09:38
(077) 610-22-33

Axirət düsturunu tapan alim

  • >
15 409 1 Dekabr 2016 11:24 | Cəmiyyət

İbrahim Nəbioğlu


Ölüm yoxdur, cənablar
V. M. Bexterev

Kembric universitetinin alimləri 1954-cü ilin 11 aprel gününü XX əsrin "ən darıxdırıcı günü" seçiblər. True Knowledge adlı axtarış sisteminə 300 milyon məlumat yüklədikdən sonra alqoritm o gün yadda qalacaq heç bir olayın baş vermədiyini tapıb....

***

Qədim zamanlardan başlayaraq insan ölümü yenməyə çalışmış, ölümsüz olmağın yollarını aramışdır. Əsrlər boyu insan öz zəkası sayəsində kainatın yaradılışı, Böyük Partlayış, Hiqqs bozonu kimi suallara cavab tapsa da özü ilə bağlı - ölümdən sonrakı dünya, insanın yenidən dirilməsi və yüzlərlə başqa müəmmaları çözməyib. Başqa sözlə, biz hələ də özümüzü yaxşı tanımır, həyatı və ölümü tam öyrənə bilməmişik.

Yuriy Berland adlı bir tələbə ölümdən sonra həyatın olmasını isbatlayan riyazi formul çıxardıb. Ural universitetində təhsil alan 22 yaşlı Berlandın kəşfi alimlər tərəfindən birmənalı qarşılanmayıb. İlk baxışda yeni heç nə deyilmir. Bəşəriyyət tarixində yüzlərlə alim, filosof ölümsüzlük haqqında minlərlə fikir irəli sürüblər. Berland isə problemə çox orijinal yanaşıb :

Əgər L = f (t),

burada t zaman, L isə həyatdır. O zaman

D = lim f (t), t à + ∞ .

Onda

D = lim f (t) = [∞/∞ ] = S(ABC)i/ABC = const ,

burada D – ölümdür.

Berland həyatı zamanın funksiyası olaraq qəbul edir. Onda ölüm, zaman sonsuzluğa gedərkən zamanın funksiyasının limitidir. Bunu həll edərək constanta – sabit bir rəqəm alır. Berlanda görə bu da ölümdən sonra həyatın olduğunu sübut edir.

Gözə və qulağa xoş gələn bir yanaşmadır. Amma riyaziyyatda sonsuzluğun sonsuzluğa bölünməsi deyə bir şey olmasa da, Berland çocuq fantaziyası ilə insanoğlunun ən önəmli sualına cavab axtarıb. Bəzi ciddi alimlər də bəlkə elə buna görə idealist gəncin "kəşf"inə ciddiyyətlə yanaşıblar.

Akademik Vladimir Bexterev (1857-1927) görkəmli rus psixiatrı, nevropatoloqudur. İnsanı hərtərəfli öyrənən ilk elmi mərkəzin qurucusu, ölümsüzlük nəzəriyyəsinin banilərindən biridir. 1927-ci ildə qida zəhərlənməsindən qəflətən ölür. Ölümündən bir gün əvvəl Stalini müayinə edən Bexterev ona şizofreniya diaqnozu qoymuşdu. Son zamanlara qədər də elə buna görə öldürüldüyü ehtimal edilirdi.

50 il sonra Bexterevin həqiqi ölüm səbəbini onun nəvəsi – görkəmli alim, neyrofizioloq, akademik Natalya Bextereva (1924-2008) açıqlayır. Onun sözlərinə görə Bexterevin zəhərlənməsi Stallinin şizofren olması ilə deyil, babasının Leninin hansı xəstəlikdən vəfat etdiyini təyin etməsi ilə bağlıdır: "Mənim babamın öldürülməsi versiya deyil, dəqiq faktdır. Onu Leninə qoyduğu "sifilis" diaqnozuna görə öldürüblər".

Ölümsüzlük haqda böyük çalışmalara imza atan başqa bir alim isə V. Bexterevin də sayıb hörmət etdiyi dahi Nikolay Fedorovdur. Görkəmli filosof, "Ümumi işin fəlsəfəsi" əsərinin müəllifi N. Fedorov axirət dünyasını ölülərin dirilmə üçün toplandığı yer adlandırır. Yenidən dirilmək üçün isə bir şərt qoyur: bu dünya cənnətə dönməlidir, yoxsa ölümdən sonra başqa həyat olmayacaq.

Ətrafımıza baxınca, baş verən hadisələri, axan qanları və çeşid-çeşid ədalətsizlikləri, vicdansızlıqları görüncə Fedorovun nə qədər də saf, xəyalpərəst və utopist olduğunu görməmək mümkün deyil.

Hə, bir də, az qalsın unudacaqdım - Lenin və Stalin sisteminin "məhsulları" olan yaşlı nəsil rus akademikləri Berlandı linç etmək üçün əlləşirlər…

***

Microsoft keçənlərdə süni zəkalı bir robot düzəltdi. Bu elm və texnologiya xariqəsi robot ətrafdan öyrəndiyi, eşitdiyi və topladığı informasiya ilə hərəkət edib, zamana ayaq uydurmalı idi.

"Tay" adlı bu robotu bir ara sosial mediaya da buraxdılar. İlk günlərdə dünyəvi dəyərlərə, dünya vətəndaşlığına, insan sevgisinə, ədalətə, humanizmə meyl edən Tay, bir neçə gün sonra irqçi, faşist şüarlar söyləməyə başlayır. Çünki zehni ətrafdan nə eşidirsə onu qeyd edir. Sonra da dönüb eyni kəlmələrlə ətrafındakılara həqarətlər yağdıraraq təhdid etməyə başlayır.

Microsoft gedişatdan elə hürkdü ki, tezcənə layihəni bağladı….

Bill Gates-i anlamaq çətin deyil. Amma gəlin baxaq, bizim ətrafımızdakıların çoxu sanki Tay-dan çoxmu fərqlidir? Hər gün pislik, cinayət və təcavüzlərdən, terror və savaşdan başqa nə görürük ki?

Cənnətə getmək üçün həyatımızı cəhənnəmə çevirənlər. Yoxsa əbədi problemi həll etmək üçün əsirlərdir çalışan alimlər ölüm saçan bu məxluqlarıdamı ölümsüz edəcəkdilər?...

***

Biz çalışaq bu dünyanı cənnət edək. Axirətdəki cənnəti isə Tanrı özü bilir….

Bəzi qaynaqlar isə "dünyanın ən darıxdırıcı günü" kimi 18 aprel 1930 olduğunu deyirlər. Çünki o gün BBC radiosunun diktoru axşam xəbərlərini "Bu gün heç bir xəbər yoxdur" deyərək proqramı bitirib.

Məncə, həyatınızda xəbərsiz günləriniz bol olsun…

www.ayna.az
Bağla X