“Royalbank” “əməkdaşı”nın adı qanunsuz tikinti qalmaqalında - FOTO

Şəmkir rayonunda özünü "Royalbank"ın əməkdaşı kimi təqdim edərək bir neçə nəfəri aldatdığı iddia edilən Abbasov Mahir Eldar oğlu ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Belə ki, sözügedən şəxsin hazırda Şəmkirdə, Məhəmməd Əmin Rəsulzadə - 3 ünvanında yaşayış binasının birinci mərtəbəsinin qarşısını kəsərək bank binası tikdirdiyi bildirilir. Redaksiyamıza həmin ünvanda yaşayan Nəbiyev Ağasəf, İsmayılov Vəli və Quliyev Raminin verdiyi məlumata görə, tikintinin aparılması üçün ərazidəki 2 ağac da kəsilib. Məsələ ilə bağlı rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirən sakinlərin sözlərinə görə, indiyə qədər heç bir tədbir görülməyib.

Rayon İcra Hakimiyyətindən tikintiyə icazə verilmədiyi bildirilsə də, inşaat dayandırılmayıb. Sakinlər tikintinin binanın qarşısını kəsdiyini, giriş-çıxışda ciddi problemlərlə üzləşdiklərini vurğulayıblar.

Redaksiyamıza daxil olan başqa bir məlumata görə isə, Mahir Abbasov özünü bir müddət əvvəl müflisləşdiyini elan edən "Royalbank"ın əməkdaşı kimi təqdim edərək saxta sənədlərlə kredit verib.

Şəmkir rayon Kür qəsəbəsinin sakini Nəbiyev Ağasəfin Respublika Prokurorluğuna ünvanladığı müraciətdə də bu məqam əksini tapıb: "Mən Abbasov Mahiri "Royalbank"ın Tovuz filialının əməkdaşı kimi tanıyırdım. Ondan 1000 manat kredit götürməyimə kömək etməsini istədim. Mahir Abbasov mənə bir qrafik imzalatdırdı və 1000 manat verdi. Ödənişləri isə banka yox, özünə ödəməyimi tələb etdi".

A.Nəbiyev bildirib ki, kredit ödənişlərinin qurtarmasına bir neçə ay qalmış Mahir Abbasov ondan əlavə ödənişlər tələb edərək 5560 manat pulunu ələ keçirib. Məsələni "Royalbank"la aydınlaşdırmaq istədikdə isə onun adına kredit olmadığı bildirilib.

Eyni xarakterli müraciətin başqa bir müəllifi də Tağıyev Vüsaldır. O da 6 min dollar dəyərində qızıl-zinət əşyaları girov qoymaqla 955 manat kredit götürüb. Ancaq M.Abbasov bir neçə ay sonra borcun 4310 manat olduğunu bildirərək yeni qrafikə əsasən ödəniş aparılmasını tələb edib. Banka müraciətdən sonra blankların "Royalbanka"a aid olduğu, ancaq kredit rəsmiləşdirilməsinin aparılmadığı məlum olub.

Beləliklə də barəsində Respublika Prokurorluğuna müraciət edilən şəxsin hazırda qanunsuz bank tikintisini necə aparması maraq doğurur.

Kənan
AzNews.az
image description