“Əgər sən əxlaq haqqında əxlaqsızlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsənsə...”. “Əgər sən əxlaq haqqında əxlaqsızlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsənsə...”.

Rəsulzadəni qurban verən eynəkli adam...

“Əgər sən əxlaq haqqında əxlaqsızlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsənsə...”.

Napoleon Bonapartın bu sözləri ona aid deyil. Çünki o, illərdir bu işlə məşğuldur. 1990-cı illərdə ölkəni uçuruma aparanda da, 22 il boyunca Müsavatda başqanlıq postunu zəbt edəndə də, Müsavatın “kölgə başqanı” kimi Məmməd Əmin Rəsulzadənin abidəsi önündə danışanda da “əxlaq haqqında boşboğazlıq” edirdi.

Azərbaycan tarixində iz qoymuş və bütün Azərbaycan xalqına aid olan şəxsiyyəti 20 il boyunca mənimsəmək, 20 il boyunca onun adından istifadə edərək, siyasət meydanında qalmaq, siyasi əxlaqdan uzaq olan davranışları davam etdirmək necə mümkün ola bilər?!

İsa Qəmbər bunun mümkünlüyünü nəinki təsdiqləyir, həm də özünün bütün siyasi fəaliyyəti boyunca sübut edir.

Yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin abidəsi önündə çıxışı zamanı Müsavatın eks-başqanı, əslində hələ də siyasi ehtiraslarından əl çəkməyən, sadəcə olaraq, kölgədə qalaraq oyun quran İsa Qəmbər bir daha sübut etdi ki, o, elə həmin adamdır.

Cəmi bir ay prezident səlahiyyətlərini icra edəndə Azərbaycanı parçalanmaq təhlükəsinə atanda da, Müsavat başqanlığını 22 il boyunca zəbt edəndə də, demokratiyanı imitasiya edərək, başqanlıq postunu təhvil verəndə də İsa Qəmbər öz simasını gizlətməyi bacarıb. Lakin məhz Rəsulzadənin abidəsi önündəki çıxışı onun əsl simasını üzə çıxardı...

Dünyaya öz bulanıq eynəyinin arxasından baxan bu şəxs Azərbaycan tarixində önəmli rol oynayan və bugünkü müstəqil Azərbaycanın banisi olan şəxsiyyətlərə də bulanıq gözlə baxır. O, Azərbaycan Demokratik Respublikasını quran Rəsulzadə irsini mənimsəyir, Azərbaycanın müstəqilliyini bərpa edən və bugünkü günlərə gətirən Heydər Əliyevi hədəf alır. İki tarixi şəxsiyyət üzərindən siyasi əxlaqdan uzaq oyun oynayır və ən pisi də odur ki, bunu ətrafına toplaşmış bir ovuc adama xoş gəlmək, gündəmə qayıtmaq, bir sözlə, siyasi ehtiras naminə edir. Əslində bununla heç kimi təəccübləndirə bilməz, çünki bu, onun eynəyinin arxasında gizlətdiyi üzüdür: siyasi ehtiras, intriqa və şəraitə görə dəyişmək...

Onun hədəfə aldığı Heydər Əliyev təkcə Azərbaycanı bölünmək və məhv olmaq təhlükəsindən xilas etmədi, axı İsa Qəmbərin boğazını ipdən qurtaran da məhz Heydər Əliyev idi. Hansı ki, o, nəinki bunu, həm də Azərbaycan xalqının Heydər Əliyevə olan sevgisini də unudub. Unudub ki, xalq 90-cı illəri unutmayıb və başına gələnlərin səbəbkarlarından birinin məhz İsa Qəmbər olduğunu bilir.

Və hələ də anlamır ki: Azərbaycan xalqı öz ümummilli liderinin bu ölkə üçün etdiklərinin qiymətini bilir; Heydər Əliyev 90-cı illərdə bu ölkəni hansı şərtlər içində xilas etdiyini, müstəqilliyini qoruduğunu, qurub-yaratdığını unutmayıb.

İsa Qəmbər milyonlarla insanın dəyər verdiyi şəxsiyyəti hədəfə almaqla xal qazanmaq, ahıl yaşında “dissident” olmaq niyyətindədir. Amma bu, həqiqətdir ki, o, ölkəni qaranlıqdan işığa çıxaran Heydər Əliyevi hədəf almaqla Azərbaycan xalqını və tarixini hədəfə alır.

Əslində indi ciddi-cəhdlə gündəmə gəlmək istəyən İsa Qəmbərin qiymətini xalq verib və onun haqqında danışmağa belə dəyməz. Amma bir məsələ üzərində dayanmaq mütləqdir: İsa Qəmbər öz siyasi fəaliyyəti ilə bu gün monopoliyaya almaq istədiyi Rəsulzadə irsini də kölgələyib...

Hər kəs bilir ki, İsa Qəmbər müsavatçılıq prinsipini siyasi fəaliyyəti boyunca öz şəxsi intriqalarına, şəxsi ehtiraslarına qurban verib. Hər kəs onu da bilir ki, lazım gələndə “konstruktiv”, gəlməyəndə “radikal” olan eynəkli adam məsələ hakimiyyət ehtirası olanda, Rəsulzadəni də, elə bu ölkəni də qurban verməyə hazırdır.

Təkcə bir faktı xatırlamaq yetərlidir: 2012-ci ilin 29-30 oktyabr tarixlərində İsa Qəmbər Müsavat Partiyasının başqanı qismində Tiflisdə ermənilərlə görüş keçirtdi. Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstan Respublikaçılar Partiyasının rəhbəri David Usupaşvilinin iştirak etdiyi üçtərəfli görüş Avropanın donor təşkilatlarının maliyyəsi hesabına baş tutmuşdu. Yayılan məlumatlara görə, görüşün təşkil edilməsi işğalçı Ermənistanla torpağı işğala məruz qalmış Azərbaycan ictimaiyyətinin yaxınlaşdırılması, Azərbaycan ictimai rəyində Ermənistanın işğalçı obrazından qonşu dövlət obrazına çevrilməsi olub. Və burada sual yaranır: Azərbaycanın müxalifət partiyasının sədri Qarabağ kimi prinsipial məsələni erməni ilə niyə müzakirə etməlidir? Təbii ki, cavab aydındır: Qərbin dəstəyini alaraq, (İsa Qəmbərə iqtidar sözünü verən dairələr arasında erməni lobbisinin olması da mümkündür) iqtidara gəlmək.

Hər kəs yaxşı bilir ki, İsa Qəmbərin iqtidara gəlmək üçün danışığa getmədiyi cəbhə, tərəf olmayıb. Vaxtilə Avropa “liberalları”nın qarşısında öhdəlik götürən bu adam, 2013-cü ildə üzünü şimala doğru çevirdi və Rüstəm İbrahimbəyova biət etməyə başladı. Və növbəti dəfə Rəsulzadə-müsavatçılıq ideologiyasını qurban verdi.

...1915-ci ildə Müsavat ideoloqu Məmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetinin redaktoru olanda yazırdı ki, “biz müsəlman olduğumuzdan islam sosializmi mövqeyində dayanırıq”. Müsavatın bünövrəsi “Hümmət” təşkilatından gəldiyi üçün burda islam və millətçilik əsas qayəni təşkil edirdi.

Zaman keçir və tale elə gətirir ki, Rəsulzadənin partiyasının başına İsa Qəmbər kimi alayarımçıq siyasətbaz gəlir. Beləliklə, islam sosializminə sağçılıq, ultra-liberalizm, radikallıq, hətta seksual inqilab ideologiyası da qarışdırılır və... Rəsulzadə ideologiyasına zərbə zərbə ardınca dəyir.

Birinci zərbə: Ultra-liberalizm

Müsavat Partiyası İsa Qəmbərin başqanlığı dövründə Avropa Liberal-Demokrat Alyansının sıralarına qatıldı. Məqsəd Qərbli ağaların yanına daxil ola bilmək və hakimiyyət pillələrində onlardan dəstək almaq idi. Ölkə xaricində Müsavat liberalizmi “vitrin” olaraq istifadə edir.

İkinci zərbə: Seksual inqilab

İsa Qəmbər seksual inqilab tərəfdarı Əli Əkbəri özünə müşavir təyin etməklə bu təbəqədən olan gəncləri ətrafına toplamaq niyyətində idi. Son illər ərzində Müsavatda mühafizəkarlarla yanaşı, ultra-liberalizmlə anarxist və seksual inqilab tərəfdarlarının təmsil olunması da sübut edir ki, məqsəd sosial baza yaratmaq və Qərbin dəstəyini alaraq, hakimiyyətə gəlmək idi.

“Firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.

Rəsulzadənin 100 il öncə dediyi bu sözlər İsa Qəmbərin siyasi ehtiraslarına verilən ən yaxşı qiymətdir.

Və bu adam öz hakimiyyət ehtirasına Rəsulzadə irsini də qurban verdi. Lakin bütün bunlara rəğmən, durduğu yerdə saymaqdadır. Çünki öz marağı üçün hər kəslə əməkdaşlığa hazır olanlar sonda tək qalır, bu gün İsa Qəmbərin qaldığı kimi...

Asif Nərimanlı