04:39
(077) 610-22-33

MTN təkzib etdi

  • >
634 5 Dekabr 2012 14:01 | Cəmiyyət

Arif Babayev: "MTN-in İbrahim Musayev adlı əməkdaşı yoxdur"



"MTN-in İbrahim Musayev adlı əməkdaşı yoxdur". Bunu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bəzi qəzetlərdə MTN-in İbrahim Musayev adlı əməkdaşının Avropaya qaçması və Azərbaycanda işləyərkən keçirdiyi hansısa əməliyyatlar barədə açıqlamalar verməsi ilə bağlı APA-nın sorğusuna cavab olaraq deyib.

A. Babayev bildirib ki, yayılan həmin məlumatlar bəlli qüvvələrin növbəti uydurmasıdır: "Sualınıza cavabım qəti və konkretdir. MTN-in İbrahim Musayev adlı əməkdaşı yoxdur. Bu adda MTN-lə hər-hansı formada bağlılığı olan şəxs də yoxdur".

Mərkəz rəhbəri MTN əməkdaşının liftin şaxtasından yıxılaraq ölməsi barədə yayılan müxtəlif məlumatlara da aydınlıq gətirib. A. Babayev bununla bağlı suala cavab olaraq bildirib ki, MTN-in zabiti, polkovnik-leytenant Məhərrəm İzzətov bu il dekabrın 3-də faciəli şəkildə vəfat edib: "Dünən mərhumun dəfn mərasimi olub. Bu bədbəxt hadisə Xətai rayonunda çoxmərtəbəli yaşayış evində baş verib. Dediyiniz müxtəlif fikirlərə gəlincə, bu məlumatlar əvvəldə qeyd etdiyim həmin bəlli qüvvələrin xəstə təxəyyüllərinin məhsuludur. Onlar insanların faciəsindən də iyrənc məqsədləri üçün istifadə etməyə çalışırlar. Həyatda heç kəsin sığortalanmadığı belə bir hadisədən bəzi üzdəniraqlar və onların təmsil etdikləri sarı mətbuat həyasızcasına yararlanaraq, yalandan mərhumun guya sərxoş olduğunu yazır. Əsla belə deyil. O, təmirlə əlaqədar bəzi tikinti malları alaraq, şəxsi avtomobilində evinə aparıb və binaya qalxıb. Hadisə də axşam vaxtı işıqlandırılmayan yerdə, sırf ehtiyatsızlıq nəticəsində baş verib".

Qeyd edək ki, mətbuatda MTN-in əməkdaşı kimi təqdim edilən İbrahim Musayevin adından açıqlamalar verilir. Bildirilir ki, İ. Musayev Naxçıvan MTN-də çalışıb və bir müddət əvvəl Azərbaycandan qaçıb, məlumatları Azərbaycana xaricdən ötürür. Mətbuatda onun adından Naxçıvan MTN-də vəfat edən Turac Zeynalovun ölümü ilə bağlı bəzi iddialar ortaya atılır.

AzNews.az
Bağla X