Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib. Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib.

Məmmədyarovun daha bir diplomatı dönük çıxdı – Qərbdən sığınacaq istədi (Yenilənib)

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib.


AzNews.az xəbər verir ki, konsul vəzifəsindən kənarlaşdırılandan sonra, Bakıya, Xarici İşlər Nazirliyinə dəvət olunub. O, isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.

Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, "qiyamçı diplomat" Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır.

Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostuyla əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işiylə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də, ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.

Saytımıza daxil olan məlumata görə, Nahid Cəfərovla Arif Məmmədov həqiqətən də vaxtilə yaxın dost olublar və hətta bir yerdə çalışıblar.

Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə AzNews.az-a açıqlamasında faktı nə təkzib, nə də təsdiq etdi. Bildirdi ki, məsələdən xəbərsizdir: "Bununla bağlı suala dəqiq cavabı bazar ertəsi verə bilərəm".

Səfirliklə əlaqə saxlamaq cəhdlərimiz isə boşa çıxdı. Şənbə günü olduğundan telefonlarımıza cavab verən tapılmadı.

Xatırladaq ki, Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Onun vəzifədən çıxarılmasına səbəb kimi "Facebook" sosial şəbəkəsində mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı üsyankar statusla çıxış etməsi göstərilir. Səfir postundan geri çağırılan Arif Məmmədovun Norveçdən sığınacaq istəyib. Onun haqqında, cinayət işi açılıb.

Bundan əlavə, A.Məmmədov məsələsindən sonra bir neçə azərbaycanlı diplomat işdən çıxarılıb. Onlar arasında Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da var.

A.Həsənov da bir neçə gün əvvəl Avstraliyadan sığınacaq istəyib.

***
21:32

XİN mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildiriblər ki, Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləmir.


Lakin Nahid Cəfərovun vəzifədən uzaqlaşdırıldığını və sığınacaq istədiyini İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri, eyni zamanda Nahid Cəfərova yaxınlığı ilə seçilən Arif Məmmədov da təsdiqləyib. O, bununla bağlı "Facebook" sosial şəbəkəsində status yazaraq, N.Cəfərovun həqiqətən də sığınacaq istədiyini bildirib. A.Məmmədov həmçinin 2012-ci ildə N.Cəfərovla birlikdə çalışdıqlarını, dost olduqlarını və bundan sonra da bir yerdə çalışmağa davam edəcəklərini bildirib.

Nigar, Sevinc
AzNews.az