Ədliyyə Nazirliyində kollegiya iclası keçirildi Ədliyyə Nazirliyində kollegiya iclası keçirildi

Bir neçə icra məmuru işdən çıxarıldı

Ədliyyə Nazirliyində kollegiya iclası keçirildi



Bu il ərzində qanun pozuntuları və kobud nöqsanlara yol verdiklərinə görə icra xidmətinin bir sıra əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyində İcra xidməti yerli qurumlarının rəhbərlərinin və digər məsul işçilərin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş kollegiya iclasında səsləndirilib.

İclasda bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları qeyd edilib, bir sıra yerli qurumlarda icra tədbirlərinin vaxtında həyata keçirilməməsi, icra ödənişlərinin alınmasında nöqsanlar və digər çatışmazlıqlar vurğulanıb. Bildirilib ki, 10-dək işçi tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, fəaliyyətin təkmilləşdirilməsi üzrə konkret tapşırıqlar verilib.

Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.

AzNews.az