Kürdəmir rayonu Garis Əyribənd kəndinin sakinləri Bakı-Qazax yolunu bağlamağa hazırlaşırlar. Kürdəmir rayonu Garis Əyribənd kəndinin sakinləri Bakı-Qazax yolunu bağlamağa hazırlaşırlar.

Kürdəmirdə “Səba Broyler“ə qarşı etiraz aksiyası keçiriləcək - “Dağıdırlar..“

Kürdəmir rayonu Garis Əyribənd kəndinin sakinləri Bakı-Qazax yolunu bağlamağa hazırlaşırlar.


Bu barədə kənd sakinlərindən biri məlumat verib. Onun sözlərinə görə, Gariz Əyribənd kəndinin ərazisində "Səba Broyler"in 100 hektardan artıq əkin sahələri var. Sahələrdə əsasən arpa və qarğıdalı əkildiyini deyən kənd sakini əkin-biçin işləri zamanı kənd yollarına ciddi ziyan vurulduğunu bildirib: "Ümumiyyətlə, sahələrdə demək olar ki, işlər dayanmır. "Səba Broyler"ə məxsus iri tutumlu – Changan tipli avtomobillər sahələrə gedib gələrkən kəndimizin yollarına ziddi ziyan vururlar. Gəlib baxsanız, görərsiniz ki, kəndin yolları tamamilə sıradan çıxıb. Minik avtomibilləri qalsın bir yana, heç piyada da həmin yollardan keçmək olmur. Biz dəfələrlə "Səba" şirkətinin məsul şəxslərinə öz narazılığımızı bildirimişik. Demişik ki, siz kəndin camaatını öz kommersiya maraqlarınıza qurban verirsiniz. Hər dəfə söz verirlər ki, yolları bərpa edəcəklər. Amma heç bir nəticə yoxdur. Əksinə, həmin maşınlar yollarımızı sıradan çıxarmaqda davam edirlər. Kərrar kəndinin ərazisində də eyni vəziyyət yaranıb".

Kənd camaatı "Səba Broyler"in kəndə ziyan vurduğuna və sakinlərin müraciətinə etinasız yaşaldığına görə etiraz aksiyaları keçirməyi qərarlaşdırıblar: "Birinci aksiya kimi Bakı-Qazax magistralının Kürdəmirdən keçən hissəsində yolu bağlamaq istəyirik. Növbəti aksiyanı isə "Səba Broyler"in Bakının Xırdalan qəsəbəsində yerləşən baş ofisinin qarşısında keçirəcəyik. Bizim cəmi bir tələbimiz var: Kəndimizin yollarını bərpa etsinlər. Yaxşı olar ki, bu şirkət ümumiyyətlə bizim kənddən getsin. Belə görürük ki, onların fəaliyyətində dağıtdıqlarını bərpa etmək kimi bir vəzifə nəzərdə tutulmayıb. Kimlərsə pul qazanacaq deyə, kənd camaatı buna görə əziyyət çəkməməlidir".

"Səba Broyler" şirkətində zəngə cavab verən əməkdaş özünü təqdim etmək istəməyib və məsələ ilə bağlı açıqlama verə biləcək səlahiyyətli şəxslərin heç birinin hazırda yerində olmadığını bildirib.

Qeyd edək ki, "SƏBA" ticarət nişanı hazırda "Dəvəçi Broyler" ASC, "Biləsuvar Aqro" MMC, "Qarabağ Taxıl" MMC, "Baku Food Company" MMC və "Dəvəçi Broyler Dərin Emal" MMC şirkətlərini birləşdirir. Şirkətlər Birliyinin quşçuluq sənayesində yem şəklində istifadə etdiyi məhsulların istehsalı, tədarükü və satışı kimi məsələlərilə 2012-ci ilin aprel ayından fəaliyyət göstərən "Qarabağ Taxıl" MMC məşğuldur. Bu şirkər hazırda Beyləqan, Ağcabədi, Ağsu, Şamaxı və Kürdəmir rayonlarını əhatə edən 5600 hektar ərazidə yem və taxıl məhsullarının istehsalını həyata keçirir. Kürdəmir rayonu Gariz Əyribənd kəndinin ərazisindəki əkin sahələri də elə "Qarabağ Taxıl" MMC-nin nəzarətindədir.

Azerfax.az