Cenevrə konfransından təəssüratlar: İran Azərbaycanında durum və ana dili sorunu... Cenevrə konfransından təəssüratlar: İran Azərbaycanında durum və ana dili sorunu...

Heç faşistlər də belə qələt etmirdilər...

Cenevrə konfransından təəssüratlar: İran Azərbaycanında durum və ana dili sorunu...



AzNews.az Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının son yazısını təqdim edir:


Bir ay öncə BMT-nin Təmsil Olunmayan Millətlər və Xalqlar təşkilatının prezidentindən məktub almışdım. Məktubda yazılırdı ki, başçılıq etdiyiniz Dünya Azərbaycanlıları Konqresinin və Sizin Güney Azərbaycan məsələləri ilə ardıcıl məşğul olduğunuzu, İranda və bölgədə gedən proseslər barədə məlumatlı olduğunuzu, beynəlxalq miqyasda bu sahənin mütəxəssisi kimi tanındığınızı nəzərə alaraq Sizi İranda insan haqları və nüvə anlaşmasından sonrakı perspektivlər barədə konfransa dəvət edirik.

Yeri gəlmişkən deyim ki, bu təşkilat 1991-ci ildə yaradılıb, Güney Azərbaycan 2009-cu ildən onun üzvüdür. Təşkilatın üzvləri arasında İraq türkmanları, Doğu Türküstan və Krım türkləri də var. Bu təşkilatın məqsədi dövləti olmayan xalqların humanitar və mədəni hüquqlarını qorumaq, onların dövlət quruculuğu işlərinə yardım etməkdir.

Konfrans sentyabrın 21-də Cenevrədə BMT şəhərciyinin ofislərindən birində - Millətlər Sarayında keçirildi. Konfransın işində BMT-nin məsul işçiləri, xarici ölkələrin mütəxəssisləri və İran xalqlarının nümayəndələri iştirak edirdilər. Azərbaycan türklərini İsveçdən Güney Azərbaycan Alyansının nümayəndəsi Ayda Kərimli, Güney Azərbaycan Demokrat Partiyasının başqanı Mahmud Bilgin və mən təmsil edirdim. Üç əsas məsələ müzakirə mövzusu id: İranda İnsan haqları, nüvə danışıqlarından sonrakı İrandan gözləntilər, Urmiyə gölünün taleyi. Gündəlikdə 6 məruzə vardı. Ancaq açılışda və bağlanışda BMT-nin toplantıya qatılan məsullarının da çıxışlarını dinlədik.

Öncə, onu deyim ki, konfransı hazırlamağın əsas məsuliyyətini Braziliya Radikkallar Partiyasının başqanı Fernando Burges öz üzərinə götürmüşdü. Yığıncağı giriş sözü ilə o açdı. Sonra Təmsil olunmayan Millətlər və Xalqlar təşkilatının prezidenti Nasser Boladainin İran xalqlarının ağır durumu barədə ətraflı məlumatı dinlənildi.

Çıxışçılar arasında bizdən əlavə, Beynəlxalq Yaşıllar Hərakatının təmsilçisi Adam Kuniuszevski, BMT fəallarından Hillel Neuer və İran ərəblərinin yaşadığı Əhvaz bölgəsinin nümayəndəsi Kərim Almor da var idi. Hillel İranda insan haqlarının pozulması və siyasi məhbuslara verilən işkəncələr barədə faktlar əsasında danışdı. Adam Kuniuszevski çoxlu video görüntülərlə Urmiyə gölunun faciəli durumu və bu ekoloji dəyişikliyin bölgəyə gətirdiyi faciələri anlatdı. Ayda Kərimlinin və Mahmud Bilginin məruzələri İran türklərinin siyasi, sosial, iqtisadi, mədəni sorunlarına həsr olunmuşdu və iştirakçılar tərəfindən maraqla qarşılandı.

Konfransda Səudiyyə Ərəbistanının bir neçə televiziya kanalı da iştirak edirdi.

Yeri gəlmişkən deyim ki, Millətlər Sarayı dünyanın nəbzinin atdığı yerlərdən biridir. Hər gün bu saraya ayrı-ayrı ölkələrdən yüzlərlə insan gəlir. Binadakı geniş salonlar dolub-boşalır, dünya xalqlarının dərdləri burada dilə gəlir. BMT-nin əsas işçi bölümləri, o cümlədən, İnsan Haqları Komissarlığı, Qaçqınlar və Miqrasiya məsələləri ilə məşğul olan təşkilatları da bu şəhərçikdədir. Dünya dərdlərinin müzakirə edildiyi şəhərin görkəmində qeyri-adi bir dinclik və sakitlik var. Və burdan baxanda xalqımızın yaşadığı faciələr - bölünmüşlük, deportasiya olunmağımız, torpaqlarımızın işğalı, qaçqınlarn taleyi adama daha sarsıdıcı təsir bağışlayır. Bütün digər uluslararası konfrans və görüşlərdə olduğu kimi, Cenevrəyə də həmin problemlərimizin hər biriylə baglı xarici dillərdə DAK-ın hazırladığı onlarla nüsxə məlumat və müraciət gətirmişdim və beş-altı dəqiqə sonra bir nüsxə də qalmamışdı. Məlumat vaymaq, sorunlarımızı anlatmaq işinə ara vermək olmaz. Dünya hər şeyi bilmir və bizim əvəzimizə heç kim düşünüb iş görməyəcək..

Yerı gəlmişkən, həmin konfransdakı çıxışımı xırda ixtisarlarla oxuculara təqdim etmək istəyirəm.

"Xanımlar və bəylər! Öncə, bu son dərəcə önəmli toplantını düzənləyənlərə təşəkkürümü bildirmək istəyirəm. Mənim bugünkü konum Ana dili, daha doğrusu, İranda Azərbaycan türklərinin dil hüquqlarının pozulması və nüvə anlaşmasından sonra İranda təxmin edilən gəlişmələrdir.

Yaxın Doğu ölkələrində müharibənin gündən-günə alovlandığı, Avropaya üz tutan qaçqın axınının inkişaf etmiş, imkanlı ölkələri çaş-baş qoyduğu bir dönəmdə mənim dildən danışmağım kimlərəsə qəribə görünə bilər. İnsanın həyatı qorunmalıykən biz dilin qorunmasından danışırıq. Lakin mənə elə gəlir ki, hər şey - yəni, bütün işğallar və savaşlar insanların dilinə, varlığına sayqısızlıqdan başlanır. Dil yoxdursa, millət də yoxdur; fızıkı varlığını qorudu-qorumadı...

Mənim vətəndaşı olduğum Azərbaycan Respublikası 25 ildir SSRİ-dən qopub, cəmi 10 milyona yaxın əhalisi var, bunun da bir milyonu Ermənistanın işğalı nəticəsində oz yurdlarından didərgin düşüb, qaçqın vəziyyətində yaşayır. BMT-nin Ermənistanın işğalçılığına son qoymaq tələbi ilə qəbul edilmiş 4 qətnaməsi hələ də kağız üzərində, quru söz olaraq qalır. Dünya bu işğalı və bir milyon qaçqını görmək istəmir. Ancaq Azərbaycan Respublikası bu bir milyon qaçqının ağır yükünü mərdliklə daşımaqdadır. Avropa isə bir neçə min qaçqını görəndə sarsılır. Dünyanın işləri bumeranqadır. Gülmə qonşuna gələr başına...

Dünya üzrə bir çox dillərin durumunu statistika aydın göstərir: dünyada 5000-ə yaxın dil olsa da, cəmi 200 civarında dövlət var. Yəni, 5000 dilin təxminən iki yüzə qədəri dövlət dili olmaq sayəsində normal inkişaf edir, yerdə qalanları asılı vəziyyətdədir. Dillərin işğalı xalqların işğalından az fərqlənir... Görünən budur ki, dillərin normal yaşayışı və inkişafının əsas şərti daha çox həmin dilin mənsub olduğu xalqın siyasi hakimiyyətinin olub olmamasından asılıdır.

Mən bir yazaram, azəri türkcəsində yazıram, ana dilində və dünyanın müxtəlif dıllərində əllidən çox kitabım nəşr edilib, ancaq mənim yazıçı taleyim ilk növbədə öz xalqımın - sayı 50-55 mılyon olan Azərbaycan türkündən asılıdır. Təəssüf ki, bu gün kitablarımı millətimin az bir qismi oxuya bilir. Çünki Azərbaycan paramparçadır. Göstərdiyim bu xəritəyə baxsanız, böyük bir xalqın necə bölündüyünü görərsiniz; üstəlik əlifbamız da bır deyil, Azərbaycan Respublikasının vətəndaşları ilə İran türkləri ayrı-ayrı əlifbalarda yazırlar; bız latın qrafikasıyla, onlar ərəb əlifbasıyla. Azərbaycan türkcəsi bu gün əsasən mənim təmsil etdiyim, vətəndaşı olduğum Azərbaycan Respublıkasında qazandığı dövlət dili statusu sayəsində yaşayır. Qalan parçalarımız, o cümlədən İran deyilən ölkədə, Güney Azerbaycanda yaşayan 35 milyon soydaşımız 90 ildən, yəni Pəhləvi rejiminin gəlişindən üzü bəri hər cür ağlasığmaz yolla sıxışdırılır, bu dildə oxumaq-yazmaq yasaqdır, bu dildə məktəb yoxdur. Son min il İranda hakimiyyət türklərin əlində olub və onlar ölkədəki bütün dillərə bir gözlə baxıb, fars dilinin inkişafına hər cür şərait yaradıblar. Lakin hakimiyyət fars əsilli pəhləvilərin əlinə keçəndən sonra, mənzərə dəyişilib. Azərbaycan türkləri onlarla yanaşı yaşayan azsaylı xalqlara münasibətdə dözümlü və əsil demokrat olduqlarını bu gün də göstərirlər. Müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan Respublıkasının onun ərazisindəki bütün azsaylı xalqların öz dillərində təhsil almaq, dillərini inkişaf etdirmək və kitab nəşr etmək hüqüqu vardır.

Məni düzgün anlamanız üçün İran Azərbaycanı anlayışını aydınlaşdırmalıyam. İndi İranda Azərbaycan adını daşıyan 2 ostan (oymaq-vilayət) var, halbuki, bundan əlavə 10 başqa ostan da var ki, tarixən azərbaycanlılara məxsusdur və həmişə Güney Azərbaycanın tərkibində olub. Sonradan Azərbaycanı kiçiltmək üçün hərəsini bir vilayət ediblər.

Burda məndən öncə İranda türklərin məruz qaldıgı assimilyasiya, fars şovinizminin onları bir millət kimi məhv etmək siyasəti, milli fəalların üzləşdiyi zülmlər barədə danışıldı. Bu zülm konkret olaraq türklərin dilinə münasibətdə bütün eybəcərliyi və irqçi, şovinist, antiinsani, antiislam mahiyyəti ilə görünür. Azərbaycan türklərinin hətta İran konstitutsiyası ilə verilən hüquqlardan da məhrum edilməsini göstərmək üçün onlarla misal çəkmək olar. Xomeyni birlik və bərabərlik şüarı ilə hakimiyyətə gəlsə də, verdiyi vədlər kağız üstündə qaldı. Onun siyasəti Pəhləvi sülaləsinin irçqçi siyasətinin davamı idi. İran İslam Respublikasının konstitusiyasında yer almış qeyri-fars millətlərə çox məhdud şəkildə özünüifadə haqqı verən 15 və 19-cu maddələr tətbiq olunmadı. Bu gün İranda;

- Güney Azərbaycana məxsus olan tarixi əsərlərin, abidələrin qorunması üçün dövlət tərəfindən vəsait ayrılımır, əksinə, onlar baxımsız vəziyyətdə saxlanılır ki, məhv olub getsin.

- Rəsmi və ictimai yerlərdə, hətta uşaq bağçalarında Azərbaycan türkcəsində yazıb-oxumaq qadağan edilib.

- Bütün şəhərlər və kəndlərin, çayların, dağların, meşələrin, yolların, bölgələrin türkcə olan tarixi adları dəyişdirilərək farslaşdırılır.

- Uşaqlara Azərbaycan türkcəsində ad qoyulması qadağan edilib. Valideynlərinin iradəsindən kənar olaraq onlara fars şahlarının, şəxsiyyətlərinin, din xadimlərinin adları verilir. Heç faşıstlər də belə qələt eləmirdilər.

- Hər il fars dilində minlərlə cild kitab nəşr edilidiyi halda, türk dilində nəşrlərə qadağa qoyulub.

- Milli düşüncəli şəxsiyyətlərə - alimlərə, ziyalılara, insan hüquqları müdafiəçilərinə işgəncə verilməsi, fəaliyyətlərinin yasaqlanması, onların sistemli şəkildə sürgün edilməsi, ölkədən çıxarılması adi hala çevrilib.

- Ölkəyə şöhrət gətirən qeyri-fars millətlərə mənsub idmançılar, alimlər, tarixi qəhrəmanlar, şairlər, müsiqiçilər fars kimi qələmə verilir.

- Bütün KİV-lərdə Azərbaycan türkləri təhqir edilir, aşağı statuslu insanlar kimi göstərilirlər. Buna etiraz edənləri qətlə yetirir, həbsə atırlar.

- Burda məndən öncəki məruzələrdə deyildiyi kimi, Urmu gölünün qurudulması da Azərbaycanı İran coğrafiyasından silmək siyasətinin davamıdır, xəyanətkar bir məqsəd daşıyır. Bu gedişatda minlərlə soydaşımız ata-baba yurdlarından didərgin salınır, bölgə əhalisi əsas gəlir mənbəyindən məhrum edilir və Azərbaycan torpaqları boşaldılır. Fars bölgələrinə hər cür yatırım yatırıldığı halda, Azərbaycana ögey münasibət hökm sürür.

- Fars dilini bilməyənlər ağır şəkildə tənbeh və tənqid edilir. Bir daha xatırlatmaq istəyirəm ki, İran deyilən ölkə qətiyyən Persiya və Farsistan deyildir. Farsistan İranın kiçik bir əyalətidir. Əslində, İran anormal bir ölkədir, dövlət etnik coğrafiyada qurulmayıb. Farsların istədiyi dövləti qurmaq üçün Azərbaycan türklərini, kürdləri, ərəbləri, bəlucları, türkmənləri paramparça ediblər. İranın sərhədləri hər yerdə bu xalqların ürəyinin başından keçir. Bu qədər millətə bədbəxtlik gətirən bir dövlət hansı haqla ərazi bütövlüyünün qorunmasından danışa bilər?

Bu siyahını daha da uzatmaq olar, ancaq mən vaxt məhdudiyyətini nəzərə alıram. İslamı bayraq edən bir dövlət hansı haqla müsəlman xalqlarına öz dilində danışmağı qadağan edə bilər? Axı bu, islama da ziddir. Görünən budur ki, İran özünü İslam Cümhuriyyəti saysa da, əslində, fars şovinist siyasətinin quluna çevrilib.

Faciəmizin böyüklüyünü göstərmək üçün onu da deyim ki, din söhbəti bir çox hallarda şovinizmin və milli dözümsüzlüyün, imperiya siyasətinin alətinə çevrilir.

Azərbaycan türklərini son yüz ildə hər tərəfdən döyürlər. Xristian da döyür, müsəlman da. Ötən əsrin 40-cı illərində İranda bir kitab qətliamı yaşandı. On minlərlə çox böyük tarixi əhəmiyyəti olan kitab yandırıldı; ötən əsrin 30-cu illərində isə SSRİ-də Stalin rejimi bizim kitablarımızı yandırtdırırdı. Ərəb əlifbasında yazılan bütün kitabları dini ədəbiyyat adı ilə məhv etdilər.

Mən Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi dünyada yaşayan bütün soydaşlarımın fikrini ifadə edirəm. Hansı ad altında olur olsun, millətlərə və xalqlara sayqı göstərməyən dövlətlərin gələcəyi yoxdur. İranda Ümumdünya İnsan Haqları Bəyamnaməsindən başlayaraq soyqırıma, müstəmləkəçiliyə, milli-etnik, iqtisadi, mədəni haqların qorunmasına aid olan bütün beynəlxalq müqavilələr hər gün ardıcıl şəkildə pozulmaqdadır. Burada Ümumdünya İnsan Haqları Bəyamnaməsinin 3, 5, 7, 11, 19, 21, 22-ci maddələri, yəni insanın azad yaşamaq, toxunulmazlıq hüquqları, ləyaqətinin qorunması, qanun qarşısındakı bərabərliyi, zorakılığa məruz qoyulmaması, məhkəmə qərarı olmadan həbs edilməməsi, söz və fikir azadlığı, qadın hüquqları və s. nəzərə alınmır. Məsələn, İrandan bir ədəbiyyat adamı gəlib Bakıda mənimlə şəkil çəkdirsə, geri qayıdanda hökmən təzyiqlə üzləşəcək ki, sən onunla nə məqsədlə görüşmüsən? Biz hansı əsrdə yaşayırıq?

DAK bu məsələləri izləyir və aylıq hesabatlar hazırlayır. Onların bir çoxu burada mənim əlimin altındadır.

Çıxışımın sonunda toxunacağım məsələ nüvə anlaşması ilə bağlıdır: bundan sonra İranda nə baş verəcək? Bu sual bir neçə başqa sual doğurur:

- İran Amerika ilə yaxınlaşmaqda səmimidirmi?

- İran liberallaşmanı və demokratiyanı qəbul edib ölkəsinə buraxacaqmı?

- İran indiki rejimin fetişləşdirdiyi "dəyərlərdən" uzaqlaşa biləcəkmi? Yaxşı bilirik ki, İranı bu yaxınlşmaya məcbur edən iqtisadi sıxıntılardır. Ancaq Avropa sözə inanmır. Hər hansı bir ölkə ilə iş görməzdən öncə o ölkələrin durumuna və qanunlarına baxır. İran dünya standartlarına uyğun belə qanunlar qəbul edə biləcəkmi? Qapalı din rejimindən qısa vaxt ərzində qanunlarla idarə edilən ölkəyə çevrilmə inandırıcı görünmür. İran SSRİ–nin aqibətini yaşasa sevinərik. Ancaq bu, qansız və yeni faciələrə yol açan münaqişələrsiz baş versə... Başqa bir yol da var: ölkədəki xalqlara - Azərbaycan türklərinə, ərəblərə, kürdlərə, bəluclara, türkmənlərə, lorlara hüquqların verilməsi… İranın gələcəyi və bu bölgənin sabitliyi, demokratik yolla inkişafı, İran azərbaycanlılarının azadlığından, o cümlədən dil azadlığından başlanacaqdır. İranın gələcəyini orda yaşayan xalqlar qurmalıdır. Buna görə də həmin xalqların əməkdaşlığı, qüvvələrin birləşdirilməsi son dərəcə zəruridir.

Məni diqqətlə dinlədiyinizə görə hamınıza təşəkkür edirəm.