Çingiz Özgür Çingiz Özgür

Elçibəyin sevdiyi kimi

Çingiz Özgür


"Burda girdiyiniz hər kasıb daxmanın ən baş divarından O boylanar sizə. İrəliyə doğru zillənmiş müdrik baxışları, gələcək vəd edən nurlu çöhrəsi və sinəsində çarpazlanmış qolları sizi bir ayrı dünyaya aparar. Şəklin altında yazılmış "Biz qalib gələcəyik" yazısı alar, götürər adamı. Buralar təpədən-dırnağa Onu xatırladar. Hər sözdən, hər kəlmədən, hər ocaqdan boylanar Elçibəy...

"Heç kəs öz yerində peyğəmbər ola bilməz" deyimini, bu torpaqda puç edir Elçibəy sevgisi. Bəy öncə elə öz torpağında Bəy olub. Üzünü belə görməyən gənclərdən tutmuş ən yaşlılara kimi hamı hörmətlə danışar Onun haqqında. Burada hər kəsin öz baxışı, öz sevgisi, öz düşüncəsi var Bəy haqda. Tetçerin baxışı, Corc Buşun yanaşması, Turqut Özalın sevgisi çox kiçik qalar burdakı sadə insan yanaşmalarının yanında. İnsanlar Bəyə fərqli baxar, fərqli düşünər. Bütün bildiklərini unudarsan, saf sözlər, sadə insan yanaşmaları alıb götürər səni..."

Dırnaq içində verdiyim iki abzas, bir il öncəki yazımdandır, " Bəy hədiyyə"sindən. Harda qalmışdıq? Sadə insanların Bəyə yanaşmasında . Eləsə davam eləyək.
Danışacağım hadisə bəlkə də bir insan faciəsidi. Ya da, talehdi, yazıdı. Hər nədirsə özünüz qiymət verəcəksiz.

Biz ona "şayir" deyirdik. Kənd adamları hərf üçün xəsislik eləməz, bir "y" hərfi nəmənədir ki, o hərfə görə iki saiti dalbadal deyəsi olasan. O bizim şayirimiz idi. Özü də, Azərbaycanda yox, Türkiyədə dərc olunmuşdu şerlər kitabı. Hələ də mənə hədiyyə etdiyi nüsxəni saxlayıram. Özü danışmışdı kitabın hekayətini.

"Biz burdan İstanbula işləməyə getmişdik, müəllim. Türkiyəlilər demiş, "əkmək parası" üçün. Nə bilim ki, həyatım dəyişəcək... İnşaatda işləyirdik. Patronun evi elə düz inşaatın yanındaydı. Ailəsi ilə yaşayırdı o evdə. Bir gün patronun qızını gördüm. Buna heç gördüm demək də düz olmaz. Hicablı idi, kölgə kimi keçib getdi yanımdan. Bir də onda ayıldım ki, palçıq vedrəsi əlimdə, getdiyi yollara baxa-baxa qalmışam. Sabahısı yenə belə oldu. Vurulmuşdum. Hərçənd ilk dəfəydi ki, aşiq olurdum, ama hiss edirdim ki, möhkəm vurulmuşam. Bu hər gün beləcə davam etdi. Bir də ayıldım ki, ürəyimdə danışıram onunla. Şirin sözlər deyirəm. Sonra bu sözlər təkrarlanmağa başladı. Ürəyimlə beynimin arasında ilk şerlər yaranmağa başlamışdı..."

Türkiyə kimi bir yerdə, fəhləlik edən bir adamın, mühafizəkar bir ailənin qızına, hələ bu qız sənin patronunun qızıdırsa, yaxınlaşmağı söz deməyi mümkünmü? Qətiyyən. Bizim şair eşq atəşi ilə yollar axtarmağa başlayır. Və sonunda tapır. Şerlər yazıb, kitab çap etdirəcəkdi. O kitabdan birini sevdiyi qıza hədiyyə edəcəkdi...

"Deməsi asan idi, məllim. Ama sən gör fəhləlik edən, bütün günü ağır işlərlə məşğul olan adam üçün şer yazıb kitab çap etdirmək nə boyda yükdür. Şerlər onsuzda beynimdə hazır idi. Axşam işimi bitirib gələn kimi, kağız qələm götürür, səliqəylə kağıza köçürürdüm. Bəzən yemək , yuyunmaq belə yadımdan çıxırdı. Onda ayılırdım ki, acından əllərim əsir, iş paltarındayam, ama yazıram. Digər tərəfdən, biz ora kənddəki ailəmizə kömək eləmək, pul qazanıb evə göndərmək üçün getmişdik. Kitab çapına da yaxşıca pul lazım idi axı..."

Məşəqqət düz dörd il çəkir. Hər gün sevdiyi qızın arxasınca zillənən baxışlar, sonra da ürəyi əsə-əsə, geri qayıtmasını gözləmək. İşləmək, pul toplamaq, nəşriyyat axtarıb aramaq, ac qalmaq, susuz qalmaq...

"Çıxış yolunu gecələr qaravul işləməkdə tapmışdım. Çox ağır idi, amma inan ki, yorulduğumu hiss etmirdim. Bəzən iş yoldaşlarım deyirdi ki, çox yorğunsan, get bir az dincəl. Ama mən özümdə yorğunluq görmürdüm. Beynimdə şerlərim idi, sevdiyim qız idi, bir də çap edib ona verəcəyim kitabımın xəyalı..."

Dörd ilin sonunda lazım olan pul toplanır, şerlər hazırdır, nəşriyyat da danışılıb. Ta nə qaldı ki?

"Neçə gecə həyəcandan yata bilmədim, məllim... Kitabın əlimə gəlib çıxacağı tarix bəlli idi. Bir an belə dayanmyacaqdım, özümə söz vermişdim, kitabı alan kimi ilk nüsxəsini qıza hədiyyə edəcəkdim. Nəşriyyatdan zəng gələndə sevindiyimdən telefonun düyməsini sıxa bilmirdim..."

Kitablar hazır idi, həm də düz min nüsxə. Nəşriyyat bundan az nüsxəyə razılaşmamışdı. Halbuki, şairə cəmi bircə nüsxə bəs edirdi. Bu kitabın bircə missiyası vardı...

"Əlimdə kitab, quş kimi uçdum iş yerimə. Sevdiyim bir azdan gələcəkdi. Yolun kənarında dayanıb, gözləməyə başladım. Bir azdan uzaqda görsəndi. Hər gün gözlərimlə bu nöqtəyə qədər yola salıb, bu nöqtədə qarşılayırdım onu. Amma indi içim içimə sığmırdı. Yanıma gəlib çatana qədər keçən zaman aylar, illər qədər idi. Çatdı, yaxınlaşdım kitabı uzatdım. Qız təəccüblü gözləriylə mənə baxdı:
- Bu nə?
- Kitab, hamfendi, kitab. Şiirler kitabım. Ben yazdım həpsini. Okumanızı istərim.
Dilim quruyurdu, məllim. Nəfəsim çıxmırdı. Deyirdim bəlkə indicə boğulub öləcəyəm..."
Qızın cavabı həqiqətən də öldürücü olur. Şair deyir ki, "İstanbul özü boyda dağ oldu, üstümə uçdu. Heç vaxt o uçqunun altından çıxa bilməyəcəyəm. Mənim həyatım, əslində orda bitib, qalanını nə yaşasam, qənimətdi..."

Sevdiyi qız, şairə bircə cümlə ilə cavab verir: "Tamam da, sağ olun. Amma benim okuma –yazmam yok ki..."

Təsəvvür edirsiz? Edə bilirsiz? Mən ha çalışıram alınmır... Və bundan artığına da şərh verəsi deyiləm.

Bura qədər sakitcə danışan şair ayağa qalxıb bir siqaret yandırdı. Tüstüsünü acgözlüklə ciyərlərinə çəkdi, sandım ki o tüstünü ciyərlərində saxlamaq istəyir, qaytarmayacaq. Gözlərini uzaqlara zillədi və məni heyrətə salacaq son sözləri deyib, aralandı.

"MƏN O QIZI, ELÇİBƏYİN AZƏRBAYCANI SEVDİYİ KİMİ SEVİRDİM , MÜƏLLİM. Bunu başqa heç nəylə müqayisə edə bilmərəm. Nəticə də elə oxşar oldu. Bəyin xalq, vətən sevgisi o qədər böyük idi ki, bəzən düşünürəm ki, bu xalqın o sevgini dərk eləməsi üçün " okuma- yazması" kifayət dərəcədə deyildi. Belə də ki, neyləmək olar? Rəhmətliyin bir kitabı vardı ye, yadında məllim? Adı nə idi? Həəə - BU MƏNİM TALEYİMDİR!!!

Nədən danışırdıq? Sadə insanların Elçibəy yanaşmasından... Ruhun şad olsun, Bəy! Səndən sonra biz "okuma –yazma " öyrəndik...