“"Nizami" metrostansiyasında aparılan təmir işləri davam edir”. “"Nizami" metrostansiyasında aparılan təmir işləri davam edir”.

“Nizami” metrostansiyasında köhnə mərmər üzlüklər sökülür- Rəsmi açıqlama

“"Nizami" metrostansiyasında aparılan təmir işləri davam edir”.

Bunu AzNews.az-a açıqlamasında “Bakı metropoliten” ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O, bildirib ki, ilk növbədə, platforma altındakı arakəsmələr sökülüb, platformanın möhkəmləndirilməsi üçün 36 riger qoyulub, kollektorun divarları hər iki tərəfdən möhkəmlənib: “Arakəsmələrin sökülməsi stansiyaya yaxın 22 saylı ventilyasiya şaxtasından vurulan hava axınının səmərəli sirkulyasiyasını təmin edib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalanmanın əhəmiyyəti böyükdür. Təmir işləri aparılan stansiyanın orta zalı faner lövhələri ilə bir neçə yerdən əhatələnərək, işlərin getdiyi ərazilər sərnişin axınından təcrid edilib. Hazırda sərnişinpaylama zalından platformalara keçid tağlarının köhnə mərmər üzlükləri sökülür. Onların altında, eləcə də Nizami Gəncəvinin «Xəmsə»si mövzusunda işlənmiş pannoların arxasında metal konstruksiyalar korroziyadan təmizlənir, lazımi yerlərdə bu konstruksiyalar yenisi ilə əvəzlənir, üzlük işləri üçün meydança yaradılır. Artıq mozaik pannolardan 8-nin arxasında bərpa işləri tamamlanıb və pannolardan 6-sı yerinə oturdulub.”

Nəsimi Paşayevin fikrincə, istismarda olduğu müddətdə stansiyanın 19 pannosu üzərindəki təsvirlərin də bərpaya ehtiyacı yaranıb: “Bu işlə təsvirlərin müəllifi Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olurlar. Rəssamlar bu işi yenidən yerinə oturdulan pannolar üzərində aparırlar. Pannolar xüsusi qurğular vasitəsilə irəli çəkilir, arxa hissənin metal konstruksiyası bərpa olunur, tübinqlər korroziyadan xilas olunur və rənglənir. Sonradan yerinə qaytarılan pannolar üzərindəki təsvirlərin səthləri yenidən işlənir, qopmuş təsvirli daşlar bərpa olunur, həmçinin pannolar korroziyaya daha davamlı vəziyyətə gətirilir. Hazırda 19 pannodan 6-sının üzərində bədii bərpa prosesi başa çatıb. Pannoların yerləşdiyi yenilənmiş tağların daha bir üstünlüyü, onların arxa hissəsinin havalandırılması üçün yaradılan imkandır. Bu isə bərkidici konstruksiyaları aqressiv mühitin təsirindən xeyli qoruyacaq. Həmçinin «Nizami» stansiyasında 18 pilondan 4-ü mərmər işlərinin başlanması üçün hazırdır. Digər 6 pilon sökülüb, betonlanma üçün karkaslar qurulub və betonlama işləri gedir.”

Qurum rəsmisi stansiyasının orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləriin başa çatdığını deyib: “Burada tavan əvvəlkindən bir qədər fərqli şəkil alacaq. «Xətai» stansiyasının orta zalında olduğu kimi, «Nizami» stansiyasında da "Durlum"GmbH şirkəti tərəfindən stansiyanın memarlıq xüsusiyyətlərinə xələl gətirmədən korroziyaya davamlı özəl metal asma tavan quraşdırılacaq.”

Bahar RÜSTƏMLİ

AzNews.az