Azərbaycanın sifarişi ilə tikilən dok suya buraxıldı

Rusiyanın Nijni Novqorod vilayətindəki Qorodets şəhərində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə tikilən yeni üzən dokun birinci blokunun təntənəli suyasalınma mərasimi keçirilib.

AzNews.az-ın məlumatına görə, Nijni Novqorod vilayəti və Qorodets şəhəri rəhbərləri, yerli ictimaiyyət və mətbuat nümayəndələrinin toplaşdığı mərasimdə Xəzər Dəniz Gəmiçiliyini mətbuat və informasiya şöbəsinin rəisi, gəmiçilik rəisinin köməkçisi Vüqar Sadıqov, texniki şöbənin rəisi Siyasət Əliyev, təlimatçı-elektromexanik Gennadi Drobotov təmsil ediblər.

Mərasimdə podratçı təşkilatın - gəmi təmiri və gəmiqayırma korporasiyasının baş direktoru Vladimir Akimov çıxış edərək, ötən il dekabrın 25-də təməli qoyulmuş üzən dokun 6 blokunun hamısı üzərində iş getdiyini, birinçi blokun isə suya salınmağa tam hazır olduğunu bildirib. O, son 20 ildə Rusiyada bu ölçüdə üzən dokun tikilmədiyini, zavod əməkçilərinin müqavilə öhdəliklərinə vaxtında əməl etmək əzmində olduqlarını vurğulayıb.

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun salamlarını mərasim iştirakçılarına çatdıran Vüqar Sadıqov respublikamızda iqtisadiyyatın, o cümlədən dəniz nəqliyyatının inkişafına dövlət qayğısı, ildən-ilə təzələnən nəqliyyat donanması, bu sahədə həyata keçirilən iri layihələr barədə məlumat verib. Qeyd edib ki, Gəmiçilik donanması son 9 ildə dövlət başçısı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında 10 tanker, 6 bərə və 1 quru yük gəmisi ilə zənginləşib. Bunun nəticəsində Azərbaycan dənizçiləri Xəzərdə aparıcı mövqelərini qoruyub saxlayıblar.

Çıxışlarda Avropada hökm sürən qlobal iqtisadi böhran şəraitində məhz Qorodets şəhərində sifariş yerləşdirən Azərbaycan dövlətinə minnətdarlıq bildirilib. Bu sifarişin iş yerlərinin qorunub saxlanması, inşaat prosesində yeni texnologiyaların tətbiqi baxımından gəmi inşaatçıları üçün əvəzsiz olduğu ön plana çəkilib.

Daha sonra yeni üzən dokun birinci bloku Rusiya və Azərbaycanın dövlət himnlərinin sədaları altında suya buraxılıb.

Yükqaldırma qabiliyyəti 8 min ton, uzunluğu 158 m, eni 36,85 m, bortunun hündürlüyü 13,35 m nəzərdə tutulan üzən dok 6 blokdan ibarət olacaq. Bu bloklar yedəkdə Bakıya aparıldıqdan sonra yeni gəmi təmiri zavodunun akvatoriyasında birləşdirilərək Xəzər hövzəsində ən iri üzən dok yığılacaq. Nəticədə nəqliyyat donanması gəmilərinin sudan qaldırılaraq təmir edilməsində əhəmiyyətli addım atılacaq.

Vasif Həsənli
AzNews.az
image description