12:41
(077) 610-22-33

“Atasının milyonlarından imtina edən oğul”

  • >
26 312 17 Mart 13:14 | Cəmiyyət

Aqil Abbas

Bir yerdə böyümüşdük. Məndən bir yaş böyük idi. Qonşuluğumuz da vardı, qohumluğumuz da. Möhkəm dost idik, amma bu dostluğun qohumluğa qəti dəxli yox idi. Atamla da dost idi, söhbətləri tuturdu. Nə vaxt Ağdama gəlsə və rayonda neçə gün qalırdısa demək olar ki, hər axşam bizə dəyərdi. O, Xalq Təsərrüfatı İnstitutunda oxuyurdu, mən orta məktəbin axırıncı sinifində.

Çox böyük dünyagörüşü vardı. Demək olar ki, oxumadığı kitab yox idi. Bizi də bağlayan qohumluq yox, elə kitablarıydı. Mən rusca yaxşı bilmirdim, o da mənim oxuya bilmədiyim əsərlər haqqında danışardı.
Yekəlik olmasın, elə onların da nəslində, bizim də nəsildə iki oxuyan vardı - biri o idi, biri mən.

Sonra mən də universitetə daxil oldum, böyük qardaş kimi əlimdən tutub Bakı şəhərini tanıtdı mənə. Kitabxanaları tanıtdı, kinoteatrları tanıtdı, teatrları tanıtdı. Yaşının az olmasına baxmayaraq, sənət adamlarıyla, xüsusilə də kino adamlarıyla dostluq edirdi. Məni də onlarla tanış elədi.

Ağdamlılar əsasən «Araz» çayxanasına yığışardılar. Söhbət də orda nədən gedərdi: dünən hansı restoranda dava salıblar, ya kimi döyüblər, sabah harda dava olacaq. Təbii ki, mən də Ağcabədidə doğulsam da Ağdamda böyüyüb oxumuşdum və mən də «Araz»a gedirdim. Çünki o vaxt «Araz»a gəlməyənlərə ağdamlılar ağdamlı kimi baxmırdılar. İstəyirdim mən də ağdamlı olum da. Gəlib məni ordan götürərdi, deyərdi ki, yorulmadın bu dava söhbətlərinə qulaq asmaqdan? Aparırdı sənət adamlarının toplaşdığı yerə, çox vaxt da Kinostudiyaya.
Zarafatla deyərdim: SƏN PUL TƏSƏRRÜFATI İNSTİTUTUNDA OXUYURSAN, bu pulsuzlardan nə istəyirsən. Deyərdi ki, dünya burdadı, istəyirəm səni bunların içində görüm.

Özünəməxsus xarizması vardı, hətta o danışanda ən ünlü insanlar ona qulaq asırdılar. İnstitutu qurtaranda da pul dalınca getmədi. Kinostudiyaya işə girdi. Film direktoru oldu. Təbii ki, film direktoru da maliyyə məsələsidi, amma bunu bəyənmədi. Moskvaya getdi, oxumağa… Rejissor olmaq istədi, ssenarist olmaq istədi və oldu da. Dünya «Qarabağ bülbülləri»ndən danışanda o, Xamis Muradovla qeyri-adi sənədli bir film çəkdi, «Qarabağ bülbülləri» haqqında – onların sonrakı taleyi haqqında. Dünən Brejnevi, dünyanı ayağa qaldıran həmin «Qarabağ bülbülləri»nin sonrakı taleyi haqqında. Kimi işsizdi, kimi oxumağı atıb, kimi də yük daşıyır. Həqiqəti qoydu ortalığa. Bilmirəm bu filmə görəmi, ya hansısa filmə görəsə Azərbaycan Respublikasının Dövlət Mükafatını da aldı. Çox titullar qazandı, amma onların heç birini gözə soxmadı, onlarla forslanmadı. O yalnız Aydın Dadaşov olmağıyla forslanırdı.

Ağdamda ən varlı adamların birinin övladıydı: Ərşad Dadaşovun! Əmisi də Azərbaycanın ən məşhur jurnalistiydi: Mürşüd Dadaşov! O, nə milyoner Ərşad Dadaşovun oğluydu, nə də ən məşhur jurnalist Mürşüd Dadaşovun qardaşı oğlu. Sadəcə Aydın Dadaşov idi! Özü də atasının milyonlarından imtina edən Aydın Dadaşov. Balaca qardaşları Ayazla Etiş hələ orta məktəbdə oxuyarkən şəxsi avtomobilləri olsa da, o Bakıda piyada gəzirdi, avtobusla gəzirdi. O vaxtların «Jiquli»si indinin «Mersedes»iydi, özü də bahalı «Mersedes»i. Amma Aydın Dadaşov institutu qurtarandan sonra da, gedib hardasa az maaşa çalışanda da atasının alacağı «Jiquli»dən də, ona göndərəcəyi pullardan da imtina eləmişdi. Bu hiss mənə də doğmadı. Balaca qardaşımın Ağdamda iki maşını olanda mən Bakıda piyada gəzirdim.

Atasıyla arası bir az sərin idi. Soruşurdum, qaqa, dayımla niyə aran sərindi? Dərinə getməzdi, amma deyərdi, dayın hər şeyi pulla ölçür, mənim ölçülərim başqadı. Qısası, atasının milyonlarından imtina eləmişdi. Çalışırdı, işləyirdi və hər aza qane olurdu. Amma geyiminə xüsusi fikir verərdi. Dostlara da deyirdi ki, siz sənət adamlarısız, gözəl geyinməlisiz. Küçədə sizi görənlər bilməlidirlər ki, sizlər kimlərsiz, sizdən mədəniyyət öyrənməlidir – geyim mədəniyyəti, danışıq mədəniyyəti, oturub-durmaq mədəniyyəti…

Hüseyn Ərəblinski də beləymiş. Geyim-gecimi ilə Bakını mat qoyarmış…

… Ərşad Dadaşov, indiki dillə desək, multimilyoner. Çox səxavətli adamıydı. Təkcə Ağdamda yox, Qarabağda nüfuz sahibiydi. Hətta o vaxt ilk azərbaycanlı səfir Vəzirov da bu adama valeh idi. Nə vaxt Azərbaycana gəlsəydi mütləq Ərşad Dadaşovun qonağı olardı. Bu dostluğun hardan başladığını bilmirəm. Sadəcə olaraq, Vəzirovun Ərşad dayının qoluna girib Ağdamda gəzdiyinin bir dəfə şahidi olmuşdum. Çox qəribə adamıydı, arada qohumlar arasında bir düşmənçilik yarandı, iki nəsil üz-üzə gəldi. Xüsusilə də bizimkilər daha aqressiv idilər. Harda rastlarına çıxsalar Dadaşovlarla davaya çıxardılar. Həmin dönəmlərdə də Aydın bizə gələrdi, həmin dönəmlərdə də biz Aydınla bir yerdəydik. O tərəf onu qınayırdı, bu tərəf məni. Amma bizə fərq etməzdi.
Bir gün dayımın toyuydu. Qəfil Ərşad Dadaşov girdi toy mağarına. Musiqiçilər də dayandı, oynayanlar da dayandı, hamı çaş-baş qalmışdı. Burda hətta ölüm ola bilərdi (özü də çox axmaq bir məsələdə düşmənçilik olmuşdu. Amma hər iki nəsil ağdamlıydı ki). Hamı çaşmışdı. Dayandı mağarın ortasında və dedi ki, bu ocağın ağbirçəyi gəlsin. Hamı baxır, bəlkə də əli silahda olanlar var. Atamı tərifləməyim, amma Allah adamıydı, barışıq adamıydı, sözdə, nəsildə eşidilirdi. Qalxdı ayağa və dedi ki, ağbirçəyi çağırın, yəni nənəmi.

Nənəmi gətirdilər. Nənəmin boynunu qucaqladı, üzünü də tutdu musiqiçilərə. Dedi, bir bəy-xanım havası çalın. Musiqiçilər atama baxdı, atam işarə elədi ki, çalın. Çaldılar. Bir iki-üç dəqiqə əlini qaldırıb oynadı və sonra dedi ki, mən barışdım, qalanını özünüz bilərsiz. Və çıxdı getdi.

Onun bu kişiyanə hərəkəti iki nəsli yenidən bir-birinə bağladı. Yəni Aydın Dadaşovun atası da belə bir kişiydi.
Mənim bir povestim var: «Günah». Hətta həmin povestə görə bir vaxtların ən yüksək mükafatlarından sayılan «Komsomol mükafatı» da almışdı. Həmin povesti mənə Aydın Dadaşov yazdırmışdı. Onun söhbətləri, onun hadisələrə münasibəti, onun insanlara münasibəti çox fərqliydi və söhbətlərimizin birində bir sirri açdı. O barədə danışmaq istəmirəm, kim istəyir povesti tapıb oxusun.

Aydın Dadaşov yeganə adamıydı ki, lap saatlarla qulaq asardın, yorulmazdın, usanmazdın. Əksinə, nəsə öyrənərdin. Bir neçə dərsliyin müəllifiydi, həm Bakı Dövlət Universitetində, həm də Dövlət İncəsənət Universitetində dərs deyirdi. Xoşbəxt idi onun tələbələri ki onun mühazirələrinə qulaq asırdılar.
Aydın Dadaşov böyük filmlər çəkə bilmədi, böyük ssenarilər yaza bilmədi . Çünki dünyada bir dağılma getdi, Kinostudiya oturum düşdü. Amma mən bilirəm ki, Aydın bu gün üzdə olan neçə filmin ideyasını vermişdi, rejissorlara məsləhətlər vermişdi, sseristlərə yol göstərmişdi.

Bu günlərdə hörmət etdiyim bir xanım jurnalist Aydını tanımadığını yazmışdı. Bu mənə çox pis təsir elədi. Ən azı ona görə ki, Aydın kinematoqrafiyanı, dünya kinosunu həmin xanım jurnalistdən bir əlli dəfə artıq bilirdi. Amma xanım jurnalist onu kinonu bilməməkdə suçlamışdı. Və xanım jurnalist Gürcüstan filmini misal gətirmişdi – «Mimino»nu misal gətirmişdi. Və xanım jurnalsit çox təəssüf bilmirdi ki, «Mimino» «Gürcüstanfilm»in deyil, «Mosfilm»in istehsalıdı.

Dadaşovla son zamanlar az-az görüşürdük. Təbii ki, bu da işlərin çoxluğu, qayğıların çoxluğuyla bağlıydı. Amma hər görüşümüzdə mənim üçün yeni bir ideya verirdi. Həm də onda bir Haqverdiyev yumoru vardı. Bəzən elə sözlər deyirdi ki, qarşısındakı adam onu səhər başa düşə bilərdi.
Səhər-səhər dadaşımın ölüm xəbərini də Kinostudiyanın direktoru Müşfiq Hətəmovdan eşitdim:
- Aqil, Aydını itirdik.

Sonra xanımım dedi ki, xəbərin var Aydın rəhmətə gedib. Dedim ki, hə, Müşfiq zəng eləmişdi.
Əslində biz Aydın Dadaşovu təxminən iki il əvvəl itirmişdik – xanımı rəhmətə gedəndə. Aydın Dadaşov cismən yaşayırdı, ruhən xanımı ilə birlikdə bu dünyadan köçmüşdü. O xanımına ata, ana, bacı, qardaş, hamısından daha çox bağlıydı. Xanımı Aydının atasının milyonlarından imtina edən vaxtlarında heç vaxt ona deməmişdi ki, niyə biz kirayədə yaşayırıq, niyə istədiyimizi geyinib-gecinmirik, niyə biz işə avtobusla getməliyik? O Aydını Dadaşov Aydın kimi sevməmiişdi, elə Aydın kimi sevmişdi. Aydın da onu elə sevirdi. Onsuz yaşaya bilməzdi və bilmədi də.

Aydını Ayaz itirmədi, Etiş itirmədi, Dadaşovlar nəsli itirmədi, Aydını hamımız itirdik, bu xalq itirdi. Azərbaycan aydınları itirdi, tələbələri itirdi, onun söhbətlərinə həmişə möhtac qalacaq dostları itirdi.
Hamımız öləcəyik ey! Amma Aydın bir az tez öldü.

Qardaş! İndi yəqin Ağdamdasan, doğmalarının arasında! Orda nə var- nə yox. Biz gedə bilmirik, sən bir az bizdən tez getdin.

Bağla X