MASALLININ TURİZM MƏRKƏZLƏRİNİN REAL DURUMU BARƏSİNDƏ FAKTLAR MASALLININ TURİZM MƏRKƏZLƏRİNİN REAL DURUMU BARƏSİNDƏ FAKTLAR

Zibil içində “istirahət” və ya üfunət qoxuyan turizmimiz - FOTOLAR

MASALLININ TURİZM MƏRKƏZLƏRİNİN REAL DURUMU BARƏSİNDƏ FAKTLAR

Hazırda Azərbaycanda turizmin inkişafı ilə bağlı davamlı inkişaf tədbirləri həyata keçirilir. Bakıda və bölgələrdə ən müasir standartlara cavab verən dəbdəbəli hotellər, istirahət mərkəzləri fəaliyyət göstərir, yeniləri tikilərək istifadəyə verilir. Bir sözlə, ölkədə müasir turizm infrastrukturunun formalaşdırılması üçün davamlı və məqsədyönlü tədbirlər həyata keçirilir. Bununla belə, turizmin rentabelliyinin artırılması və daha çox gəlir qazandırması, xüsusilə yeni dövrün əsas tələbləri sırasındadır. Neftsiz iqtisadiyyatın və qeyri-neft sektorunun inkişaf etdirilməsi müzakirə ediləndə, təsadüfi deyil ki, turizm ilk ağla gələnlər sırasındadır. Bu baxımdan Azərbaycanda turizm sahəsində əldə edilən nailiyyətlərlə yanaşı, hələ görülməli çox işlər var. Ona görə də kütləvi informasiya vasitələrinin turizmlə bağlı mövzulara daha çox diqqət ayırması məqsədəuyğun olardı.

Qeyd edək ki, bu baxımdan bölgələrimizə səfər edərkən, turizmlə bağlı məsələləri işıqlandırmağa çalışırıq. Bu dəfə Masallıda olarkən, rayonun turizmlə bağlı vəziyyəti, potensialı ilə bir daha tanış olduq. Bununla bağlı müşahidələrimizi və təəssüratlarımızı oxucularla bölüşürük.




Masallı əsasən, dağlar qoynunda və ya dağətəyi ərazidə yerləşən turizm mərkəzləri və sanatoriyaları ilə məşhurdur. Masallı, orijinal cənub mərbəxi və folklorunu, həmçinin sitrus meyvələri yetişdirilməsi və rütubətli subtropik iqlimi özündə ehtiva etməklə yanaşı, digər turistik üstünlüklərə də malikdir. Xüsusilə, meşəli dağlıq ərazilərdə yerləşən Masallı termal suyu müalicəvi xüsusiyyəti və göstəriciləri ilə diqqətəlayiqdir.

Burada təbii halda yerin dibindən çıxan termal suyun tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından çıxan, 60 dərəcədən də yüksək hərarətə malik termal su, yaxud yerlilərin adlandırdığı kimi, "isti su" çox yaxşı müalicəvi xüsusiyyətə malikdir.

Niyə bölgələrdəki turizm mərkəzləri xarici turist cəlb edə bilmir?

Bununla belə, müşahidə etdik ki, hələ də rayonun turizm potensialından yalnız məhəlli səviyyədə istifadə olunur.

Müşahidələrimizə əsasən, burada əsasən, Masallıdan və digər yaxın rayonlardan olan insanların istirahət etdiklərini və ya termal sudan şəfa tapmağa çalışdıqlarını müəyyənləşdirdik. Bununla bağlı bildirmək yerinə düşər ki, ümumiyyətlə, ingiliscə Azərbaycanın konkret turizm bölgələri ilə bağlı müfəssəl informasiya verən internet resursları, saytlar demək olar ki yox səviyyəsindədir. Məsələn, may ayında – ilk Avropa Oyunları ərəfəsində Azərbaycanı təqdim edən internet resurslarımızla bağlı kiçik bir monitorinq aparmışdıq. Bu monitorinq yeni medianı sosioloji baxımdan tədqiq edən bəndəniz tərəfindən, şəxsi təşəbbüslə aparılmışdı. Bu zaman aşkara çıxarmışdıq ki, turizmlə bağlı saytların çoxu bərbad gündədir və onların ingilisdilli oxucular üçün informasiya mənbəyi olmaqda bir sıra çatışmazlıqları var. Adlar, yerlər və sair barədə çaşqınlıqlar və qeyri-dəqiqliklər var. Onu da aşkara çıxarmışdıq ki, ölkədə avtobus terminalı barədə ingiliscə veb-sayt yoxdur ki, bundan da xarici və ya ingilisdilli turistlər şikayət edirlər. Bu cür faktlar da Azərbaycanın turizm bölgələrinin xaricilərə tanıdılmasında maneçilik yaradan hallardandır. Həmçinin, Azərbaycanın turizm bölgələrinə aid digər reklam vasitələrindən yararlanmanı da gücləndirmək lazımdır.

Azərbaycanda hələ sovet dövründə bütün SSRİ respublikalarında yaxşı tanınan kurortlar olub. Azərbaycanda turizmin vacib sahələrindən olan sağlamlıq turizmi və termal turizmin inkişaf etdirilməsi üçün ölkə başçısının xüsusi sərəncamları olub, kurortların inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Bütün bunlarla yanaşı, qeyd edilən halların aradan qaldırılması da vacibdir.



Qayıdaq Masallıya. Yuxarıda qeyd edilənlərdən əlavə, Masallının turizm mərkəzlərində kotteclərin qiyməti də yüksəkdir. Məsələn, bir kottecin bir günlük qiyməti 50 manat civarındadır. Turistlər çox olan vaxtlarda, bu qiymət, hətta,60-70 manata qalxıb. Bunu bizə orada turizm üzrə sahibkarlar bildirdilər. Amma qeyd edək ki, bu yay Masallıda yerli turistlərin sayında da çox ciddi azalma müşahidə olunurdu. Sahibkarlar və yerlilərlə söhbətdən də bəlli oldu ki, rayona gələn turistlərin sayı dəfələrlə azalıb. Dağətəyi turizm mərkəzlərindəki kotteclərin çoxunu boş gördük. Bununla belə, onların kirayə qiymətlərində və ya yeməkxanalardakı qiymətlərdə qiymət endirimi müşahidə edilmirdi. Halbuki ölkə Prezidenti bu məsələyə dəfələrlə sərt mövqeyini bildirib. Məsələn, Prezident Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəsində bu mövzuya toxunmuşdu:

"Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir".

Xüsusilə qeyd etmək lazımdır ki, oradakı turizm mərkəzlərində yemək qiymətlərinin bahalığı, həm də menyunun yeknəsəqliyi diqqət çəkirdi. Həmçinin meşəli dağlıq ərazidəki bir sıra turizm mərkəzlərində kotteclərin bir-birilərindən çox aralı olması, bununla belə, onların təhlükəsizlik baxımından heç olmasa, hasarla əhatəyə alınmaması və kotteclərlə bağlı mühafizə, təhlükəsizlik işinin düzgün qurulmaması da çatışmazlıq kimi qeyd oluna bilər.

Turizm məkanları zibilliklə doludur

Masallının turizm məkanları ilə bağlı ən ağrılı məsələ isə oraların zibilliklərlə dolmasıdır. Ümumiyyətlə, etiraf etməliyik ki, cəmiyyətimizin təbiət ərazilərində təmizliyə riayət etmə mədəniyyəti aşağıdır. Məsələn, az öncə Göygölə girişə icazə veriləndən sonra oranın insanlarımız tərəfindən zibilləndirilməsi faktını qeyd edək. Eləcə də Masallının turizm mərkəzlərində və təbiət ərazilərində dəhşətli səviyyədə zibillənmənin şahidi olduq. Bununla bağlı bizim foto-faktlar da çox şeyi deyir. Məsələ burasındadır ki, insanların turizm ərazilərini zibilləndirməsindən əlavə, turizm mərkəzlərinin, rayondakı müvafiq qurumların zibilliklərlə bağlı heç bir təmizlik konsepsiyası yoxdur. Belə ki, turizm mərkəzlərində zibillər yığılaraq bir yerə qalanır, "şər qarışanda" isə gizlicə bir şəkildə hansısa dərəyə və ya birbaşa çaya boşaldılır. Bu isə çox dəhşətli mənzərə yaradır. Oralarda turizm mərkəzindən azca aralı hər hansı təbii əraziyə gəzintiyə çıxanda görmək olur ki, bu cür zibil "vadiləri" çox ikrah doğurur və təbiətin varlığını təhdid edir. On illərdir, bu yerlərin turizm məkanı kimi bu cür istifadə edlməsi və zibillə "istismarı" məsələsində heç nə dəyişməyib. Əksinə, buradakı zibilliklərin sayı və miqyası daha da kütləviləşib. Daha pisi odur ki, zibil birbaşa çaya boşaldılaraq, onun məcrasının doldurulmasına səbəb olur və turizmlə bağlı sahibkarlar, müvafiq qurumlar bunu artıq "adi bir iş" hesab etməyə, məsələyə laqeyd yanaşmağa başlayıblar. Məsələn, Masallı Rayon İcra Hakimiyyətinə və rayondakı müvafiq qurumlara bu halla bağlı dəfələrlə müraciət etsək də, heç bir açıqlama almaq və ya mövqe öyrənmək mümkün olmadı. Belə ki, müraciət etdiyimiz instansiyalar məsuliyyəti bir-birinin üzərinə qoymaqla, açıqlamalar verməkdən boyun qaçırdılar.

Belə görünür ki, Masallının turizm məkanlarının və təbiətinin zibillərdən qurtulması üçün hələ də bir çarə tapılmayıb...

Halbuki rayonun turizm potensialı oraya nəinki yerli, həm də xarici turistlərin axınını təmin etməyə imkan verir. Üç il öncə Türkiyənin Egey turizm bölgəsinə info-turumuzla bağlı yazılar yazmışdıq və həmin yazılardan birində Masallının turizm potensialını, termal turizm imkanlarını Türkiyənin adıçəkilən bölgəsi ilə müqayisə etmişdik. Əsaslandırmışdıq ki, termal turizm baxımından Azərbaycanın, xüsusən də cənub bölgəsinin potensialı daha çoxdur və bu sahəni inkişaf etdirmək üçün xarici təcrübədən, xüsusilə qardaş Türkiyə tcrübəsindən yararlanmaq lazımdır. Az keçmiş – 2012-ci ilin payızında Türkiyə və Azərbaycanın termal turizm sahəsində əməkdaşlığa başalayacağı ilə bağlı müzakirələr, qarşılıqlı səfərlər başladı. Amma belə görünür ki, bu sahədə qarşılıqlı əməkdaşlıq inkişaf etməyib...

Yaxud xarici sərmayənin turizmin bu sahəsinə cəlb edilməsini, xarici turistlərin bölgələrimizə axınını əngəlləyən yuxarıda qeyd etdiyimiz əngəllər var və bu əngəllərin başında duran nəsnələrdən biri də ZİBİLDİR...

İlkin AĞAYEV
Bakı-Masallı-Bakı
AzNews.az


image description image description image description image description