19:04
(077) 610-22-33

Diaspor rəhbəri Cəfər Behbudovu Bakıya gətirir - 25 ildən sonra

  • >
3 442 26 Avqust 2016 13:40 | Cəmiyyət

Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudovun mətbuata müsahibəsi Azərbaycan ictimaiyyəti tərəfindən maraqla izlənilib.


Artıq on illərdir Azərbaycana gəlməyən C.Behbudovun açıqlamaları da birmənalı qarşılanmayıb. Müsahibədə Ukraynadakı həyat və fəaliyyətindən danışan C.Behbudov Kiyevdə ona dəstək verənləri də unutmayıb: "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla sıx münasibətlərimiz var, tez-tez maraqlanır, danışırıq. Belə şeylərə görə hiss edirəm ki, hələ unudulmamışam".

Məsələ ilə bağlı Azadinform-a açıqlama verən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov C.Behbudovun müsahibəsi ilə tanış olduğunu bildirdi: "C.Behbudovla tez-tez danışırıq, Azərbaycanla bağlı təşkil etdiyimiz mədəni-kütləvi tədbirlərimizə dəvə edirik. O da sağ olsun, iştirak edir, fikir mübadiləsi aparırıq."

H.Cavadov bildirib ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu olaraq bu ölkədə yaşayan hər bir soydaşımızın fəlaiyyəti bizim maraq dairəmizdədir: "Bu Cəfər Behbudov da ola bilər, bir başqası da... Amma C.Behbudov incəsənət adamı, seçilən, sevilən müğənnidir, xüsusi diqqətə layiqdir".

H.Cavadov bildirib ki, 1991-ci ildən Azərbaycandan gedən və bir daha geri qayıtmayan C.Behbudovu Bakıya gətirmək niyyətdindədir: "Müsahibəsindən də göründüyü kimi, C.Behbudov Vətən həsrəti çəkir, Azərbaycanı, xüsusən də Bakını yalnız informasiya resurslarından izləyir. Onu Bakıya gətirmək istəyirəm, özü də razılıq verib, münasib vaxtda bu səfər baş tutacaq."

Xatırladaq ki, bu günlərdə Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudov APA-ya müsahibə verib. Cəfər Behbudov ötən əsrin 80-ci illərində çox məşhur olub. Onu təkcə istedadına, səsinə yox, həm də Rəşid Behbudova görə tanıyıblar. Böyük müğənninin bacısı oğlu olmaq şöhrətinin üstünə şöhrət gətirib, qapıları üzünə taybatay açıb. Amma çox keçməyib, o qapılar açıldığı kimi də bağlanıb. Və gənc müğənni ölkədən birdəfəlik gedib. Buna "birdəfəlik gedib" yox, birdəfəlik küsüb də demək olar. O 1991, bu da 2016.

Azadinform.az


Bağla X