00:41
(077) 610-22-33

“Özümə şəxsi təyyarə alacam” - MÜSAHİBƏ

  • >
3 335 7 Dekabr 2012 08:05 | Cəmiyyət

Hacı İbrahim Nehrəmli: “Alacağım təyyarəyə ildə 300 saat minəcəm“



"Khazar Islands" (dənizdə şəhər) layihəsinin icraçısı olan "Avesta" Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) AzNews.az-a eksklüziv müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik.

- Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər-Ross"un təmir-tikinti kombinatının təsisçisi Əflatun Piriyevin qatil və sifarişçisinin işi üzrə sizin də ifadə verdiyiniz deyilir. Mümkünsə istintaqa nə dediyinizi bizə də bildirərdiniz…

- Mətbuatı mən də hər gün izləyirəm, tam reallıq olmasa da, 90 faiz reallığı yazırlar. Bu məsələ ilə bağlı deyim ki, həmin hadisə mənim binamda olub. Onlar bu binanın 12-ci mərtəbəsində kirayə otururdular. O işə biz şərik olsaq da, mən işlərə qarışmırdım. Sadəcə mən ona demişdim ki, mənə düşəcək kirayə haqqını sonra verərsən. Onlar kirvə və Gürcüstan vətəndaşı idilər. Sonralar mən gördüm ki, bunların arasında soyuqluq yaranıb. Mən onlarla görüşdüm və dedim ki, 40 faiz sənin, 40 faiz mənim, 20 faiz isə rəhmətlik Əflatunun olsun. Bu cür razılaşsaq da, sonradan onların öz aralarında problemlər yarandı.
Günlərin bir günü mən İstanbula səfərə hazırlaşırdım, həmin vaxtı rəhmətlik Əflatun (ölən şərik) mənim yanıma gəlib dedi ki, Hümbət Məmmədovun (digər şərik) yanına xeyli sayda adamlar gəlib-gedirlər və mənim gözümə elə də yaxşı görünmürlər. Mən İstanbulda olarkən eşitdim ki, Əflatunu vurublar. Dərhal Hümbətə zəng vurub hadisə barədə məlumat aldım. O isə mənə Əflatunu kimin vurduğunu bilmədiyini söylədi. Hümbətə dedim ki, o zaman sən də get öz işinlə məşğul ol, orada dayanma. Bildirdi ki, sənəd toplayır və sairə. Sonra yenə ona zəng vurdum və öyrəndim ki, polislərlədir. Rəhmətliyin yas mərasimində Hümbət məndən kömək istədi və dedi ki, əgər ona kömək etməsəm, bu mənin üçün də yaxşı olmayacaq. Mən isə heçnədən gözü kölgəli olmadığımı bildirdim və "haqqımda nə istəyirsən deyə bilərsən" dedim. Sonra eşitdim ki, o mənim barəmdə prokurorluğa ifadə verib. Mən isə özüm prokurorluğa zəng edib xahiş etdim ki, mənim də ifadəmi alsınlar. Sonra gedib ifadəmi verdim. Mənim ifadə verməyim hadisədən təxminən 3 ay sonra olub. İstintaq ifadəsindən sonra bəlli oldu ki, Hümbət məndən xəbərsiz 37 adama başqa möhürlə ev satıb və sairə işlər görüb. Bundan xəbər tutan Əflatun deyib ki, mən gedib bütün bunları Hacı İbrahimə deyəcəm. Hümbət isə fırıldaqlarının üstü açılmasım deyə Əflatunu öldürüb. Mən prokurorluqda dedim ki, həmin 37 adamdan birini belə tanımıram. Hətta tanısaydım belə, mən onlara qarşı fırıldaqlıq etməzdim. Mən öz fəaliyyətimdə hər zaman halallığı qoruyuram, hər zaman təmiz olmuşam və bundan sonra da belə olacam. İndiyədək 5 məscid tikdirmişəm, 10 kəndə su çəkdirmişəm. Hacıyam, hər zaman xeyriyyəçi işlərlə məşğul oluram. Digər tərəfdən isə burada ölən və öldürülən şəxslərin kimliyi bəllidir. Bu hadisəyə mənim hər hansı aidiyyatım yoxdur. Hətta ölən şəxsin xanımı əvvəlcədən də gəlib demişdi ki, onun həyat yoldaşını Hümbət öldürüb.
Bu məsələlərlə bağlı mətbuat hər zaman nəsə yazır və bu məni qəti narahat etmir, azad mətbuatdır, nə yazırsa yazsın.

- Bu yaxınlarda şirkətinizin satdığı mənzillərin eyni möhürlü sənədlə digər vətəndaşa da satılması faktı ortaya çıxdı. Bu məsələnin sonu necə oldu?

- Bu cür halların qarşısını almaq üçün mən artıq heç kəsə şirkətin möhürünü vermirəm. Çünki indi insanlara etibar qalmayıb. Misal üçün, bəzən gedib gömrükdən mal çıxartmaq istəyəndə möhürü verirsən başqasına, sonra görürsən ki, 1 adam gəlib deyir ki, mən bu binada ev almışam. Araşdıranda görürsən ki, həmin evin pulu mənə çatmayıb. Əvvəllər bizim şirkətdə də belə hallar olub, amma çox yox, 5-6 mənzillə bağlı bəzi anlaşılmazlıqlar olub. Mən bunu bilən kimi, dərhal möhürləri yığışdırdım və direktorları da dəyişdirdim.
Əvvəllər bizdə Vaqif Bağırov adlı mühasib çalışıb. O, 6-7 nəfərə məndən xəbərsiz 2-ci dəfə mənzil satıb və pullarını da mənimsəyərək Afrikaya qaçıb. V.Bağırov mənim pullarımı oğurlayırdı. Mən bunun üstünü özüm açdım. O şəxs indi axtarışdadır və yəqin ki, tapılaraq cəzasını alacaq. Bütün bunlara baxmayaraq mən məsuliyyəti öz üzərimə götürərək həmin zərərçəkən vətəndaşların vəsaitlərini geri qaytardım. Ola bilsin ki, bu cür adamlar yenə də var. Əgər yenə olsa, mən zərərçəkmişlərin də zərərlərini qarşılamağa hazıram.
Bu cür hallar son vaxtlar Azərbaycanda tendensiya halını alıb. Bu cür halların baş verməsi ayrı-ayrı tanınmış şirkətlərin də nüfuzuna ciddi xələl gətirir və vətəndaşların bizə olan etibarını azaldır. Mən şirkət rəhbəri olaraq bu cür halların qarşısını almaq üçün güclü sistem yaratmışam. Əksər hallarda bizim şirkətdən ev alan hər bir şəxsi özüm qəbul edirəm və möhürü də yalnız özümdə saxlayıram. Çünki, burada hər adama etibar etmək olmaz.
Hesab edirəm ki, bu cür halların qarşısını almaq üçün qanunda boşluqlar olmamalıdır və bu cür hallara qarşı mübarizə qəti olmalıdır. Dələduzları bağışlamaq olmaz. Əgər bağışlanma olsa, bu cür cinayətlərin sayı daha da aratacaq. Bəzi şəxslər bu cür asan yolla xeyli sayda pul qazanmaq istəyir.

- Digər iş adamları kimi sizin də şəxsi təyyarəniz var?

- Mən hələ özümə şəxsi təyyarə almamışam, amma bu yaxınlarda sifariş verəcəm. Bu təyyarənin modeli isə "Gulfstream-450" (G450) olacaq. İnşallah 2014-2015-ci illərdə bu təyyarəni alacam. Təyyarəni aldıqdan sonra yerli və ya xarici şirkətlərdən birində qeydiyyata salacam.
Azərbaycan qanunlarına görə, təyyarənin ölkədə və ya xaricdə saxlanılması özümdən asılı olan məsələdir. Azərbaycan hava limanlarında təyyarənin saxlama vəsaiti həddindən çox baha olduğu üçün çox adamlar şəxsi təyyarələrini ucuz olan ölkələrdə saxlayırlar. Mən də şəxsi təyyarəmi Azərbaycanda saxlamayacam. Çünki həmin təyyarədən ayda 5-10 dəfə özüm istifadə edəcəm, qalan vaxtlarda isə icarəyə verəcəm. Çünki o təyyarə çalışmasa, məni bankrot edər. Alacağım təyyarəyə ildə 300 saat özüm minəcəm, qalan vaxtları isə icarədə olacaq. Təyyarəni bankla alacam və ilkin olaraq 20 faizini ödəyəcəm, qalan hissəsini isə bank ödəyəcək.
İndiyədək mən bir dəfə şəxsi təyyarə ilə getmişəm, o da məni qonaq ediblər. Mən insanlarla bir yerdə harasa getməyi çox sevirəm.

- Son vaxtlar Söyün Sadıqovun yeni bir təşkilatla gündəmə gəlməsi və səsləndirdiyi fikirlərə münasibətinizi öyrənmək istərdik?

- Mən bu məsələləri mətbuatdan izləyirəm. Düşünürəm ki, onlar Rusiya vətəndaşlarıdır. Rusiya Azərbaycan Təşkilatı İttifaqının yaradılması orada təmsil olunanların şəxsi işləridir, biz ona müdaxilə edə bilmərik.
Mən RATİ-də təmsil olunanların heç birini tanımıram və əlaqələrim də yoxdur. Hətta mənə bir dəfə dedilər ki, eşitmişik Telman İsmayılovla Hacı İbrahim şərik olublar. Mən də təəccüblənib dedim ki, AST Telmanı küçədə görsəm belə tanımaram. Doğrudan da, mən onları tanımıram, mən iş adamıyam və bu cür siyasətə qarışmıram. Hamı məni yaxşı tanıyır və bilir ki, mən düz yolla gedən insanam. Bəlkə elə buna görə mən ən sakit şəxslərdən biri hesab olunuram.
Digər tərəfdən isə mən düşünmürəm ki, Azərbaycan xalqı prezident İlham Əliyevdən başqa layiqli namizədi dəstəkləsin.
Azərbaycan Konstitusiyası da imkan verir ki, prezident İlham Əliyev 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qatılsın və xalq da onu dəstəkləsin. Cənab prezident İlham Əliyev seçkiyə qatılacaq və hamımız onu dəstəkləyəcəyik.
İlham Əliyev Azərbaycana çox lazımdır, onun başladığı böyük və uğurlu işləri özünün bitirməsi gərəkir. Heç kəs kənardan gəlib bu işləri uğurla davam etdirə bilməz. Əgər İlham Əliyevdən başqa kimsə gələrsə, o indiki sabitliyi poza bilər. Ona görə də iş adamı olaraq mən şəxsən öz komandamla prezident İlham Əliyevi dəstəkləyirəm və seçkilərdə də ona səs verəcəm. Mən əvvəllər də İlham Əliyevə səs vermişəm və bundan sonra da belə olacaq. Digər tərəfdən isə hazırda elə bir layiqli namizəd də yoxdur ki, İlham Əliyevi əvəz edə bilsin. Odur ki, kimlərinsə rus vətəndaşlarını gətirib Azərbaycanın başına rəhbər qoymaq və bununla da Azərbaycanı Rusiyanın əsarəti altına salmaq istəyi heç bir azərbaycanlını qane edə bilməz. Bütün bu kimi hallar bizim heç birimizə lazım deyil. Biz yumruq kimi İlham Əliyevin ətrafında birləşməliyik. İndi Azərbaycan dövləti çox sürətlə inkişaf edir. Hətta bu inkişafı istəməyən ölkələrin sayı da artmaqdadır. Hazırda böhran keçirən Avropa ölkələrində Azərbaycana qarşı paxıllıq yaranıb.


- "Khazar İslands" layihəsinin həyata keçirilməsi işi nə yerdədir?

- "Khazar İsland" (Xəzər adaları) layihəsi artıq dünyanın diqqətini Azərbaycana yönəldib. Bu layihə Azərbaycanın dünyada imicini də artırır. Artıq 3 böyük şirkət bizimlə müqavilə imzalayıb ki, bunun da ilkin dəyəri 510 milyon avrodur.
2013-cü ildə isə 20-dək böyük şirkətlərin Azərbaycana sərmayə qoyması nəzərdə tutulub. Bu isə təqribən 2 milyard investisiya vəsaiti deməkdir. Bununla da "Xəzər adaları" layihəsinin böyük əhəmiyyəti artıq dünyaya bəlli olacaq.
Hazırda bu layihə daxilində xeyli işlər görülür, artıq 13 bina yerdən qaldırılıb, böyük körpü inşa olunur, 4 kilometrlik bülvarın qranit daşının düzülüşü işlərinə başlanılıb. Yaşıllaşma işləri demək olar ki, başa çatdırılıb, 10 restoranın inşasına başlanılıb və gələn ilin mayında işlər yekunlaşacaq. Gələn il "Xəzər adaları" şəhərinin baş ofisinin binasının inşasına başlanılacaq. Hazırda şəhərdə restoran üçün pivə zavodu da inşa olunur.
Artıq "Khazar İslands" şəhərində mənzil və obyekt satışlarına da başlanılıb. Hazırda 136 mənzil satılıb və ən çox mənzil alanlar da azərbaycanlılardır. Qiymətlər isə 3500-5000 manat arasındadır. Satılan binalar tam təmirli olacaq.
Düşünürəm ki, 2013-cü ilin may ayına kimi 10 açılış lenti kəsiləcək.
Şəhərdə tikinti işləri 3 mərhələdə aparılır. Biz 2016-cı ilədək 1-ci mərhələnin, 2020-ci ilədək 2-ci mərhələnin, 2025-ci ilədək isə sonuncu, yəni üçüncü mərhələnin başa çatdırılmasını nəzərdə tuturuq. Azərbaycanda indiki kimi əmin-amanlıq olduğu təqdirdə, Allahın köməkliyi ilə biz işimizi nəzərdə tutulan vaxta başa çatdıra biləcəyik.

- Türkiyənin məşhur iş adamı Əli Ağaoğlu ilə birgə layihələriniz gözlənilirmi?

- Ağaoğlu ilə yaxşı münasibətlərim var. Bu yaxınlarda Ağaoğlu Bakıda oldu və məni də Türkiyətə dəvət etdi. Mən Ağaoğlu ilə gələcəkdə bir yerdə çalışacam. Bizim Bakıda və İstanbulda birgə layihələrimiz olacaq.
Gələn ilin ortalarında Ağaoğlu Azərbaycana yenidən səfər edəcək və bu səfər zamanı bizim görüşümüz olacaq. Bu görüş çox əhəmiyyətli olacaq. Əgər razılaşa bilsək, o zaman Ağaoğlu gəlib Azərbaycanda fəaliyyətə başlayacaq.

Vasif Həsənli
AzNews.az
Bağla X