06:55
(077) 610-22-33

Başdan–ayağa söyüş içindəyik

  • >
9 473 17 Noyabr 2016 13:31 | Cəmiyyət

Raminə Eyvazqızı


Ticarət mərkəzlərindən birində yanımdakı ilə söhbət edə-edə gedirdim. 4-5 yaşlarında uşaq üzərimə necə yeridisə təqsiri özümdə görüb "bağışla balaca" dedim. O çox kobud şəkildə mənə elə biədəb söz dedi ki, evə gələnə qədər təəssüfüm sönmədi. Qanmazdı, uşaqdı yerində, amma eşitdiyim sözün utancını yaşadığım dəqiqələrdə balacanın valideynləri gülümsəyirdi.

Hətta həddini və yaşını aşmış "kəlmə"nin səslənməsi ilə fəxr edirdilər. Tibbdə Turetta sindromu adlı xəstəlik var. 2 əsr əvvəl fransız həkimi nevroloji xəstəliyə öz soyadını qoyub. Bu xəstəliyin əsas əlaməti yersiz kobudluq, aqressiya və söyüşkənlikdir. Beləsi bir neçə dəqiqəyə bütün nəslini elə bir söyüş atəşinə tuta bilər ki, dəymişin durduğu yerdə kalın tökülər.

Turetta-lı uşağı tərbiyəsiz uşaqla qarışdırmaq da olmaz. Uşaqlar söyüşlə doğulmur. Əlbət ki, söyüşün əlifbasını ailədən, ətrafdan öyrənirlər. Bizdə ailələr var ki, övladının ana dilinə "söyüş"lə başlamasını arzu edir. Söyüşlə siftə edən, dil açan uşağın muştuluğunu da istəyirlər. Yaxud, məclisdə uşaqlar arasında söyüş yarışı keçirirlər. Hətta bir qismi dördayaqlı canlıları sıra-sıra öyrətməmiş, ana, ata söyüşlərinin "ləzzət"ini övladına aşılayır.

Söyüş öyrətməkdə atalar, kişilər liderdirlər. Söyüşkənlik bir xarakter və gen məsələsidir. Bir insan məcbur qalmadıqca belə söyüşü asanlıqla dilinə gətirə bilməz. Ağrılı odur ki, söyüş "mədəniyyət"inin saysız qurbanı var. Bunun üçün öldürən və öləni var. Hətta təmizliyimiz üçün söyüşlə adam tərbiyə edəcəyimizi düşünürük. Hara gəldi zibil atanların nəslini divarlarda söyən insanlarıq.

İndi uşaqları internet, sosial şəbəkə, zərərli oyunlar tərbiyə edir. Çöldə isə hər an təsir və təzyiq altına salan "tərbiyə" təqibi var. Bu yay oğullarım cəmi ikicə dəfə stadiona futbol oynamağa getdi, qayıdanda təkcə leksikondakı dəyişiklik o qədər hiss olunurdu ki... İndi abır-həya məsələsinə də komplekslik adını qoyublar. Axı o kompleksli adamın nəyi pisdir ki, qadın, xanım yanında söyüş söymür, bunu eyib bilir. Yanında uşaq, qadın ola-ola biədəb söyüşlərin "sərgi"sini yaradanlarla isə mübarizə mənasızdı. Onların xəmiri başdan söyüşlə yoğrulub.

Sıravi Azərbaycan ailəsində çoxluq təşkil edən məqam var. Atalar oğlan uşaqlarına üstünlük verdiyi halda, elə onların ağıllanması üçün özünü də söyür. "İtin balasıyam, səni gec gəlsən evə buraxsam", "kişi deyiləm, sabah sənə pul versəm"... Qızlara buna bənzər hədələr analar tərəfindən olur. Söyüş qoyula-qoyula uşaq tərbiyə etmək ənənəmiz var. Bu öyüd-nəsihət adət-ənənəsini də sıradan çıxarır. Misal üçün, Çarli Çaplinin qızına yazdığı nəsihət naməsi qədər dərin məzmunlu öyüdün, "Qabusnamə"nin müdrik atasının oğluna verdiyi nəsihətlərin nəyi pisdir ki. Bunu oxuyan söyüşdən ləzzət ala bilməz.

***

Bəlkə biz Turetta sindromuna yaxalanmışıq, xəbərimiz yoxdur. Hətta epidemiya ölkəni bürümüş şəkilindədir. Biz elə başdan –ayağa söyüş içindəyik də. Sosial problemlərin ağuşunda canlı insanı, təbiəti də söyüş lövhəsinə döndərmişik. Yan gəzib yatan, laqeyd məmurdan tutmuş yağışı "bəzəyirik". Söyüşkən nəsilik!

Qafqazinfo.az
Bağla X