“Rusiya Türkiyə arasındakı münasibətlərin gərginləşməsi Azərbaycan üçün müəyyən çətinliklər yaradacaq”. “Rusiya Türkiyə arasındakı münasibətlərin gərginləşməsi Azərbaycan üçün müəyyən çətinliklər yaradacaq”.

Rusiya ilə Türkiyəni kim barışdırmalıdır? – Gərginlikdən istifadə edənlər (Təhlil)

“Rusiya Türkiyə arasındakı münasibətlərin gərginləşməsi Azərbaycan üçün müəyyən çətinliklər yaradacaq”.


Bu fikirləri AzNews.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin Rusiya təyyarəsini vurmasının nəticələrini şərh edərkən səsləndirib. Onun fikrincə, gərginliyin azalması Azərbaycanın maraqlarına xidmət edəcək: "Türkiyə strateji müttəfiqimiz, Rusiya isə bizim üçün tərəfdaş dövlətdir. Onlar arasındakı münasibətlərin gərgin olmasından Ermənistan hakimiyyəti və erməni diasporu, lobbisi və separatçılar öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ermənistan Rusiyadan Türkiyə əleyhinə bir alət kimi istifadə etmək istəyir. Təxribatla belə məşğuldurlar. Hətta bunu Ermənistan mediasında da müşahidə etmək olar. Bu səbəbdən gərginliyin azalması Azərbaycanın maraqlarına xidmət edəcək.

Bu vəziyyətin olduğu kimi qalması və ya daha da pisləşməsi zamanı Azərbaycanla bağlı müəyyən problemlər yaşana bilər. Çünki Rusiya mediası Türkiyəyə qarşı onun müttəfiqlərini də hədəf götürə bilər. Türkiyənin isə bölgədəki əsas müttəfiqi Azərbaycandır".


Elxan Şahinoğlu bu vəziyyətdə Azərbaycanın iki dövlət arasında artıq seçim etdiyini bildirib: "Bizim hərbi strateji müttəfiqimiz Türkiyədir. Qarabağ məsələsində də bizə real dəstək verən Türkiyədir. Rusiya isə Ermənistanın yanındadır. Ruslar ermənilərə hərbi dəstək verir, onlara 200 milyon dollar kredit verir ki, silah alsın, hərbi bazalarını gücləndirsin. Amma buna baxmayaraq Rusiya bizim böyük qonşumuzdur. Onunla normal münasibətlər qurmağa çalışırıq. Amma biz seçimimizi artıq etmişik. Sadəcə biz hər iki dövlətin münasibətlərinin normalaşmasını və bu gərginliyin bölgəyə təsiri olmamasını arzu edirik. Biz istərdik ki, Türkiyə ilə hərbi müttəfiqliyimizi davam etdirək, Rusiya ilə olan qonşu, dost münasibətlərimiz olduğumu kimi yenə davam etsin".

Politoloq iki ölkə arasındakı münasibətlərin gərginləşməsinin nə Rusiyanın, nə də Türkiyənin maraqlarına xidmət edəcəyini vurğulayıb: "Təyyarə vurulan gün bu gərginlik pik həddə idi. Amma getdikcə müəyyən sakitləşmə oldu. Belə ki, təyyarə vurulan gün Rusiya Türkiyənin əleyhinə çox sərt, hətta təhqir edici açıqlamalar verirdisə, hazırda məsələyə soyuqqanlı yanaşmağa başlayıblar. Düşünürəm ki, bu gərginlik müəyyən qədər azalmağa doğru gedəcək. Çünki iki ölkə arasındakı münasibətlərin gərginləşməsi nə Rusiyanın, nə də Türkiyənin maraqlarına xidmət etmir. Hər ikisinin əməkdaşlığa ehtiyacı var. Düzdür bu əməkdaşlıq əvvəlki səviyyədə olmayacaq. Amma Rusiya da durduğu yerdə Türkiyəyə qaz ixracatını dayandıra bilməz. Çünki bu, Rusiyanın özünə zərər vuracaq. Həmçinin Suriyada vətəndaş müharibəsi davam etdikcə, Rusiya Əsədə dəstək verdikcə iki ölkə arasındakı münasibətlərdə müəyyən qədər soyuqluq hər zaman qalacaq. Taki bu savaş bitənə kimi".

Politoloq qeyd edib ki, Rusiya vəziyyətə daha ciddi şəkildə baş qoşsa bu nəinki münasibətlərin gərgin olmasına şərait yaradacaq, hətta proseslər müharibə səviyyəsinə çata bilər: "Rusiyadakılar hazırda ağıllarına gələni danışırlar. Hətta ekspertlər PKK-ya silah və raket verilməsini, onların da Türkiyə təyyarələrini vurmalarını təklif edirlər. Türkiyəni qarşıdırmaq istəyirlər. Əgər Rusiya yenidən Türkiyə sərhədlərini pozmaqda davam etsə, yaxud Türkmənlərin mövqeyini bombardman etsə münasibətlər normallaşmayacaq. Gərgin olaraq qalacaq. Ona görə seçim Rusiyanındır. Onlar seçməlidir ki, Türkiyəni tərəfdaş dövlət, yoxsa düşmən kimi görmək istəyirlər. Türkiyə haqlı olaraq Rusiya təyyarəsini vurdu. Çünki onlar iki dəfə sərhədi pozmuşdular. Türkiyə isə xəbərdarlıq etmişdi ki, bir dəfə də bu olsa təyyarə vurulacaq. Rusiya isə bunu qulaq ardına vurdu. Niyə Rusiya türkmənlərin yaşadığı bölgələri bombardman edir? Ordakı İŞİD yoxdur. Onların belə etməsi artıq Türkiyənin mövqelərinə də mənfi təsir edir. Çünki bu məsələ onlar üçün həssas mövzudur. Rusiya təxribatlar yoluna baş vurub Türkiyəni qarışdırmaq istəsə, PKK ilə əlaqələri gücləndirsə və ya ermənilərdən istifadə etməyə çalışsa onda münasibətlər bir az daha gərginləşəcək".

Elxan Şahinoğlu belə bir vəziyyətdə hansısa dövlətin iki ölkə arasında vasitəçilik etməsinin doğru olmadığını bildirib: "Azərbaycan kiçik dövlətdir. Biz istəyirik ki, münasibətlər normallaşsın. Amma Azərbaycanın tək vasitəçi olması nə qədər real ola bilər ki? Əgər razılaşma mərhələsinə gəlinsə, hər iki ölkənin özü bunu həll edəcək. İndi Azərbaycanın və ya başqa dövlətin meydana çıxaraq vasitəçilik təklif etməsi düzgün olmaz. Heç buna tərəflər də razı olmaz. Bir az vaxt keçməlidir ki, məsələyə soyuqanlı yanaşılsın".

Sevinc YASİNQIZI
AzNews.az