Qurban bayramı günü Məkkədə, daha doğrusu, Mina vadisində baş verən faciə müsəlman dünyasında onsuz da ağır olan ab-havanı bir az da ağırlaşdırdı. Qurban bayramı günü Məkkədə, daha doğrusu, Mina vadisində baş verən faciə müsəlman dünyasında onsuz da ağır olan ab-havanı bir az da ağırlaşdırdı.

Məkkə faciəsi: qəzavü-qədər, yoxsa cinayət?

Qurban bayramı günü Məkkədə, daha doğrusu, Mina vadisində baş verən faciə müsəlman dünyasında onsuz da ağır olan ab-havanı bir az da ağırlaşdırdı.

Minada baş verən basabasda son məlumatlara görə, 769 zəvvar həlak olub, 934 nəfər isə yaralanıb. Xeyli sayda insan isə hələ də itkindir.

Bu hadisə son 24 ildə baş verən ən böyük faciədir. Həcc ziyarəti zamanı hər il Məkkəyə milyonlarla insan gəlir. Bu isə tarixi və müqəddəs məkanlarda bir qayda olaraq hər il izdihama səbəb olur. Ancaq builki basabas daha çox itkiyə səbəb olub. Məkkədə ən böyük faciə 1990-cı ilin iyul ayında baş verib. Həmin vaxt zəvvarların piyada tunelində yaranan izdihamda 1462 nəfər dünyasını dəyişmişdi.

Qurban bayramı günü baş verən faciə builki Həcc ziyarəti zamanı baş verən yeganə bədbəxt hadisə deyil. Sentyabrın 11-də Məkkənin Əl-Haram məscidində kranın aşması zamanı 107 nəfər zəvvar həlak olub, 230 nəfər isə xəsarət alıb. Bir həftə sonra isə dağın uçması nəticəsində otel çöküb və başqa bir oteldə isə yanğın olub.

Məkkədə builki faciə müsəlman dünyasında müharibələr, dini zəmində toqquşmaların artdığı bir zamana təsadüf etdiyi üçün çox sərt etirazlara səbəb oldu. Hətta bir neçə ölkə, o cümlədən 134 zəvvarı ölən, 300 nəfəri itkin düşən İran hökuməti ər-Riyadı məhkəmə ilə hədələyib.

Məsələ ondadır ki, indi Azərbaycan da daxil olmaqla müsəlman dünyasında bu məsələdə ikiyə bölünüb. Səudiyyə hökuməti və dəstəkçiləri bu hadisəni sıradan texniki qəza, bəzi hallarda isə zəvvarların növbə qaydalarına riayət etməməsi ilə əlaqələndirir. Eyni zamanda əksini düşünən və bu səbəbdən də Səudiyyə hakimiyyətinə qəzəbli olanlar da var. Onlar da hesab edir ki, bu faciəyə görə birbaşa ər-Riyad məsuliyyət daşıyır, çünki Həcc işinin təşkilinə onlar cavabdehdir, bunun üçünsə kifayət qədər maddi-texniki və insani resursları var. Hətta son günlər Minada izdihama kral Salmanın oğlu, hazırkı müdafiə naziri Məhəmməd ibn Salmanın səbəb olması ilə bağlı iddialar ortaya atılıb. İddialara görə, şahzadə hadisə günü 400 nəfərlik mühafizə heyəti ilə birlikdə Minaya gəlib və bu səbəbdən də ərazidə süni sıxlıq yaranıb.
Əlbəttə, faciə ilə bağlı birmənalı fikir yürütmək, zəvvarları və ya ər-Riyadı yeganə günahkar elan edib, nifrəti ona yönəltmək tələskənlik olar. Ancaq əgər hadisə baş veribsə, deməli, bunun ciddi səbəbləri olub və buna səbəb olan, bu məsələdə məsuliyyəti, cinayəti olan hər kəs cəzasını almalıdır - baxmayaraq ki, artıq Ərəbistanda bu hadisədə günahkar olan 28 nəfər barəsində şəriət məhkəməsi edam hökmü çıxarıb.

Əlbəttə ki, Məkkədə baş verənləri "İlahi təqdir"in üzərinə atıb təşkilati işlərlə bağlı məsuliyyətdən yayınmaq olmaz. Hər il İslam dininin tələbi ilə dünyanın hər bir yerində yaşayan müsəlman Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlir. Aydın məsələdir ki, təbii artımı da nəzərə alanda ildən ilə zəvvarların sayının çoxalması faktını təbii qarşılamalıyıq. Deməli şərtlər müsəlman dünyası, xüsusən də Həcc işinin təşkilini üzərinə götürmüş Səudiyyə Ərəbistanı krallığının Həcc ziyarətinin təşkili ilə bağlı daha ciddi və kompleks tədbirlər görməyi tələb edir.

Səudiyyə hakimiyyəti Məkkədə Həcc ziyarətini daha yaxşı təşkil etmək, milyonlarla zəvvarın ziyarətini daha rahat həyata keçirmək üçün bir sıra tədbirlər görüb. Ancaq göründüyü kimi, bu tədbirlər, yəni ziyarəti asanlaşdırma üçün həyata keçirilən tikililər Məkkədə sıxlığı daha da artırıb.

Misal üçün, Məkkə rəhbərliyi şəhərin düz mərkəzində, Məscid əl-Həramın, yəni Kəbənin yerləşdiyi bölgədə otel brendlərini tikdirib, Kəbənin düz üzərində isə "Zəmzəm qülləsi" otel kompleksi açılıb. Bu cür müasir tikililər bir tərəfdən şəhərin qədimiliyini, ilkin dövr imicini korlamaqla yanaşı, sıxlığı daha da artırıb. Cəmarat, yəni şeytan daşlama abidələri, o cümlədən Səfa və Mərvə dağları arasındakı olan yolun üstünün tikili ilə örtülməsi burdakı tarixiliyi itirməklə yanaşı, məkan sıxlığı yaradıb.

Sözsüz ki, Məkkədə qədim tikililərin bir qismini sökmək olardı, amma sökülənin yerində otel tikməyə gərək yox idi, bu, sıxlığı daha da artırdı, sökülən əraziləri boş saxlayıb milyonlarla zəvvarın daha rahat hərəkətinə şərait yaratmaq olardı.

Məlumdur ki, hazırda Həcc ziyarətinin təşkilini Səudiyyə hökuməti həyata keçirir. Nəzərə alsaq ki, Həcc dünyada hər il keçirilən ən kütləvi və çoxmillətli bir aksiyadır, o zaman bunun təşkili də təbii ki, böyük bir hazırlıq tələb edir. Bu mənada Həcc ziyarətinin təşkilati məsələlərinin İslam Əməkdaşlıq Təşkilatı kimi müsəlman təşkilatlarına verilməsi və ziyarətin müsəlman ölkələrinin iştirakı və dəstəyi ilə təşkil olunması bir çox problemlərin aradan qaldırılmasına səbəb ola bilər.

Və nəhayət, gündəlik həyatda rastlaşdığımız növbə mədəniyyəti. Aydın məsələdir ki, hər nə qədər təşkilati çatışmazlıq olsa da, faciənin bu miqyasa çatmasında insanların növbə mədəniyyəti də rol oynayıb. Şəxsi təcrübə əsasında deyə bilərəm ki, bütün müsəlman ölkələrində eyni durum var. İnsanlar sıra, növbə gözləməyə o qədər də həvəsli olmurlar. Bunu istənilən şəxs marketdə, hava limanında və başqa yerlərdə müşahidə edə bilər. Növbədə bir milyondan çox adam olanda əlbəttə ki, isti və çətin hava şəraitində itkilər də çox olur.

(musavat.com)