Elşad PAŞASOY Elşad PAŞASOY

Şuşanın dağları başı tumanlı...

Elşad PAŞASOY


Ledi Qaqa lüt-madər camaatımızın qarşısında şıllaq atan gün Şuşada, Cıdır düzündə moda festivalı keçirilib. Rusiyalı iş adamı German Sterliqovun arvadı Alyonanın keçirdiyi həmin tədbirdə yerli sakinlərlə yanaşı, turistlər də iştirak edib.

Yəqin bunu oxuyub da bir məşhur tamaşada olduğutək "hə, nə olsun" deyəcəksiniz. Məsələ burasındadır ki, bizim "nə olsun" deyib üstündən keçdiyimiz məsələlər ermənilər üçün kifayət qədər əhəmiyyətlidir. Necə ki, vaxtilə "erməni qələt edir " deyib, çox şeyə boş verdik, nəticə bəlli...

Budur, İnterpol bu rus dəyyusun axtarışını dayandırdı, rəsmi Bakı isə məsələnin üstündən sükutla keçdi. Şuşada "Rusiya-Qarabağ Ticarət evini" təsis edən Sterliqovun arvadı isə xariciləri və erməni axçilərini başına yığıb Şuşanın dumanlı dağlarında tumanlı arvadların sərgisini keçirir, əri də at yarışına hazırlaşır. Yəqin ki, elə bizim acığımıza. Axı, bizimşün Cıdır düzü çox müqəddəs bir yerdir. O məkana ayağı dəyməyən azərbaycanlı belə Cıdır düzü adı gələndə qeyri-ixtiyari haldan-hala düşür. Təbii ki, damarlarında qanı cuşa gəlirsə...
Bəzi dostlarımız deyir ki, o boyda Qarabağın işğalı ilə müqayisədə bir rus fermerinin Şuşaya gəlməsi, orda tumanlı axçiləri başına yığması boş şeydir. Bəlkə də. Amma təkcə bu olsaydı, nə vardı ki.

Ötən həftə xəbər yayıldı: ermənilər işğal olunmuş Ağdərə rayonun Vəng kəndində tikdikləri hərbi akademiyanın tikintisini dayandırıblar. Akademiyanın tikintisini erməni iş adamı, Dağlıq Qarabağdakı separatçı rejimin himayəçilərindən sayılan Levon Ayrapetyan maliyyələşdirirdi. Bu lənətə gəlmiş erməni Moskvada "Başneft" işi üzrə saxlanılan, çirkli pulların yuyulmasında, maliyyə fırıldaqlarında ittiham olunurdu, sonradan ev dustaqlığına buraxıldı. Bununla işimiz yox, ancaq əgər ermənilər Ağdərədə Hərbi Akademiya belə tikirlərsə, deməli, ATƏT-matətin nağılları sadəcə bizi yuxuya vermək üçündür, düşmən öz işindədir. Tahir Kərimlinin ATƏT haqdı yaxşı bir sözü var idi: "Bu AT bu ƏT-i yeməyəcək".

Elə üç gün əvvəl amerikalı həmsədr Bakı və İrəvanı sülh barədə öhdəlik götürməyə çağırdı. İşğal edənə güldən artıq söz deyilmədiyi halda, şübhə yox ki, erməni daha da harınlayacaq, festival da keçirəcək, torpağımızda at da çapacaq.

...Təkcə at çapmırlar. İndi də işğal altındakı Xocavənd ərazisindəki Azıx mağarasında arxeoloji qazıntı işləri aparırlar. Bəlli olub ki, Ermənistan Azıxdakı qazıntılara beynəlxalq arxeoloqlar qrupunu dəvət edib. Siyahıda Ermənistanla yanaşı, İngiltərə, İrlandiya və İspaniya alimlərinin adları var. Beynəlxalq tədqiqatçılar qrupuna İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo və Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan başçılığı edirlər. (Modern.az)

1968-ci ildə daş dövrünə aid insanın çənə sümüyünün tapıldığı bu qədim yaşayış məskənindən tapılan növbəti eksponatları ermənilər dünyaya "qədim hayların tarixi nümunələri kimi" çıxaracaqlar, bu yerlərin gerçək sahiblərinin goruna söyə-söyə. Ağrılıdır, deyilmi? Bəlkə yenə də "hə, nə olsun" deyənlərimiz var...

Bütün bunlara yerindəcə reaksiya vermək, ciddi şəkildə hərəkətə keçib düşmənin və himayədarlarının təxribatlarını durdurmaq əvəzinə, özümüzə yeni problemlər yaradırıq. Necə ki, Henrix Mxitaryanın Azərbaycana buraxılmaması barədə müzakirələr aparılır. Bu, Henrix ermənidir, Borussia Dortmund komandasının oyunçusudur.

"Qəbələ" komandası ilə Avroliqanın növbəti oyununda oynamaq üçün ölkəmizə gələcək. Məlumata görə, o, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edib, amma adı "qara siyahı"da yoxdur. Oktyabrın 22-də keçiriləcək oyuna bu erməni oyunçu buraxılmasa, Azərbaycana qarşı növbəti hücum kampaniyası başladıla bilər, bu dəfə futbol sahəsində. Onsuz da Azərbaycan hansı sahədə bir addım irəli atırsa, dərhal o istiqamətdən basqıya məruz qalır. Ötən il "Qarabağ"ın Avrokuboklarda yolunu kəsmədilərmi? Kəsəsi, biz daha vacib işlərlə məşğul olmalıyıq.

Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri azərbaycanlı Dilqəm Əsgərov qardaşının məktubuna cavab yazıb. Sahib Musayevin "niyə axsayırsan" sualına cavabında Dilqəm "təki qeyrətimiz axsamasın!" yazıb. Dilqəm və Şahbaz 1 il iki aydır Şuşa türməsində saxlanılır. Dağlarıın başında tumanlı sərgi keçirilən Şuşada...

(musavat.com)