17:06
(077) 610-22-33

“O təhqirlərə heç kim dözməzdi” - İH-dən şəhid ailələriylə bağlı qalmaqala reaksiya

  • >
4 376 30 Avqust 2016 12:13 | Cəmiyyət

Yasamal rayon İcra Hakimiyyəti bir qrup Qarabağ əlili və şəhid ailəsi ilə başçı İbrahim Mehdiyev arasında baş verən qalmaqala aydınlıq gətirib.


İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov AzNews.az-a açıqlamasında bildirib ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının 14 sakini icra başçısının qəbulunda olub, öz problemlərini danışıb: "Özüm də həmin qəbulda olmuşam. Onlar binanın liftinin işləməməsi, xeyir-şər evinin hazırlanması, ətraf mühitin təmizlənməsi kimi problemləri qabartdılar. Sonra yaşadıqları binanı özəlləşdirmək istədiklərini bildirdilər. Onda başçı izahat verdi ki, özəlləşmə işi rəhbərlik etdiyi qurumun deyil, Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Başçı onlara təklif elədi ki, bina sakinləri problemlərlə əlaqədar kütləvi şəkildə bir ərizə yazsınlar. Dedi ki, hansı məsələlər bizim səlahiyyətimizə aiddirsə, biz onları həlk edəcəyik. Hansılar ki, bizə aid deyil, onlar rəsmi məktub vasitəsi ilə aidiyyəti üzrə qurumlara göndəriləcək. Binanın sakinləri başçının irəli sürdüyü ərizə təklifini qəbul etmədilər. Onlar hər şeydən imtina etdilər. Bundan əlavə, biz onlara problemlərin qanuni yolunu göstərdikcə daha da aqressiv olub, hay-küy salırdılar. Hiss olunurdu ki, onlar qərəzlidir".

Z. Cəfərov bina sakinləri görüşdə olarkən İ.Mehdiyevin qəbul otağından getdiyini də təsdiqləyib: "Başçı onları sona kimi dinlədi. Bina sakinləri ilə heç cür dil tapa bilmədik. Onlar icra hakimyyətinin ünvanına böhtan xarakterli təhqiredici ifadələrə başlayanda artıq başçı otağı tərk etdi. O sözləri heç kim qəbul eləməzdi".

Şöbə müdiri Qarabağ əlilləri və şəhid ailələrinin icra hakimiyyətinin binasından polis tərəfindən çıxarılması məsələsində də aydınlıq gətirib: "Qurumda bir nəfər mühafizəçi var, onlar isə 14 nəfər olub. Mühafizəçi o qədər adamı çıxara bilməzdi. Özləri sakitcə otaqdan çıxıb getdilər".

Qeyd edək ki, avqustun 29-da Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləri problemlərini həll etmək üçün icra başçısının qəbuluna yollanıb. Qəbulda Qarabağ əlili və şəhid ailələrindən ibarət sakinlərlə başçı arasında problem yaranıb. Daha ətraflı BURADAN oxuya bilərsiniz.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X