı iqtidar nümayəndəsinin debatında elə balans qurur ki, loqosuna baxmadan bu televiziyanın İTV olduğunu bilirəm. Vəsilə Zeynalovanın hər şeydə ortaq məxrəc axtarmasının fəlsəfəsində ictimai düşüncə dayanırdı. Bəs necə, bir-birimizdən nə yuxarı çıxmağımız düzdür, nə aşağı enməyimiz. Eyni adamlar olmalıyıq. Mənim fikrim sənin həqiqətinə qədər aktualdır. Sənin həqiqətin isə mənim fikrimin başqa ifadələrlə də olsa davamıdır. "Ortaq məxrəc" məhz bu həqiqəti ortaya qoyur. Məkanın İTV-dirsə, sən ancaq ortaq nöqtə tapmalısan.
Sonralar Rauf Rəcəbovu tanıdım. "Yeni gün" onun rəhbərliyində həmişə təzədir. Rauf bəylə dostluğumdan fəxr duyuram. Mənə elə gəlir ki, İTV-də tanımadığım adamlar da Rauf Rəcəbov kimidir - səmimi, gülərüz, insan sevgisi ilə dolu.

İTV-nin operatorlarını, sürücülərini, texniki heyətin əksər əməkdaşlarını yaxşı tanıyıram. Verilişlərə dəvət olunanda binaya daxil olmamışdan onlarla görüşmək, söhbətləşmək çox xoşdur. Öz məhəlləmdir axı. Sevinci də mənimdir, şəri də.
İTV-nin baş direktoru Cəmil Quliyev barədə deyəcəyim nə qədər yaxşı söz varsa, o sözlər həm də düşündüklərimdir. Demirəm, çünki hamısını bilirsiniz. Cəmil müəllimin mədəniyyəti bütün kanala sirayət edib.

Bu yazı təbrik üçündür. İTV-nin 10 ili bizimlə keçib. Necəyiksə onu da göstərib. Bir yerdə olmuşuq. Hələ uzun illər bir yerdə xeyli məsafə qət edəcəyik. Kanalın bütün əməkdaşlarını təbrik edirəm. Bizim olduqlarına görə, özlərini bizdən ayırmadıqlarına görə var olsunlar. İctimai televiziyası olmaq müstəqilliyin möhürüdür. Qoy bu möhürün izi tarixdən heç vaxt silinməsin.