Jurnalist Ekspert Mərkəzinin layihəsi başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) həyata keçirdiyi iki aylıq layihə başa çatıb.

JEM "Beyin Mərkəzlərinin rolunun artırılması və KİV-in ictimai müzakirələrə dəstək verməsi" layihəsi çərçivəsində internet televiziyaları vasitəsi ilə iki veriliş təqdim edib.

Bu barədə jurnalistlərə açıqlamasında verilişlərin aparıcısı, JEM sədri Ceyhun Musaoğlu məlumat verib. Onun sözlərinə görə, "Yeni ideyaların yaranması, dəstəklənməsi və inkişafı" mövzusunda çəkilən "İdeya axtarışında" adlı birinci veriliş internet televiziyalarında və xəbər portallarının video bölümlərində yayımlanıb: "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin direktor müavini Təbriz Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyevin qonağı olduğu birinci verilişdə cəmiyyətin inkişafına xidmət edən yeni ideyalar gündəmə gətirilib, onların dəstəklənməsi və inkişafı ilə bağlı maraqlı fikirlər səsləndirilib. QHT-sektorundakı durumu təhlil edən qonaqlar beyin mərkəzlərinin rolunun artırılmasına xidmət edən konkret təkliflər veriblər".

İkinci verilişin adı "Yol axtarışında" olub. "Qarabağ münaqişəsinin həlli istiqamətində alternativ yolların tapılması" mövzusu Hümanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov və "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu ilə birlikdə müzakirəyə çıxarılıb.

C.Musaoğu deyib ki, bu dəfə özü də qonaqlara oponentlik edib: "JEM-də təmisıl olunan jurnalistlərin apardıqları araşdırmalardan belə nəticəyə gəldik ki, qeyri-səlis məntiqin hökm sürdüyü qlobolaşan dünyada güzəştli sülh və müharibədən başqa da çözüm yolları var. Erməniləri inandırmalıyıq ki, onların hakimiyyətləri Azərbaycan torpaqlarını geri qaytarsa, biz qonşularımıza Rusiyadan daha çox, təmənnasız və həmişəlik kömək etmiş olarıq. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, dövlət büdcəsi hər il artır. Ermənistana milyardlarla vəsait yatıra bilərik ki, bu, erməni xalqının sosial rifahına bir başa müsbət təsir edər. Azərbaycan Ermənistana qonşusu, iqtisadi müttəfiqi kimi münasibət göstərər. Rusiya isə Qərbi təhdid etmək üçün bu ölkəni böyük hərbi baza, regionda konfliktik ocağı saxlayır. Verilişin qonaqları da Qarabağ danışıqlarında bu variantdan istifadə etmənin üstünlüklərinə diqqət çəkiblər. Güzəştli sülh və müharibədən başqa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin üçüncü həlli yolu olduğu arqumentlərlə əsaslandırılıb".

JEM sədrinin sözlərinə görə, verilişlər yayımlanandan sonra müzakirələrin yazı variantları mətbuat orqanlarında dərc olunub və ictimai xadimlərin təklifləri, ideyaları əks olunan bukletlər hazırlanaraq, QHT-lərə, tələbələrə, jurnalistlərə, beyin mərkəzlərinə, ziyalılara paylanıb: "Azərbaycanda ciddi beyin adamlarının olduğu bu verilişlərdə daha aydın göründü. Onları bir araya gətirmək, problemlərin həllində düşüncələrindən istifadə etmək vacibdir".

C.Musaoğlu layihəyə dəstək verdiklərinə görə, bütün KİV orqanlarına minnətdarlığını bildirib.

AzNews.az