Nəqliyyat Departamentinin işçiləri ilə sürücülər arasındakı dava-dalaşlar barədə çox yazmışıq. Nəqliyyat Departamentinin işçiləri ilə sürücülər arasındakı dava-dalaşlar barədə çox yazmışıq.

Nəqliyyat departamentinin işçiləri bu dəfə jurnalistlə dalaşdı

Nəqliyyat Departamentinin işçiləri ilə sürücülər arasındakı dava-dalaşlar barədə çox yazmışıq.


Bu dəfə isə dava departamentin əməkdaşları ilə sərnişinlər arasında yaşanıb.

AzNews.az xəbər verir ki, qaziler.az saytının əməkdaşı davaya şahidlik edib, daha doğrusu iştirakçısına çevrilib. Saytın əməkdaşı Sevda Əsgərova departamentin əməkdaşlarının sərnişinlərlə kobud rəftarını qələmə alıb. Həmin yazını təqdim edirik:

"Hər gün işə 96 saylı avtobus marşrutu ilə gedib-gəlirəm. Hər dəfə də avtobusun son dayanacağı olan "Beş mərtəbə" kimi tanınan ərazidən avtobusa minib-düşdüyüm üçün müəyyən problemlərin olduğunu görürəm. Əhəmiyyət verməyib "düzələr" deyə fikirləşib keçib gedirdim. Çox vaxt oradakı avtobus sürücüləri ilə Nəqliyyat Departamenti əməkdaşları arasındakı mübahisəni eşitməmək üçün qulaqlarıma qulaqcıq taxıb radio dinləyərək işə gəlirdim. Bu gün isə belə olmadı.

Avtobus dayanacağına gəlib 96 saylı marşrutun orada durduğunu görüb minmək istədim. İçəridə sürücüdən başqa 5 nəfər də Nəqliyyat Departamentinin əməkdaşı var idi. Bu avtobusa minməyin, bundan sonrakına minərsiz" – deyib sərnişinlərə heç bir səbəb göstərmədən avtobusa minməyi qadağan etdilər. Növbəti avtobus gəldi. Mindik. Bu dəfə də avtobusun sürücüsünə sürmək qadağan edildi. Avtobusda sərnişinlərin gözlədiklərini qəti nəzərə almayan departament əməkdaşları sürücülərlə istədikləri kimi rəftar edirlər. Dəfələrlə onların kobudluğu, sürücüləri döymələri haqda yazılıb, videogörüntülər çəkilib yayılıb. Bir sözlə, indi də "Beşmərtəbə" deyilən ərazidə onlar at oynadırlar. 7-8 nəfər departament əməkdaşı orada qoluzorlu kimi var-gəl edirlər. Sərnişinləri heç adam yerinə qoymurlar. Nə isə, avtobusda oturub gözləyirik, sürücünü buraxmamaqları bir yana gəlib üzrxahlıq da etmirlər ki, sərnişinləri gözlədirik.

Sonda sərnişinlər dilləndilər. Sürücünü çağırdıq ki, gəl sür gedək, işə gecikirik. Tez departament əməkdaşlarından biri "Sərnişin, otur yerinə" - deyib üstümüzə bağırır. Deyəsən, sərnişinləri də sürücü gözündə görürlər. Mədəniyyətdən kənar, camaatın üstünə qışqıran departament əməkdaşına Nəqliyyat Nazirliyinə zəng edəcəyimi bildirirəm. "Pah, buna bax, nazirə zəng edənə bax". "Get kimə zəng edirsən, elə, biz nazir – zad hərləmirik" - deyib avtobusa cumur. Əl-qolunu ölçə-ölçə mənə avtobusdan düşməyimi əmr edir. "Deyəsən, hamını sürücü gözündə görürsüz eee siz, 5 nəfər tökülürsüz bir nəfərin üstünə. İndi də sərnişinlərə cumursunuz. Sən məni avtobusdan düşürə bilməzsən!" – deyib onun cavabını verirəm. Camaat yer-yerdən departament əməkdaşına dillənir. Ən qəribəsi də onun "Sən kimə xidmət edirsən?" sualı idi. "Mən dövlətimə, prezidentimə xidmət edirəm, sənin kimlərə xidmət etdiyin məlum deyil" – deyib cavabını verirəm. Nəhayət, sərnişinlərin müdaxiləsindən, dava-qırğınından sonra sürücünü avtobusu idarə etməyə buraxırlar, amma hamı büsbütün əsəb içindədir.Təsəvvür edin ki, xoş əhval-ruhiyyə ilə evdən çıxıb yeni yaradıcılıq həvəsi ilə işə tələsirsən. Bu tərəfdən bu tipli adamlar çıxıb avtobusun hərəkət xəttinə mane olur, sərnişin və sürücülərlə mübahisə edir, həm sürücünün, həm sərnişinlərin əsəbləri ilə oynayırlar. Onların özünü aparmasına baxanda adam dəhşətə gəlir. Nə qədər yekəxana, özlərindən razıdırlar, ilahi.

Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinə nə qədər zəng etsək də, telefon daimi məşğul oldu. Onlayn müraciət edərək özlərini apara bilməyən, davranış etikasından çox-çox kənar bu departament əməkdaşları haqda ölçü götürülməsini bildirdik. O günü gözləyirik..."