Xalqı yadında saxlayan, xalqın yadında qalmayan peşə sahibidi jurnalistlər. Xalqı yadında saxlayan, xalqın yadında qalmayan peşə sahibidi jurnalistlər.

Bəs deyirdiniz “heç kim unudulmur, heç nə yaddan çıxmır!”

Xalqı yadında saxlayan, xalqın yadında qalmayan peşə sahibidi jurnalistlər.


Xalq qədər də aidiyyəti qurumlar, şəxslər laqeyd qalanda, ömrünü xalqının dərdlərini ifadə edən sözə bağlayan söz adamı unudulmağa başlayanda təəssüf yarasına açılan ilk şırımların göynərtisi ürpəşdiricidi. Və bu gün bu aqibəti yaşamağa başlamış İbrahim Rüstəmlinin nə yaşına önəm verirəm, nə də onun "Xalça" və "Qıfıl" kimi sanballı povest və hekayələrinə görə söz adamı olmağına. Mənim diqqətimi bu imzanın həyatının tam 20 ildən çoxunu Azərbaycan Ordusuna və bu Ordunun qəzetinə qurban verməsi çəkir. Çünki "Azərbaycan Ordusu" yaranan ilk gündən bu qəzetin qurucuları ilə bir sırada olan, bir addımlayan, bütün uğur və qələbələri bir-bir aktivinə yazan bir imza var hərbi jurnalistikamızda: İbrahim Rüstəmli.

Top-tüfənglə, rütbə ilə gələnlərin yalın əllə getdiyi bu sahədə sıravi müxbir kimi işə başlayıb karyerasını baş redaktor olaraq tamamlayıb! "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsinə layiq görülməklə. Və fərqlənən yeganə hərbi jurnalist olmaqla, eləcə də güc strukturlarında (2005-ci ildə) prezident sərəncamı ilə "əməkdar jurnalist" fəxri adı alan yeganə yazar kimi...

Tam sərasər iyirmi üç il Azərbaycan Ordusunun – xalqın bağrından qopan gücün əsgər şərəfini ləyaqətlə qoruya bilib o. Həm düşmənlərlə vuruşub döyüş meydanının səngərindən, həm də çalışdığı redaksiyada tutduğu mövqedən. İbrahim Rüstəmli bəzən Azərbaycan Ordusunda özlərinə yer ala bilmiş erməni xislətli rəhbər kadrlarla da üz-üzə gəlib. Lakin tarixin məğlubedilməz sərkərdələri az olduğu kimi, 20 illik mübarizənin sonunda... qələmini-silahını yerə qoyub – istefaya gedib! Ləyaqətlə! Özünün də, imzasının da, Ordu zabitinin də şərəf və ləyaqətini qorumaqla...

Bəli, məhz bu mənada İbrahim Rüstəmli yeganə jurnalistdi ki, düşmənlə vuruşmaq üçün sapı özümüzdən olan baltaların da arxadan zərbəsini dəf etməklə düşmən üstünə irəli atılıb. Azərbaycan Ordusunu təbliğ, Vətənə xidməti təşviq etməklə yanaşı, həm də düşmənin ən alovlu vətənpərvərlərinin də kimliyini qabarıq şəkildə ifadə edib, öz payına öz gücündən xaric güclə təkbaşına qələbəyə imza atıb! İbrahim Rüstəmlinin düşmən ordunun və dövlətin, eləcə də düşmən xalqın ən sevimli, ən qəhrəman isimlərinə açdığı atəşi boşa atılmış güllə saymaq olmaz. Mətbuatla və konkret olaraq hərbi jurnalistika ilə maraqlananlar hələ bir iyirmi il də onun "Mənim Ali Baş Komandanım", "Serj Sarkisyanın heç yerdə görmədiyiniz portreti", "Qraçik Muradyana açıq məktub", "Mənim erməni oğlum", "Frans(u)a sindromu", "Melik-Şahnazaryana açıq məktub" və digər bu tipli yazılarını unutmayacaqlar.

Yazılarıyla da daim ermənilərə qarşı döyüşən İbrahim Rüstəmlinin kürəyinə "Səfər Əbiyevin adamı" damğasını vuranlara, ünvanına min cür uydurmalar yazdıranlara nədən "Səfər Əbiyev Ermənistanın müdafiə naziriydi ki?" sualını verən olmadı, nədən! Bəlkə tabeliyində xidmət etdiyi nazirə qarşı əlinə qılınc alıb savaşa qalxmalıydı?!. Axı İbrahim Rüstəmli necə nazir Səfər Əbiyevin adamı oldu ki, gözünün ağı-qarası bircə oğlu döyüş bölgəsində, Murovda xidmət etdi, handa ki, komandirinin oğlu burdan bura – Salyanda? İndi istefada olan İbrahim Rüstəmli zabit şərəfini qoruduğunu hər zaman nümayiş etdirib. Rəhim Qazıyevin dönəmindən ta Zakir Həsənova qədər.... Ən azından Səfər Əbiyevin adına ünvanladığı teleqramda - müraciətdə istefasının səbəbini birbaşa və açıq mətnlə vurğulayıb: Azərbaycan Ordusunun şərəf və ləyaqətini təhqiramiz davranışıyla ləkələyən bir generalın tabeliyində xidmət edə bilmərəm! Axı çox az sonra yeni nazir Zakir Həsənovun özü də apardığı kadr islahatlarıyla sübut etdi ki, Azərbaycan Ordusunun rəhbərliyində belə kadrlara yer ola bilməz!

Mən yazını məxsusi İbrahim Rüstəmli və "dahi rəhbər" ayaması ilə elə öz "kadrları" tərəfindən daim məsxərəyə qoyulan bir general arasındakı münasibətlərə kökləmirəm. Mən diqqəti Azərbaycan Ordusunun tam sabit və yeganə kadrına cəlb etmək istəyirəm. Dizi üstə cəbhə bölgəsindən reportajları, məqalələri, oçerkləri ilə xalqın döyüşə atılmalı gənclərinə vətənpərvərlik ruhu aşılayan İbrahim Rüstəmlinin hər gün döyüş əzminə balta çalınıb və o... Vətənə xidmət naminə dözüb! Qazancı nəydi ki? Yazırdı – başının üstündən, qulağının böyründən güllə vıyıldayırdı, ayağının altında mərmi partlayırdı, həyatını döyüşün qəfillikləri lərzəyə salırdı, amma bir daha... bir daha... bir daha döyüş bölgəsinə gedirdi! Yeyib-içmək də yox idi ki onda, deyəsən, hə. Azərbaycan Ordusunun bit-birəli günlərimi yadımızdan çıxıb? Döyüş bölgəsindən yazırdı, döyüşçüdən yazırdı, dövlətin gücündən, inamından yazırdı və qonorar alırdı! Qazancı aldığı qonorar və maaş qədər olan İbrahim Rüstəmlinin illərin o üzündə vətən sevgisinə görə itirdiyi sağlamlığı, cavanlığında görmədiyi günləri nə üçünmüş bəs? Bir "sağ ol"la – rəsmi təltiflərlə dəyərləndirilən, əvəzində yüzlərlə böhtan dolu yazılarla əsəbləri alınan bir zabitə bir əsgər salamını da qıymazlarmı?

Həmişə eşitdiriblər də, yazdırıblar da: "heç kim unudulmur, heç nə yaddan çıxmır" Amma və lakin... indi görünən budu ki, hərbi jurnalistikanın fədakar bir imzası beş-on təəssübkeşin yaddaşından silinməsə də, artıq ortada yoxdu, görməzlikdən gəlinir! Farağat! Diqqət mərkəzə! İbrahim Rüstəmli ölməyib e! Burdadı, Bakıda! Qısaca bildirirəm: "Unutsaq, unudularıq!", "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" şüarının yalan çıxmağına baxmayın – o şüardı, mənim yazdıqlarım isə həyatın aksiomu!..



Aydın CANIYEV