İxtisas seçən zamanı əmək bazarını öyrənməlidirlər. İxtisas seçən zamanı əmək bazarını öyrənməlidirlər.

İşsiz gənclər bu yolla iş tapa bilərlər - Video

İxtisas seçən zamanı əmək bazarını öyrənməlidirlər.


Gənclərin işsizlik səviyyəsi digər yaş qruplarına nisbətən iki dəfə çoxdur. Burada bu kateqoriyadan olan insanların təcrübəsiz olması ilə yanaşı, işəgötürənlərin tələbləri də vacib rol oynayır. Bu gün bir çox gəncin qarşısını kəsən əsas məsələlərdən biri də işəgötürənlərin xarici dillə bağlı qoyduğu tələblərdir.

23 yaşlı Əkrəm Hüseyn iş tapmaq üçün indiyədək müxtəlif sahələrdə bəxtini sınayıb. Bəzi hallarda ali təhsilli olmaması onun işləməsinə əngəl törədir. Amma ali təhsil tələb olunmayan digər işlərdə isə xarici dil problemi ilə üzləşir: "İndiyə qədər baş vurduğum bir çox yerlərdə dil problemi ilə üzləşmişəm. Əsasən də rus dili. İngilis dilini normal bilirəm, amma rus dili problem yaradır".

Gitarada ifa bacarığına görə Əkrəmi kurslara müəllim kimi dəvət ediblər. Lakin burada da əcnəbi dil faktoru onun yolunu kəsib. Əmək məcəlləsinə görə 15 yaşı tamam olan hər bir şəxsin işləmək hüququ var.

Vəkillər kollegiyasının üzvü Siracəddin Kərimovun sözlərinə görə, müəyyən spesifik sahələrdə xarici dillə bağlı tələbin olması zəruridir. Özəl sektorda bu cür müqavilələr işəgötürənin tələbləri əsasında formalaşması bəzi hallarda müəssisə sahiblərinin istədiyini etməsinə zəmin yaradır. Hüquqşünas bununla bağlı qanuna əlavələrin olunmasının tərəfdarıdır: "Hər hansı bir xarici dilə və peşəyə ehtiyac yoxdursa, yazırlar ki, 20 yaşından 30 yaşına qədər qadınlar, qızlar tələb olunur. Pensiya yaşına çatmayıbsa və hər hansı bir əlilliyi yoxdursa, bunu nə üçün işə götürməyəsən? Məncə bu barədə əmək məcəlləsinə əlavələr olunmalıdır".

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov isə deyir ki, müəssislərin, işəgötürənlə bağlı öz şərtləri olur. Lakin gənclər də ixtisas seçən zamanı əmək bazarını öyrənməlidirlər. Bundan əlavə gənclərin işsizlik səviyyəsini minimuma endirmək üçün Dövlət Məşğulluq Xidməti gənclər üçün peşə yönümlü tədbirlər həyata keçirir: "Gənclərin müəyyən sahələr üzrə özlərini tapmaması və düzgün peşə ixtisaslarının seçməməsi var. Bu da sonradan gənclər üçün müəyyən problemlər yaradır".

Dövlət Məşğulluq Xidmətindən onu da bildirirlər ki, Əkrəm kimi gənclər ilk olaraq sözügedən quruma müraciət etməlidir. Burada qeydiyyata alındıqdan sonra xidmət işaxataranların bacarığına uyğun sahələri müəyyənləşdirərək təkliflər hazırlayır.

Region TV