Kəramət Böyükçöl Kəramət Böyükçöl

Elmlər Akademiyasının yeməkxanası

Kəramət Böyükçöl

Milli Elmlər Akademiyasının yaxşı bir yeməkxanası var. Ona görə yaxşı deyirəm ki, ucuzluqdur, iki-üç manatla günortanı yola verə bilirsən. Elə ucuzluğuna görə orda adam həmişə çox olur. Yeməkləri hüzr yerinin yeməklərinə oxşayır. Ayran, dovğa, göy-göyərti, düyü...

Bakı Dövlət Universiteti ilə Akademiya yaxın qonşudur. Universitetin işçilərinin çoxu günortanı həmin yeməkxanada yola verir. Hərdən mən də Akademiyanın dadlı-duzlu yeməklərdən dadıram. Hər dəfə orda çörək yeyəndə elə bilirəm ki, Azərbaycan elminin ehsanını yeyirəm.

Bilmirəm vərdiş eləmişəm, yoxsa nədəndir, həmişə hara gedirəmsə bir gözüm adamların üstündə olur. Bir gözümlə müşahidə eləyirəm, o biri gözümlə yol gedirəm. Baxıram görüm camaat nə eləyir, nə eləmir, yeməyi necə yeyir, çayı necə içir, necə yaşayır, necə yaşamır...

Nədənsə Akademiyanın yeməkxanasında son mənzərə məni sarsıtdı. Orada çörək yeyən alimlərin, müəllimlərin, doktorantların elmi yaradıcılığından söhbət getmir, hər halda hansı yolla olur-olsun gəlib professor olublar, alim olublar, azdan-çoxdan tanınırlar, pis-yaxşı yazı-pozuları var. Ancaq bufetdə yeməyi o qədər qorxa-qorxa yeyirlər, çörəyi o qədər ehtiyatla çeynəyirlər, başqalarını bilmirəm, belə şeylər məni kövrəldir.

Alim çörəyi fəhlə kimi yeyir. Bu fikirlə qətiyyən fəhlələri alçaltmaq niyyətində deyiləm, ancaq yeməkxanaya diqqətlə fikir versən, sənə elə gələr ki, bu adamlar yazı yazmırlar, daş daşıyırlar, yer qazırlar, suvaq vururlar. Hamısının gözündən yuxu tökülür, elə bil bura Akademiya deyil, həbsxanadır.

Hamı bilir ki, Azərbaycanda elm ocaqlarında, məktəblərdə, universitetlərdə maaş çox azdır. Olmasa, ondan yaxşıdır. Gənc tədqiqatçı tanışlarım var, onlar da Akademiyada işləyir, yüz iyirmi manat, yüz yetmiş manat, yüz səksən dörd manat altmış qəpik maaş alırlar. Ancaq vallah, kostyumu geyinib, qalstuku vurub səhər ac qarnına alaqaranlıqdan işə elə həvəslə gəlirlər, elə bil iki min pul alırlar. Lap heyrət eləyirəm. Onları iş yerləri ilə fəxr eləyən görəndə hamısını bir-bir qucaqlayıb ağlamaq istəyirəm. Təbii, aldıqları əmək haqqından özləri də narazıdır. Soruşuram ki, bəs niyə işdən çıxmırsan? Bu qədər maaşdansa Salam Sarvan demişkən, işdən çıx, siqareti də tərgit, otur evdə. Qayıdıb nə cavab versə, yaxşıdır? Akademiyanın adı var. Yaxud, universitetin adı var.

Heç olmasa desə ki, pis-yaxşı puldur, alıram, başımı saxlayıram, adamı yandırıb-tökməzdi. Bunun beyninə baxın. Deyir, Akademiyanın adı var. Düzü, bu ad məsələsi bizim əxlaqımızda özünə yer də eləyib. Biz həyatımızı ad xətrinə yaşadıq, bir də baxdıq ki, ömür çürüyüb getdi. Bu yaxınlarda bir dostum mənə deyir ki, niyə universitetdə elmi iş götürmürsən?

– Niyə götürüm? Axı mənim elmə həvəsim yoxdur.

– Həvəsin olmasa da götür, dostun-tanışın çoxdur, tapşırsınlar, birtəhər müdafiədən keçir. Universitet yaxşı yerdir.

– Universitetin nəyi yaxşı yerdir? – sual verirəm.

– Heç olmasa adı var. Soruşan olanda deyirsən ki, filan universitetdə işləyirəm.

Hərdən də öz-özümə düşünürəm ki, doğrudan da Azərbaycanda hər şeyin adı var, özü yoxdur. Fikirləşirəm ki, bəlkə bir insan kimi də bizim adımız var, özümüz yoxuq, yaşamırıq. Bəlkə də Akademiyanın bufetində bir tikə çörəklərini sanki qorxa-qorxa yeyən o adamlar da yoxdur. Bəlkə mən onları qorxaq görürəm. Allah haqqı, bəlkə də birindən soruşsam ki, niyə gözüqıpıqsan, niyə çəkinirsən? Əlindəki boşqabı təpəmə çırpar, məni söyər. Deyər, qorxaq, gözüqıpıq sənin dədəndir. Niyə? Çünki hamımız sınmışıq. Çünki biz yoxuq, biz yaşamırıq və bunun qisasını da bir-birimizdən alırıq.

Tez-tez yolda, küçədə, avtobusda, metroda özümü adamlara çırpıram ki, görüm mənə əhəmiyyət verən varmı, yəni görüm mən yaşayırammı, mən varammı, görüm mənə baxırlarmı?

Teleqraf.com