03:12
(077) 610-22-33

Mediada Lənkəranski ajiotajı - Kimdir “neprav” + Rəylər

  • >
37 538 20 Avqust 2016 13:37 | Cəmiyyət

Ölkə mediasının Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qətlinə geniş yer ayırması, onun haqqında silsilə yazılar tirajlaması birmənalı qarşılanmayıb. Bir qisim “qanuni oğru”nun qətlinin bu qədər şişirdilməsini onun cəmiyyətə qəhrəman kimi təqdim edilməsi anlamına gəldiyini düşünür.


Bəs əslində medianın səhvi nədir? Həqiqətənmi Lənkəranski haqqında verilən yazılar onun təbliğidir?

AzNews.az bununla bağlı baş redaktorlar və media ekspertləri arasında sorğu keçirib.

Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli:



"Media, jurnalist etikası deyilən bir anlayış var. Jurnalistlər istər qanun çərçivəsində, istərsə də ümumi əxlaq çərçivəsində olmayan məsələlərin nə təbliğ olunması prosesinə girişməlidir, nə də əksinə. İndiki halda Mətbuat Şurasının qəbul etdiyi peşəkar jurnalist əxlaq kodeksi deyilən bir anlayş var. Bu, orada da öz əksini tapıb. Azərbaycanda zaman-zaman məsələlər tərs baxış bucağına yatırılır. Yəni, qəhrəmanlar xain, xainlər isə qəhrəman kimi təqdim olunur. Əlbəttə ki, həyatını dəyişən insanlar yaxınları, əzizləri üçün dəyərlidir. Amma onun cəmiyyətdə hansısa hekayələrlə qəhrəman elan edilməsi, bir nümunə kimi göstərilməsi əlbəttə ki, gələcəkdə gənclərin də eyni istiqamətə meyl etməsinə yaşıl işıq yandırmaqdır. Düşünürəm ki, media burada etik problemlərlə üz-üzədir. Yəni, media bu mövzuda uduzur. Çünki bir tərəfdə ola bilsin ki, bu tip yazıları sifariş verənlər var. Bu məsələ onların bu tip fəaliyyətini də önə çıxarır. İkincisi isə buna nəzarət edən qurumlar var və onlar kifayət qədər susqundur. Jurnalistləri digər məsələlərdə "çarmıxa" çəkən Mətbuat Şurası nədənsə bu tip şeylərdə susqunluq nümayiş elətdirir. Medianın qanunvericiliyi pozması ilə bağlı onlardan bununla bağlı heç bir açıqlama, yaxud da xəbərdarlıq eşitmədim".

Media eksperti Qulu Məhərrəmli:



"Azərbaycan mediasının son 10 ildə meyl elədiyi əsas mövzulardan biri qeyri-ənənəvi, normadan kənar mövzulardır. Cəmiyyət üçün bunlar xarakterik deyil, amma media o hadisəni əsas gündəmə çevirir. Lənkəranski əslində mətbuatın yaratdığı bir qəhrəmandır. Oğru dünyasında isə bu, başqa bir mövzudur. 1990-cı ilin əvvəlində bu mövzu gündəmdəydi. Bir müddətdən sonra səngidi, amma sonra cinayət aləminin qəhrəmanlarına çevrildi. Hazırda isə mətbuatın qəhrəmanlarıdır. Lənkəranskinin ölümünün mətbuatda işıqlandırılmasında qeyri-adi heç nə yoxdur. Ölən adam haqqında nəsə yazmaq artıq ənənəyə çevrilib. Auditoriya nəyə maraq göstərirsə, media da ona maraq göstərir. Yaxud da əksinə".

"Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı:



"Kriminal aləmin "romantikası" məni heç vaxt maraqlandırmayıb. Camaata gəldikdə isə onlar qəhrəman axtarışındadırlar. Heç yerdə tapmadıqları üçün düşünürlər ki, oğrular Robin Quddur. Media da elə həmin camaatdandır. Başqa bir şey gözləməyə dəyməzdi".

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı:



"Medianın işi xəbər olan hadisəni yazmaqdır. Rövşən Lənkəranskinin personası oxucu üçün maraqlıdır, ona görə də media əlbəttə bununla bağlı xəbərləri yazmalı, tirajlamalı, prosesi izləməlidir. Medianın bir institut olaraq vəzifələrindən biri də bütün münasibətlərin hüquq sistemi çərçivəsində müəyyənləşdirilməsini və aydınlaşdırılmasını təbliğ etməkdir. Media bundan kənar münasibətlər sistemini təbliğ etməməlidir. Amma bu da reallıqdır ki, müasir dünyada münasibətlərin müəyyənləşdiyi kriminal müstəvi də var. Media real olanı görməli, yazmalı və müzakirə etməlidir. Yazdığına və müzakirə etdiyinə görə, medianı qınamaq olmaz. Amma təbliğat məsələsi olanda vəziyyət dəyişir".

"Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev:



"Düşünürəm ki, Rövşən Lənkaranskinin ölümü xəbər idi. Media onun ölümünü cəmiyyətə çatdırmaqla işini bitmiş hesab etməli idi. Medianın uydurdugu "qəhramanlıq" axtarışları lüzumsuz idi. Lənkəranski bütün hallarda cinayətkar aləmin adamı idi, bəlkə də daha yaxşı adamı. Allah rəhmət eləsin. Amma mətbuatın işi maarifləndirmədir. Bu məsələnin isə maarifləndirici tərəfi yoxdur. Mövzunun bu qədər gündəmi zəbt etməsinə şərait yaradanları başa düşə bilmirəm".

"Yeni müsavat"ın redaktoru Xalid Kazımlı:



"Kriminal aləmin mövcudluğu gerçəklikdir. Həyatımızın bir parçasıdır. Burada da parlaq, hökmlü, xarizmatik, şöhrətli insanlar var. Bir gün onların ən öndə gələn liderlərindən biriylə bağlı belə bir hadisə baş verirsə və 10 min adam ona görə bir araya gəlirsə, bu, artıq hadisə deməkdir və media hər bir hadisə barədə yazmalıdır. Məncə, Rövşən Lənkəranskinin qətlinə və dəfninə bu sayaq böyük diqqət kriminal aləmə rəğbətdən yox, o adamın özünün şəxsi xarizmasından və fəaliyyətindən qaynaqlanır. Belə təbliğatın nəticəsinə gəlincə, qorxulu bir şey yoxdur. Bu, fərdi məsələdir. Parlaq yazıçı, jurnalist, musiqiçi olduğu kimi, bu da parlaq avtoritet idi. Ona rəğbət kriminal aləmə rəğbət demək deyil".

"Axar.az" saytının redaktoru Pərviz Cəbrayıl:



"Nəticələr göz qabağındadır. Onun ölümü və ondan sonrakı proseslər, eləcə də bütün medianın bu tip sorğulara məcbur olması. İndiki nəticə budur. Sonrakı nəticə: Azərbaycan gənci elmin, sənətin, ciddi doplomatiyanın, siyasət elminin ardınca yox, yanlış sahələrə qəhrəmanlıq yoluyla gedəcək və həmişə də bütün bəşəriyyət naminə ömrünü çürüdənlər yox, lokal xeyirxahlıq və bir daha təkrar edirəm, yanlış sahələrdə qəhrəmanlıq edənlər kumir olacaq. Təkcə Rövşənin deyil, Azərbaycanın gələcəyinin də ruhu şad olsun. Amin!"

Kriminal aləmlə bağlı silsilə yazıların müəllifi, "Lent.az"ın redaktoru Səbuhi Məmmədli:



"Rövşən adi cinayətkar deyildi. Necə deyərlər kriminal aləmin generalıydı. Onun ətrafında xırda bir informasiyanın xüsusi çəkisi, tiraji da bununla bağlıdı. Lənkəranskinin qətli və dəfnindən hazırlanan xəbər və reportajların ajioatajlığı da bununla bağlıydı. Burada təbliğdən söhbət getmir sadəcə personasının tirajlı olması belə qənaət yaratdı".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X