20:56
(077) 610-22-33

Misir Mərdanov rektorlara tapşırıq verdi

  • >
575 3 Dekabr 2012 14:24 | Cəmiyyət

Təhsil Naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirib. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və başa çatmaqda olan təqvim ilinin Azərbaycan üçün çox uğurlu olduğunu vurğulayıb.

Nazir bu il elm və təhsil sahəsində həyata keçirilən yüksək əhəmiyyətli beynəlxalq layihələrdən də söz açıb. Sonra təhsil naziri ali təhsil sahəsi ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Ali təhsil sahəsində görülmüş işlərdən söhbət açan nazir qeyd edib ki, son illərdə ali təhsil müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilib, yeni kampuslar istifadəyə verilib və bu təhsil ocaqlarının akkreditasiyası mexanizmi daha da təkmilləşdirilib. Misir Mərdanov 2010-2012-ci illərdə 20 universitetin akkreditasiyadan keçirildiyinə diqqət çəkərək, ali məktəblərdə tədrisin kredit sistemi ilə təşkili istiqamətində əhəmiyyətli addımların atıldığını bildirib.

Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədləri, bu sahədə əldə edilmiş nailiyyətlər barədə fikirlərini bildirən Misir Mərdanov Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Nazir ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərcləri barədə danışıb, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbulun tənzimlənməsi, ali məktəblərdə təhsilalanların yekun attestasiyasının və müəllim hazırlığının təkmilləşdirilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılması ilə əlaqədar məsələlərə toxunub. Təhsil naziri ali təhsil müəssisələrinin Avropa İttifaqı ilə birgə çoxsaylı əməkdaşlıq proqramları həyata keçirdiyini nəzərə çatdırıb. Müvafiq əməkdaşlıq proqramları sayəsində görülmüş işlərdən bəhs edən nazir nəzərdə tutulan perspektiv tədbirləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra təhsil nazirinin təqdimat-məruzəsində toxunduğu məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digərləri ali təhsillə bağlı bir sıra məsələlər barədə fikirlərini bildirib və təkliflərini veriblər.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X