Əziz Rzazadə Əziz Rzazadə

Parisdə ölənlərə ikiüzlü mərhəmət

Əziz Rzazadə


"Üç kardinal, bir ravvin, bir frankmason admiral, anqlo-sakslara məxsus bir holdinqin oyuncağına çevrilmiş üç sıravi siyasətçi əvvəlcə radiomüraciətlə, sonrasa plakatlarla elan elədilər ki, milləti acından ölmək təhlükəsi gözləyir. Söhbət intoksikasiyadan – bədənin zəhərlənməsindən gedirdi. Başlanğıcda onlara qulaq asan olmadı. Guya bütün iddialar yalan-palan, təlaşsa saxtadı. Amma ictimai fikir məsələni üfürüb şişirdi. Çubuq, ya da dəyənəklə silahlanmayan bircə adam da qalmadı. Patronlara, puldarlara, iqtidara söyüş yağdıran xalqın, "Aciq, çörək istəyirik" bağırtıları dörd bir yanı sardı. Hərəkat tədricən konspirasiyalaşır, təhrikçi səciyyə alırdı. Hava qaralandan sonra polis küçəyə çıxmağa cəsarət edə bilmirdi. Makonda bir polis bölməsi hücuma məruz qaldı. Rakamadurda bir anbar sahibinin malları yağmalandı. Qarətçilər tuna balığı, süd, kilo-kilo şokolad, çuval-çuval qarğıdalı tapmışdılar. Amma ərzağın hamısı istifadə yararsız idi. Nansinin ortasında bir dördyol ağzında qurulan gilyotin nazirlik bürolarında çalışan iyirmi altı məmurun canını aldı, sonra iqtidarpərəstlikdə günahlandırılan bir qəzetin binası yandırıldı. Dörd bir yanda anbarlar, limanlar, mağazalar soyulub talan edilirdi".

Sıradan bir azərbaycanlı üçün heç nə deməyən bu sətirlər əslən yəhudi olan yazıçı Jorj Perekin (George Perec) "Yoxoluş" romanındandır və Parisdəki məlum terror aktlarından sonra yadıma ixtiyarsız düşdü.

Açığı, fransız ədəbiyyatının pərəstişkarı deyiləm. Çağın yazarları arasında da bəyəndiyim imzalar azdır. Amma bu siyahıda Mişel Uelbekin (Michel Houellebecq), yaxud Mark Levinin (Marc Levy) haçansa olacağını heç düşünməyin. Çünki məhz bu imza sahibləri hər qanlı qırğından sonra Şərqə diş qıcırtma, qaralama üçün yeni səbəblər tapır.

Bu incə mətləblər Azərbaycanda kütləvi şüuru az məşğul edir. Xüsusən sosial şəbəkələrdə dəbə uyğun fikir mübadiləsi və yanaşma hakim mövqedədir. Odur ki, işin əsli ilə maraqlanmayla əsla rastlaşa bilməzsən. Həqiqəti bilmək üçün heç kim qaranlıq quyuya baş vurmaz, qaniçən divi pusmaqdan ötrü barmağını çəltib ora duz basmaz.
Kütləvi şüur hadisələrə becid və yekrəng təpki göstərir.
Parisdəki məlum terror aktları sonrası kimi.
Dərhal qurbanların doğmalarıyla həmrəylik, terroru lənətləmə...
Sanki dünənə kimi fransızların erməni sevgisidə ittihamlayan və ATƏT-in Minsk Qrupunda təmsil olunan Fransanı ağ yuyub qara sərən biz deyildik. "Jak Şirak qudurub" cümləsini də səsləndirən Azərbaycanın yox, yad ölkə Milli Məclisinin deputatıydı. "Erməni soyqırımı"nın inkarına görə cəzalanma haqda qərarda hardasa çox uzaqlarda, nə bilim, yad planetdə qəbul edilib...
Şəxsən mən hətta adamların bir gecədə "Marselyoza"nı əzəbləməməsinə təəccübləndim.
Nə əcəb?
Aydın məsələdir ki, biz, azərbaycanlılar da dünyaya bir gözlə baxırıq. Ovcumuzla örtülən o biri görmə üzvü yaxın coğrafiyada (lap elə uzaq olsun) baş verən qətliamları görməyə həvəsli deyil.
Bəlkə də buna alışıb?
Yoxsa Bağdadda hər gün ölənlər insan deyil?
Ya da...
...ya da biz insanlıqdan çıxmışıq!
Yox, bizimçün əsas insan faciəsinin baş verdiyi ölkənin azərbaycanın strateji müttəfiqi olub-olmamasıdı, demokratik dövlət kimi tanınıb-tanınmamasıdı və s. və i.a. cəfəngiyat!
Sizi bilmirəm, amma mən hər dəfə hadisələrə baxış əsasında müəyyən nəticələr çıxarıram.
Facebook-da yad bayrağa rənglənmə (əslində birinci dəfə deyildi) kampaniyasından çıxarılan bir nəticə də budur ki, bəzi adamların öz rəngi yoxdur və onlar buqələmun kimi istənilən rəngə düşə bilir və bilərlər...
Əslində, hətta bunun əksinə olaraq bəzi adamların Azərbaycan bayrağına rənglənməsi də, məncə, şüurlu davranış deyil.
Çünki şəfqəti, mərhəməti bir dövlət, yaxud bir xalqla məhdudlaşdırmaq olmaz. Dünya nə Azərbaycanla, nə də Fransayla başlayıb-bitir, nə də insani həmrəylik hissi hansısa yeganə etnosa məxsusdur.
İnsan əzabının siyasi xəritəsi yoxdur.
Tarixin elə bir minilliyi, əsri, ili, ayı və gününü tapmazsan ki, orda qətliam, yaxud təməl insan haqqının tapdanması olmasın.
Parisdəki terror zamanı dünyanın başqa yerlərində də məzlum insanlar öldürülürdü.
Livanda, Suriyada, İraqda, Myanmada...
Yox, bu dövlətlərin rəsmi bayrağını üzümüzə köçürməyə ehtiyac görmürəm. Gəlin öz, insani rəngimizi qoruyaq və başqalarına da bunu həm təlqin, həm də tələb edək.
Yeri gəlmişkən, Jorj Perekin roman-lipoqrammasında fransız dilində geniş işlənən "e" səsi yoxdur. "Yoxoluş"un digər dillərə tərcüməsində də bu ciddi şəkildə gözlənilib.
Çox istərdim ki, gündəlik danışıq dilimizdən bir çox sözlər kimi "terror" kəlməsi də bax o "e" kimi birdəfəlik çıxsın. Amma bundan əvvəl siyasətdə də, diplomatiyada da, insani münasibətlərdə də ikiüzlülükdən xilas olmaq gərəkir.