11:27
(077) 610-22-33

Bürüncü gümüşüm, gümüşü qızılımdır

  • >
13 040 22 Avqust 2016 13:41 | Cəmiyyət

Ceyhun Musaoğlu


Nə olsun ki, məzuniyyətdəyəm, xəbərlərdən xəbərsiz qalmaq olmur. Bayrağı göyə ucalan və himni səslənən hansı vətəndaş susar axı? Taekvonoçumuz Radik İsayev Rio-2016 Yay Olimpiya Oyunlarının qızılına çevrilməklə qürurumuzu qızıl qiymətinə yüksəltdi.

Bütün oyunlar siyasətdi. Müasir dünyanın sevgisi də, nifrəti də siyasətdi. Bir hədəf var, bu siyasətdə ucada görünmək. Radiq kimi, onun təmsil etdiyi dövlət kimi.
Çox ola bilərdi. Qızılları gözləyirdik. "Almayacaqlar" deyənlər, "alacaqlar" deyənlərdən qat-qat az idi. O qədər az ki, "yoxmuşlar" deyə bilərik. Deməli inanırdıq, güvənirdik. 56 idmançının 18 medal qazanması böyük hadisədir. Qələbəni qızıla, bürüncə, gümüşə bölməyək. Əksinə, bürüncünə gümüş deyək, gümüşünə qızıl. Dünyanın sükanını avtoşsayağı idarə edənlərin Azərbaycana ikrah dolu münasibətinin şaxələnməsinə rəvac verən mövqe sərgiləməyimiz vətəndaşlıqdan daha çox vətəni daşlamağa bənzəyir.

Asan deyil… Hətta mümkün deyil. Terrorçular ölkələrə qənim kəsilib. Türkiyənin artıq elə bir səhəri yoxdur ki, qardaşı Azərbaycanı kədərə bürüməsin. Azərbaycandasa… qorxuram da yazmağa…inanın ki, asan deyil. Lap bütün sərhədləri dəmir darvazalarla bağlayıb, bu darvazaların enini vətənin uzunluğuna, hündürlüyünü Aveyin şiş ucuna qədər çatdırsan belə, cəmiyyətdəki insani münasibətləri formalaşdırmadan terrorun qarşısını almaq mümkün deyil. Terrorçu əksər hallarda başqa yerdən gəlmir, öz içində yetişir və onun silahı nifrəti olur. Ətrafımıza baxaq, görək bir-birini sevməyən adam varmı? Məni tənqid edir, bir saatdan sonra görüşürük, boynuna sarılıram. Elə o da başqa birisinə münasibətdə belə edir. Bütün dəhşətlərin rüşeymi sevgisizlikdədir. Yoxdur. Bizdə sevgisizlik yoxdur. İlimiz multikulturalizm, günümüz tolerant, ömrümüz sülhpərvərlik...

Səmimiyyət başsağlıqlarından daha çox boy verir. Əziz həmkarım, vətəndaş cəmiyyətinin ünlü siması Nazir Quliyev artıq aramızda yoxdur. Oxuyun, görün barəsində nələr yazırıq. İnsan yox olmaq qədər heç nəyə bunca asan əməl edə bilmir. Düşünürəm: kaş Nazirin bütün tədbirlərində iştirak edəydim. Kaş onun həyata keçirdiyi bütün layihələrin xəbərlərini tirajlayaydım. Kaş onunla harda görüşdük, çox-çox söhbətləşəydik. Peşmanam. Peşman olmaq istəmirsənsə, hər kəsi atan kimi, balan kimi, qardaşın kimi sevəcəksən. Məgər Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edən 56 idmançının hər biri səhnəyə çıxanda onlara baxıb demirdikmi, "sən Allah ehtiyatlı ol", "qadan alım, bir az da döz", "ürəyim partladı, bircə qalib gəlsəydi"?.. Görürsüz, balamız haqqında dediklərimizdir.

"Sən Allah ehtiyatlı ol, mənim balam". Gözəl şüardır, deyilmi? Harda azərbaycanlı varsa, qoy bir-birinə belə desin. Rəhmətlik Rövşən Lənkəranskinin arxasınca da, bu ifadə az deyilməyib. İndi mətbuatı Rövşənin qətli ətrafındakı hadisədən çox yazmaqda qınayırıq. Əlbəttə çox yazılmalıydı. Rövşən bizimkidir – azərbaycanlıdır. "Yaponçik"i də öldürdülər, "Ded Xasan"nı da, o birisini, bu birisini də. Bir dəfə xəbər yazdıq, bitdi. Bizimki deyillər. Təəssüblərini çəkmirik. Cəmiyyəti kriminal aləmə sevgi göstərməkdə qınamaq yanlışdır. Nazirin ölümü bizi elə Rövşənin ölümü qədər yandırır. Hələ də Ceyhun deyirəm. Ceyhun Nağı. Bizim dəyərli jurnalistimiz. Hələ də Alim deyirəm. Bizim fotomüxbirimiz. Hələ də Adil deyirəm. Adil Mirseyid. Bizim şairimiz, rəssamımız.

Azərbaycan cəmiyyətini tədqiq eləmək lazım deyil. Azərbaycan cəmiyyətini təqdim etmək, təbliğ eləmək lazımdır. Qoy hamı bizə oxşasın. Bizim qızıllı, bürünclü, gümüşlü idmançılarımıza, bizim QHT rəhbərlərimizə, bizim jurnalistlərimizə, yazıçılarımıza, kriminal aləmdə olsalar belə, millətin təəssübünü çəkənlərə.
Azərbaycan cəmiyyətini səmimiyyət və sevgi xilas edib, arxayın yaşaya bilərsiz, dostlar.
Bağla X