AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı ittiham irəli sürülüb. AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı ittiham irəli sürülüb.

Əli Kərimlinin köməkçisinə qarşı ittiham - FETÖ işi ilə bağlı

AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı ittiham irəli sürülüb.


AzNews.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Aqil Layicov məlumat verib.

Vəkilin sözlərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi üzrə ittiham irəli sürülüb. Vəkil bildirib ki, F.Əmirli bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib: "Daha sonra o, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsinə köçürülüb".

Qeyd edək ki, ilkin yayılan məlumatlara görə, onun avtomobilindən Fətullah terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Xatırladaq ki, avqustun 19-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq Azərbaycanda FETÖ-çülərə qarşı əməliyyat keçirib. İki qurumun birgə yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasında mobil rabitə xidmətləri göstərən şirkətlərin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər kimi belə tədbirləri keçirməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu saxlanılıblar.

Müəyyən edilib ki, "Bakcell LTD" MMC-də əsas şәbәkә üzrə baş mühәndis vәzifәsindә işlәyәn Şahin İsrayılov, "Azerfon" MMC-də "Zənglər mərkəzi"ndə operator vəzifəsində işləyən Fuad Әhmәdli, "Azercell Telecom" MMC-nin müştәri xidmәtində operator vəzifəsində işləyən Etibar Musayev ölkә әrazisindә mobil rabitә xidmәtlәri göstәrәn həmin şirkәtlәrdә işә başladıqları vaxtdan 18 avqust 2016-cı ilədək olan müddət ərzində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Vüqar Qasımovun və digər şəxslərin müraciətləri əsasında qanunsuz olaraq mütəmadi surətdə həmin mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yerlər və yerdəyişmələri və sair qapalı məlumatları çıxararaq, SMS yazışmaları və müxtəlif gizli üsullarla Vüqar Qasımova və digər şəxslərə ötürüb fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar.

Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların yaşadığı ünvanlarda keçirilmiş baxış zamanı qanunsuz fəaliyyətlərinə dəlalət edən maddi sübutlar aşkar edilərək götürülüb. Azәrbaycan Xalq Cәbhәsi Partiyasının Xәtai rayon Gәnclәr tәşkilatının sәdri olduğu müəyyən edilmiş Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fəthullah Gülənin çıxışları olan vərəqələr, "Gülən camaatı" adlandırılan qrupun üzvləri, "Hizmət imam"ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər, Vüqar Qasımovun yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarının şəxsi sənədlərinin surətləri, onun adına rəsmiləşdirilmiş xeyli sayda mobil telefon nömrələri və qanunsuz fəaliyyətinə aid digər əşyalar aşkar edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.