07:53
(077) 610-22-33

Nərimanovda “İşıqlı gələcək naminə erkən nikaha yox deyək” seminarı keçirildi - Foto

  • >
1 034 31 Avqust 2016 10:38 | Cəmiyyət

Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasında «İşıqlı gələcək naminə erkən nikaha yox deyək» adlı seminar keçirilib.


AzNews.az xəbər verir ki, seminarda Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülşən Yaqubova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, 7 saylı Qadın Məsləhətxanasının həkimi İradə Hacıyeva, Tələbə-Gənclər Təşkilatlarının sədr və sədr müavinləri, səhiyyə işçiləri və fəal gənclər iştirak edib.

Tədbirdə 7 saylı Qadın Məsləhətxanasının həkimi İradə Hacıyeva, 8 saylı şəhər poliklinikasının baş tibb bacısı Reyhan Mirzəyeva çıxış edərək bildiriblər ki, ölkədə ciddi şəkildə erkən nikah problemi var. Natiqlər onu da bildirirlər ki, erkən nikahlar da müasir ailələrin möhkəmliyinə təsir göstərir. Bu problem çox aktual olduğundan Dövlət Statistika Komitəsi qızların erkən nikaha daxil olması ilə bağlı statistik müayinə keçirib. Məlumat üçün bildirək ki, erkən nikah, yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşdirilmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evli və ya ruhi xəstə olduğu halda nikaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.

Sonra seminarda Azərbaycan Kooperasiya Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini İranə Axundova çıxış edərək problemin ağırlığından danışıblar, səbəbləri sadalayıblar və müxtəlif təkliflər səsləndiriblər. Gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğunu, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd ediblər.

Sonda tibb işçiləri tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.





Bağla X