İrandan Azərbaycana narkotik vasitə keçirən dəstə ifşa olundu

Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Bu günlərdə aparılan əməliyyatlar nəticəsində 60 kq yaxın narkotik vasitə aşkarlanıb.

AzNews.az-ın məlumatına görə, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Binəqədi rayonu Biləcəri qəsəbəsində aparılan əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Azərbaycan vətəndaşı Rüfət Məmmədov, onunla əlbir olub cinayət əlaqəsinə girən Yaşar Qasımov və Tofiq Vəkilov "şərti alıcı" qismində çıxış edən gömrük əməkdaşına narkotik vasitə satmaq istəyərkən saxlanılıblar.
Onlara məxsus çantadan 46 ədəd polietilen bağlamada 46 kq 55 qr narkotik vasitə aşkar olunub. Saxlanılan şəxslər törətdikləri qanunsuz əməlləri etiraf ediblər və maddələrin qaçaq yolla İran İslam Respublikasından Azərbaycana gətirildiyini bildiriblər.

Digər əməliyyat tədbiri Lənkəran şəhərində həyata keçirilib. Narkotik vasitələrin satışı ilə məşğul olan şəhər sakini Əzizov Amil "şərti alıcı" qismində əməliyyatda iştirak edən gömrük əməkdaşına onda 12 kq 200 qr narkotik vasitə olması barədə məlumat verib. O, içərisində narkotik vasitə olan çantanı əməliyyat işçisinə təqdim edərkən yaxalanıb. Çantadan 12 ədəd polietilen bağlamada narkotik vasitə aşkar olunub. Hər iki faktla bağlı təhqiqat aparılır.

Vasif Həsənli
AzNews.az