Ceyhun MUSAOĞLU Ceyhun MUSAOĞLU

AzNews.az adlı beşinci fəsil

Ceyhun MUSAOĞLU


Necə də gözəldir: sayt rəhbəri olmayasan, ama xeyli sayda saytın olsun. Hətta o saytların rəhbərlərindən hər dəfə bu sözləri eşidəsən: "Sayt sənindir". Bu sözlərin müəlliflərinin səsindəki mərdlik ahəngi qulaqlarımdan çəkilmir.

Bu gün, məhz bu gün onun səsindəki mərd doğmalığı daha aydın eşidirəm. Onun günüdür. Fəsillərdən "Aznews", günlərdən Elçin Zahiroğlu. Dörd fəsli birləşib beşincini yaradırsa, sonuncunun adı JURNALİSTİKADIR. İstedadlı həmkarlarımın rəhbərlik etdikləri KİV orqanlarının hamısı beşinci fəslin nümunəsidir.

Onlar təkcə xəbər istehsal edib, onu yaymaqla məşğul olmurlar, həm də jurnalistikaya atılan daşlara sinə verirlər. Elçinin əlini sinəsinə apardığının tez-tez şahidi oluram. Yox canım, nə ürək? Jurnalistlər çoxdan ürəklərini beyinlərində əridiblər. Ağrı həmin daşların zərbəsindən qalan nişanələrin yerindədir.

4 ili 40 ilinə bərabər oldu, Zahir kişinin oğlunun. Xarakterində kübarlıq var. Kübar adamlar başqalarının pis hərəkətinə baxıb, özləri utanarlar. Dostumun saytın yaradılış gününə həsr olunan Qafqazinfo.az saytına verdiyi müsahibəsini oxumaq yetər ki, onun rəhbərlik etdiyi sayt haqqında dolğun təsəvvür yaransın. Elçin deyir: "Biz istinad üçün redaksiyalara zəng eləmək, hər hansı etiraz yazıları hazırlamağa vaxt itirmək istəmirdik. Əksinə, həmin vaxtı oğurlanmış xəbərin təfərrüatlarını və yaxud rəsmi qurumların o xəbərlə bağlı mövqeyini öyrənməyə sərf edirdik".

Əsəbdə itirib, nüfuzda qazanmaq qanunu. Ardını oxuyaq: "Mən utanmışam, hansısa media rəhbərinə, Azərbaycan jurnalistikasına töhfə verən, insanları informasiya ilə təmin edən kapitanlara, jurnalistlərə zəng edib, onlara oğurluq etdiklərini xatırlatmağa. Bəzən ən vicdansız adamı belə öz adıyla çağırmağa qıymırsan". Gərginliyə dözərək, ləyaqətdə qazanmaq qanunu.

Razıyam, jurnalistikanın vahid qanunu var. Bura öz dəsti-xətt qanununu əlavə edəndə Aznews.az saytı olursan - tərəf tanımırsan, dostu incitmirsən. Ziddiyyət yoxdur. Çünki dostun da sənə qınaq gətirəcək xahişdə bulunmur. Səni fakt qarşısında qoymur. Tanıyır. Bilir ki, məqsədin nə dəbdəbəli kabinet, nə təyyarə görünüşlü maşın, nə də dağ nəhənglikdə ev olub. Oxuyub ki, heç məqsədin olmayıb. "Başlayanda bir məqsədim olub: özüm, imzam, münasibətim, hər hansı marağım yox, xəbərim görünsün" - bax bunları oxuyub. Özündən, imzasından, münasibətindən keçən adam. Bizim adam. Həmkarımız. Dostumuz. Saytımız. Aznews.az kimi saytımız - xəbərində tərəf yox, müsahibəsində münasibət, reportajında demoqogiya. İlk dəfədir bu boyda səltənət sahibi olduğumun fərqinə varıram. Deyirsən ki, redaksiyada jurnalist azdır? Bəs biz kimik - Mən, Nicat Dağlar, Elbrus Ərud, Niyaz Niftiyev, Elşad Eyvazlı, Elşad Paşasoy, Elşad Məmmədli, Aqil Camal, Rey Kərimoğlu, Anar Niftəliyev, Ruslan Xəlil, Zahir Əzəmət, Elnur Məhərrəmli, Anar Yisifoğlu, Jalə Mütəllibova, Ramilə Qurbanlı və bir yazıya yerləşdirə bilməyəcəyim daha onlarla imza... Biz hamımız bir-birimizn deyilikmi? Bir vətənimiz var - Jurnalistika. Azərbaycan adlı məmləkətdə, jurnalistika adlı Vətəndə, müstəqillik adlı dövlətin dayağında gecə-gündüz xəbərin keşiyini çəkən adamların cəmi bir fəsli olur - Beşinci fəsil. Bütün fəsillərin cəmi. Aznews.az-ın fəsli. Onlar yayda istilənmir, qışda donmur, payızda kədərlənmir, yazda qaynamırlar. Onlar başqalarına oxşamırlar. Elə başqaları ilə toqquşmaları da bu oxşamazlıqdan yaranır.

"Qanıqara, gərgin, səssiz-səmirsiz cümlələr arasında sanki möcüzə axtaran əməkdaşlarımızın nə vaxtsa qəhqəhə ilə güldüyünü eşidirəmsə, deməli, ictimailəşdirdiyimiz probemlərdən hansısa həll olunub" - Elçin deyib. Həmin müsahibədən götürdüm. Yaranış gününüzdə Sizə ünvanalayacağım arzunu da özün dedizdirdin, Elçin Zahiroğlu. Bütün gülüşləriniz problemlərin həllindən xəbər versin!