İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yaranmasından 10 il ötür. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yaranmasından 10 il ötür.

İTV 10 ildə nə qədər ictimailəşdi? (Sorğu)

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yaranmasından 10 il ötür.


Şirkət "İctimai televiziya və radio yayımı haqqında" qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb. Efirdə olduğu müddətdə İTV saysız-hesabsız layihələrlə yadda qalıb.

Bəs, İTV ötən 10 il ərzində nə qədər ictimailəşib?

AzNews.az bununla bağlı millət vəkilləri, televiziya mütəxəsisləri və media işçiləri arasında sorğu keçirib.



Millət vəkili Zahid Oruc İctimai Televiziyanın fəaliyyətini yüksək qiymətləndirir: "İTV Azərbaycan insanını yeni mənəvi, ədəbi, siyasi düşüncədə formalaşmağa dəvət edən ən yaxşı KİV-lərdən biridir. Millətin simasını onun aparıcı media quruluşları müəyyən edir. O üzdən ötən dövr ərzində burada özünə meydan tapan verilişlər sadəcə bir ekran layihəsi deyil, həm də kütləvi fikrə təsir edir, ona yön verir və bəlli reaksiyalar doğurur. İTV dövlətçilik kursunu rəhbər tutan,milli həyata yaxından bağlı olan kanaldır".



Millət vəkili Fazil Mustafa bu televiziyanın milli-mənəvi dəyərləri daha çox təbliğ etdiyini düşünür: "Ümumilikdə isə bu televiziyanın fəaliyyətini müsbət qiymətləndirirəm".


Teleaparıcı və tənqidçi Qulu Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda İctimai Televiziya adlı mətbu orqan demokratik inkişaf yolu seçdiyini bəyan etmiş bir cəmiyyət üçün hava və su tək lazımdır: "Bizim kimi cəmiyyətlərdə ictimai yayım ona görə vacib sayılır ki, demokratik dəyərləri yaysın, söz və fikir azadlığını, plüralizmi-fikir müxtəlifliyini, tolerantlığı, əks fikrə dözümlüyü, fərqli düşüncəni, diskussiya mədəniyyətini inkişaf etdirsin. Bax bu prizmadan yanaşanda İTV-nin axsaması göz qabağındadır. Amma başqa telekanallarla müqayisədə onun bəzi üstünlükləri var, yəni müəyyən bir peşəkarlıq səviyyəsi, təqdimatlarda fərqlilik, müəllif və aparıcı işində, ümumiyyətlə davranışlarda ölçülərin gözlənilməsi, əxlaqi çərçivə və auditoriyaya hörmət duyulur.

Təssüf ki, verilişlərdə cəmiyyəti maraqlandıran aktual mövzular bəzən diqqətdən kənarda qalır, ictimai maraqlar önə çəkilmir, təbliğat materiallarının xüsusi çəkisi yenə də çoxdur. Tənqid, demək olar ki, yoxa çıxıb, xəbər süjetlərində və diskussiya proqramlarında balans bir qayda olaraq pozulur, efiri eyni adamlar zəbt edib, İTV ekranından alternativ fikir demək olar ki, səslənmir. Əlbəttə, mən bəzi məhdudiyyətlərin cəmiyyətin özündən irəli gələn çətinliklərlə bağlı olduğunu anlayıram, amma qanunla ictimai yayıma verilən tələblərin bir qisminin yerinə yetirilməsinin mümkünlüyünə də inanıram".



Qulu Məhərrəmli İTV-nin fəaliyyətinin keçmiş sədr İsmayıl Ömərovla bağlı hissəsinə də toxunub: "Ədalət naminə deməliyəm ki, onun dövründə kanal, bir çox nöqsanları ilə yanaşı, daha dinamik, yeniliyə meyilli, daha məzmunlu və rəngarəng idi. Bir çox aparıcıların, o cümlədən Leyla Əliyeva və Hüsniyyə Məhərrəmova kimi parlaq aparıcıların getməsi də telekanalı solğunlaşdırıb".



Musavat qəzetinin redaktoru Xalid Kazımlı İctimai Televiyanı AzTV-yə bənzədib: "Yeni yarananda xalq arasında ona böyük ümid var idi. Müəyyən pozitiv layihələri də vardı. Amma sonradan elə oldu ki, o, AzTV-yə oxşamağa başladı və hazırda o biri televiziyalardan o qədər də fərqlənmir. Görünür, imkan vermirlər. Bəlli bir qəlibin içinə salıblar, deyirlər, belə işləməlisiniz, vəssalam.

3 ildir ki, İctimai TV-yə 10 dəqiqə belə baxmamışam".



"Azadinform" informasiya agetliyinin baş redaktoru Niyaz Niftiyev deyir ki, İTV cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən, tamaşaçıya və dinləyiciyə, yalnız, həqiqəti çatdıran, vətəndaş cəmiyyətinin formalaşmasına və siyasi plüralizmə əsaslanan kütləvi informasiya vasitəsidir: "İctimai Televiziya yaranan gündən sözünü, fikrini çatdırmaq istəyində olan hər bir kəs üçün açıq olub. Mənim üçün daha maraqlısı isə İTV-nin milli məsələlərə yanaşma tərzidir. Digər TV-lərdən fərqli olaraq ölkə teleməkanında ilk dəfə məhz İTV Azərbaycan dövlətinin demokratik və tolerant siyasətinin ictimailəşdirib, ölkədə yaşayan xalqların və etnik qrupların maddi mədəniyyət nümunələrini, milli məişətini geniş ictimaiyyətə çatdırıb. "Yeni Gün" səhər proqramında hər gün saat 9.50-də ölkəmizdə yaşayan müxtəlif xalqların dillərində mahnı çələngi təqdim edilir. Şirkətin "Çarçıfilm" Departamentinin əməkdaşları demək olar ki, hər ay azsaylı xalqların həyatı, mədəniyyəti və məişəti mövzusunda filmlər hazırlayır, tamaşaçılara təqdim edirlər. İTV əməkdaşlarını 10 illik yubileyləri münasibəti ilə təbrik edir, fəaliyyətlərində yeni-yeni yaradıcılıq uğurları arzulayıram".



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu İTV-ni öz fəaliyyətində ictimai düşüncəni əsas götürdüyünü deyir: "Kənardan heç nə dəqiq görünmür. İTV-nin içərisinə daxil olun, onda hər şey aydınlanacaq. Bu televiziyanın birinci şəxsindən tutmuş hər bir əməkdaşı məhz ictimai düşüncəni əsas götürür. Qonaqlarla münasibətdə, verilişlərin formatında, aparıcıların suallarında olan bütün aspektlər məhz ictimai fikrə söykənir. Belə televiziyanı hər gün təbrik etmək lazımdır. Şounun başımızı çatlatdığı vaxtda üzümüzü tutacağımız cəmi 3 kanal var, elə onun birincisi İTV-dir. İTV bizim kanaldır. Mən bizi təbrik edirəm ki, 10 yaşlı İTV-miz var".



Bahar RÜSTƏMLİ
AzNews.az