03:15
(077) 610-22-33

Həmin Qənirə Paşayevadı, heç dəyişməyib...

  • >
26 227 9 Avqust 2016 11:14 | Cəmiyyət

Seymur Verdizadə


Biz həmkar, köhnə dost olsaq da, çoxdandı görüşmürdük. Tədbirlərdə arabir qarşılaşsaq da, salamlaşıb keçirdik. Söhbət etməyə, cəmiyyəti düşündürən problemlər barədə fikir mübadiləsi aparmağa vaxtımız olmurdu. Konkret missiyanın daşıyıcısı olan insanlar üçün vaxt həmişə qızıldan qiymətlidir...

Millət vəkili Qənirə Paşayeva ilə axırıncı dəfə 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı ətraflı söhbət etmək imkanım olmuşdu. O vaxt Modern.az saytında "Deputat vədi" rubrikası altında silsilə məqalələr yazırdım. Qənirə xanımla təsadüf nəticəsində Tovuzda görüşmüşdük. Jurnalist həmrəyliyi, üstəlik, tovuzlulara xas olan qonaqpərvərlik duyğularının baş qaldırması səfərimin bir gün uzanması ilə nəticələnmişdi. Həmin gün bloknotumu qoltuğuma vurub, səhərdən-axşama kimi Qənirə xanımı müşayiət etmişdim. Ertəsi gün redaksiyada qeydlərimi nəzərdən keçirəndə məlum olmuşdu ki, dünən Qənirə Paşayeva ilə birlikdə 6 yas, 1 toy məclisində iştirak etmişəm. O vaxtdan Qənirə xanım mənim yaddaşımda daha çox XEYİRƏ-ŞƏRƏ YARAYAN ADAM kimi qalıb.

Tanıyanlar da təsdiqləyərlər: millət vəkili Qənirə Paşayeva təkcə öz el-obasının, qohum-qardaşının xeyrinə-şərinə yaramır. Onu ehtiyacı olan hər kəsin yanında görmək mümkündür. Birinin sevincini, digərinin kədərini bölüşür. Hələ bir neçə il əvvəl uzaq Somalidə ehtiyac içərisində yaşayan insanlar üçün yemək bişirəndə dövrə vurub qazanın ətrafında oturmuş ac uşaqların gözlərindəki sevinci sosial şəbəkələrdə yayılan şəkillərdən sezmişdim...

...Üzvü olduğum "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin təşkilatçılığı ilə iyulun 11-də Tovuz şəhərində "Ağ ölümdən gənclərimizi qoruyaq" şüarı altında tədbir keçirirdik. İyulun 10-da axşam TUMİB sədri, tələbə dostum Çingiz Bayramovun doğulub boya-başa çatdığı Aşağı Quşçu kəndində çay süfrəsi arxasında söhbət zamanı Qənirə Paşayevanın da Tovuzda olduğunu öyrəndik. Qərar qəbul edərkən həmişə çevik davranan Çingiz bəy dərhal telefona əl atdı: "Qənirə xanımdan xahiş edəcəm ki, sabah 12-də bizim tədbirdə iştirak etsin".

Bu təklif ürəyimdən olsa da, narahatlığımı gizlətmədim: "Qənirə xanım sabah 12-yə kimi ən azı iki tədbirdə iştirak edəcək. Əgər həmin vaxt görüşdə olmasa, mütləq bizim tədbirə qatılacaq".

Təxminən iki dəqiqə çəkən telefon danışığı bir az əvvəlki ehtimalımın doğru olduğunu təsdiqlədi. Çingiz Bayramov dedi ki, Qənirə xanım bizi sabah 10-da Düzqırıxlı, 11-də isə Qovlarda məktəblilərlə keçiriləcək görüşlərə dəvət edir.

Masa arxasında əyləşən insanların təəccüblə mənə baxdıqlarını görəndə, izahat vermək məcburiyyətində qaldım: "Qənirə Paşayevanın imkanı olsa, fələkdən hər gün üç-dörd saat vaxt borc alar. Qənirə xanım günorta 12-yə kimi evdə otursa, bu qədər işin öhdəsindən gələ bilməz".

Ertəsi gün səhər saat 10-da Düzqırıxlı kənd orta məktəbin həyətinə çatanda bizi böyük coşqu ilə qarşıladılar. Orda öyrəndik ki, qonağı olduğumuz bu təhsil ocağı millət vəkili Qənirə Paşayevanın təhsil aldığı orta məktəbdir. Son dərəcə maraqlı, yaddaqalan tədbir oldu. Qənirə xanım əvvəlcə uşaqlardan yay tətilini necə keçirdiklərini soruşdu. Sonra onların tətildə hansı kitabları oxuduqları ilə maraqlandı. Axırda isə sual-cavab başladı. Şagirdlər bəzən suallara doğru cavab verməyəndə onun necə əsəbiləşdiyini, haldan-hala düşdüyünü sezmək olurdu. Qənirə xanım narahatlığını gizlətməyə çalışsa da, mən 19 illik jurnalist təcrübəmə əsaslanıb, bunu müşahidə edirdim. Məktəblilər suallara doğru cavab verəndə onun sifətinin ifadəsi dəyişir, sevincdən gözləri parıldayırdı. Müəllim ailəsində böyüdüyüm üçün mən belə mənzərələrlə çox qarşılaşmışam. Yalnız müəllimlər öz şagirdlərinin uğuruna bu cür sevinə, müvəffəqiyyətsizliyinə belə kədərlənə bilirlər...

Görüş zamanı Qənirə Paşayeva şagirdlərə çoxlu bədii ədəbiyyat oxumağı məsləhət gördü. O, hətta yuxarı sinif şagirdlərinə konkret müəlliflər tövsiyə etdi. Sonra da söz verdi ki, məktəb açılanda onlarla təkrar görüşüb, kimin hansı kitabları oxuduğu ilə maraqlanacaq. Bu görüşün ən yaxşı tərəfi o idi ki, evlərinə dağılışanda uşaqların hərəsinin əlində bir kitab vardı. Həmin gün Qənirə xanım heç kimi hədiyyəsiz yola salmadı...

Saat 11-də Qovlar şəhərində baş tutan görüş də maraqlı keçdi. Qənirə xanım şagirdlərin qarşısında yenə müxtəlif öhdəliklər qoydu, onlara yerli və xarici ədəbiyyat nümunələri hədiyyə etdi. Şagirdlərin gəlişi ilə təkcə qonaqlar və müəllimlər deyil, o gözəl məktəb binası da şənlənmişdi...

QHT Şurasının dəstəyi, TUMİB-in təşkilatçılığı ilə saat 12-də Tovuz şəhərində baş tutan "Ağ ölümdən gənclərimizi qoruyaq" adlı tədbir də yüksək səviyyədə keçdi. İxtisasca həkim olduğundan Qənirə Paşayeva hamıdan maraqlı danışdı.

Saat 15-də gənc şairə Gülnar Səmanın sözünün işığına yığışdıq. Sonra isə Qənirə xanımla birlikdə Vahidli kəndinə üz tutduq. Həmin gün bizi bir saniyə belə tək buraxmayan gənc dostum İsmayıl Bayramzadə ilə birlikdə Vahidli kənd orta məktəbin həyətindəki meyvə bağından bir neçə şirin armud dərib həzmi-rabedən keçirəndə içəridə qızğın söhbət gedirdi...

Rayon mərkəzinə qayıdanda toran qovuşmuşdu. Məlum oldu ki, şairə Gülnar Səmanın yenicə işıq üzü görmüş "Gül" adlı kitabının təqdimat mərasimində iştirak etmək üçün Bakıdan və respublikamızın müxtəlif bölgələrindən gələn gənc şair və yazıçılar Qənirə xanımla görüşmək istəyirlər. AYB-nin mətbuat katibi, şair dostum Xəyal Rza gənc yazarları dərhal bir araya cəm elədiyindən dincəlməyə vaxt qalmadı. Ədəbiyyat söhbəti gecə 2-yə kimi davam etdi. Saat 2-də biz qonaq qaldığımız evlərə, Qənirə Paşayeva isə ertəsi gün dəvətli olduğu mühüm bir tədbirə qatılmaq üçün Bakıya üz tutdu.

Dostum Çingiz Bayramovla birlikdə Aşağı Quşçu kəndinə çatanda gecə yarı olmuşdu. Nazim kişinin min bir əziyyətlə becərib-böyütdüyü ağaclar da ev sahibləri kimi yatmayıb, qonaqların yolunu gözləyirdilər. Dağların arxasından əsən sərin meh adamın qəlbini oxşayır, ruhunu təzələyirdi. Bir az əvvəlki yorğunluqdan indi əsər-əlamət qalmamışdı. Qənirə Paşayeva ilə birlikdə son dərəcə məhsuldar bir gün keçirdiyimizdən əhval-ruhiyyəmiz yüksək idi. Bir gün ərzində baş tutan görüşlər Qənirə xanımla bağlı qənaətimi yenidən möhkəmləndirdi. Bir daha əmin oldum ki, bizim jurnalist həmkarımız elə 6 il əvvəlki Qənirə Paşayevadı, heç dəyişməyib O, yenə insanlara kömək edir, cəmiyyəti maarifləndirir, aktual problemlər ətrafında müzakirələr aparır, üz tutduğu xarici ölkələrdə Azərbaycanın haqq səsini duyurur.

Altı il əvvəl olduğu kimi...


Bağla X