Milli Məclisin sədr müavini Bahar Muradova Publika.az-a müsahibə verib. Milli Məclisin sədr müavini Bahar Muradova Publika.az-a müsahibə verib.

“Onları yarı yolda qoymasınlar” - Deputat

Milli Məclisin sədr müavini Bahar Muradova Publika.az-a müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Necəsiz Bahar xanım? İşləriniz necə gedir?

- Yaxşıyam, bizim işlərimiz ümumi ölkənin ictimai-siyasi həyatı ilə bağlı olduğu üçün əlval-ruhiyyəmiz də ona görədir.

- Bu günü də qara xəbərlə açdıq, bu gün də sarsıldıq, gənc yazar Mövlud Mövlud intihar edib. Son vaxtlar ölkədə intihar hadisələri çoxalıb.

- Əlbəttə, böyük təəssüf hissiylə qarşılayırıq belə hadisələri. Əsas da ona görə ki, bu intiharlar bir qayda olaraq gənc ömürləri aparır. İntihar hadisələri təkcə Azərbaycan reallığında deyil, bir çox ölkələrdə, sosial-iqtisadi cəhətdən təminatı olan insanlar tərəfdən də baş verir. Buna çox məsələ səbəb ola bilər. İstənilən halda insan özünə əl qaldırmamalıdır. Biz də istərdik belə hadisələr olmasın. İnsanlar ən çətin vəziyyətində belə insanlardan kömək istəsin.

- Ən çətin vəziyyət deyəndə...

- Hər insanın özünün çətin hesab etdiyi məqamlar ola bilər. Biri üçün çətin sayılan məsələ digəri üçün asan ola bilər. Burada insanın daxili durumu, psixoloji vəziyyəti, ətrafında və ya şəxsi həyatında baş verən hadisələrə münasibəti əsas rol oynayır. İstənilən halda biz cəmiyyət olaraq insanları belə addım atmaqdan çəkindirməliyik. Həm iqtisadi, həm də psixoloji çətinlik yaşayan insanların yanında olmalıyıq.

- Mövlüd Mövludu tanıyırdız?

- Yaradıcılığına bələd deyiləm. Bir də ki, o, yazar yox, başqa peşə sahibi də ola bilərdi. Bəlkə də peşə burada önəmli rol oynamır.

- Əgər ziyalılar intihar edirsə...

- İstənilən halda bu yolverilməz haldır. Ziyalılar tərəfdən isə heç olmamalıdır. Bu hadisə onun yaxınlarını nə qədər sarsıdıbsa, adını ilk dəfə eşidən insanları da o qədər ağrıdır. Çünki gəncdir. Biz dövlət olaraq cəmiyyətimizin, insanlarımızın təhlükəsizliyini təmin etmək üçün ən müxtəlif addımlar atırıq. Təəssüflə qeyd etməliyəm ki, heç də hər zaman buna nail olmaq mümkün olmur.

- Siz də bir anasız, Mövlüdün intihar xəbərini eşidəndə nə hisslər keçirtdiz?

- Mənimçün insanın özü və keçirdiyi hissiyyatlar önəmlidir. Bir gəncin öz həyatına son qoyması məni ağrıdır, hər şeydən əvvəl onun özünü düşündüm.

- Bu arada söhbətimizi dəyişmək istəyirəm. Bu günlərdə yubleyinizdir. Siz çoxuşaqlı ailədə böyümüsüz. İstəyirəm uşaqlığınızdan danışasız bir az. Heç olubmu ki, ayaqqabınız olmayıb, dərsə gedə bilməmisiz?

- Uşaqlığımı Füzulidə xatırlayıram. Füzuli kimi mənim uşaqlığım da, onunla bağlı bütün xatirələrim də işğal altındadır. Hətta o tam qayğısız, sevinc içində keçsəydi belə bu gün bu barədə kədərsiz danışa bilməyəcəydim. Əlbəttə mənim üçün o zaman dünya yaşadığım küçədən, oxuduğum məktəbdən və ətrafımdakı insanlardan ibarət idi. O vaxt insanların çoxu ehtiyac içində olduğu üçün bəlkə də öz vəziyyətindən narazılar az idi. Təlabatlar çox fərqlidir. Bu gün hansısa bir çatışmazlıq bayaq danışdığımız intihar hadisəsi üçün səbəb götürülə bilirsə, o vaxt belə bir hala rast gəlinməzdi. Hər kəs həyatını olduğu kimi qəbul edirdi. Heç kəsin ağlına gəlmirdi ki, hansısa bir dövlət qurumundan, hansısa imkanlı şəxsdən kömək istəsin. Hər kəs öz problemini özününkü sayırdı və heç kəslə müzakirə etmirdi. O gün radioda Novruz haqqında suallara cavab olaraq bir nəfər deyir ki, bayram kasıblar üçün stres, varlılar üçün xoşbəxtlik hissi doğurur. Mən bununla qətiyyən razı ola bilmərəm. Yenə də qayıdıram Mövludun intiharına ki, heç bir halda belə fikirlər, belə məsələlər ölümə qədər uzanmamalıdır. Xatırlamıram ki, geyim və ya ayaqqabı çatışmazlığından dərsdən qalmışam. Nə qədər çətinlik hiss etsəydik belə dərsdən qalmaq ağlımıza da gəlməzdi. Biz ailədə doqquz uşaq idik, təkcə atam işləyirdi və biz nə qədər ehtiyac olsa belə bunu böyütmürdük.

- Bahar xanım, məktəb illəri üçün ən acı, bu gün üçün ən şirin xatirəniz var?

- Xatırlayıram ki, mənim beş yaşım var idi, bacım məndən iki yaş böyük idi. Atam ona sarı üzlü “Əlifba” kitabı almışdı. Bacım da onu mənə vermirdi. Bir neçə dəfə o kitabı gizlincə götürüb vərəqləmişdim. Bir dəfə bacım gəlib o kitabı mənim əlimdən aldı. Onda çox böyük stres keçirdim. Elə bildim bütün həyatımı, gələcəyimi, sevinclərimi əlimdən alıblar. Həmişə məktəb illərindən söhbət düşəndə bu hadisəni xatırlayıram. Və bir də ən acı xatirəm atam, anamla bağlıdır. Onların Füzulidəki xatirələri əsir düşdü, girov qaldı və onlar bir daha o yerlərə qayıda bilmədilər.

- Nə vaxtsa intihar haqqında fikirləşmisiz?

- Qətiyyən. Mən o qəbil insanlardanam ki, nəyi sevmişəmsə bu gün də sevirəm. Nəyə nifrət etmişəmsə, bu gün də nifrət edirəm.

- O gündən bu günə qədər nəyə nifrət edirsiz?

- Nifrət etdiyim yaltaqlıqdır. Mənafe naminə cildini dəyişməkdir. Sənin fikrin kimisə qane etməyə bilər, amma sən necəsən elə olmalısan. Şəxsi marağına görə dəyişən insanları qəti sevmirəm.

- Qiraqdan özünüzə baxın. Bahar Muradova kimdir?

- Çalışıram hər zaman özümə qıraqdan baxım. Ola bilər baxasan özünü düz görməyəsən. Mənim üçün Bahar Muradova öz imkanları nədirsə, onun çərçivəsində yaşayan bir insandır.

- Sizin üçün qızıl orta nədir?

- Heç nədə ifrata varmamaq. İstənilən vəziyyətlərdə emosianal davranmağı xoşlamıram. İnsan hər bir halda hisslərini cilovlamalıdır. Cilovlanmayan hisslər bəzən intihara qədər aparıb çıxara bilir. Bir çox halda isə insan cinayətə yol verir.

- Dediz ki, öz çərçivəniz var və qırağa çıxmağı sevmirsiz. Sizin üçün qadağa nədir? Elə bir qadağanız olubmu ki, bu gün onu özünüzə qadağan etməyəsiz?

- Diqqət cəlb etməkdən xoşum gəlmir. Kim olursan ol, hardan gəldiyini unutmamalısan. Heç kim düşünməsin ki, Bahar Muradova Milli Məclisin sədr müavinidir, nə istəsə edə bilər. Qanunla mənim üçün hansı çərçivə varsa, o çərçivədə yaşayıram. Mənim bacı-qardaşlarım elə öncə necə yaşayırdısa indi də elədir.

- Bacı-qardaşlarınıza dəstək olmursuz?

- Öz ailəmə və ehtiyacı olan hər kəsə imkanım olan qədər dəstək oluram. Hər kəs bölüşməyi bacarmalıdır. Seçicilərimə necə münasibət bəsləyirəmsə, ailə üzvlərimə də elə münasibət bəsləyirəm. Onların heç bir qanunsuz istəklərini həyata keçirməmişəm.

- İlk məvacibinizi xatırlayırsız?

- Texnikumda oxuyanda bizi tikiş fabrikinə istehsalat təcrübəsinə aparmışdılar. Normadan çox işləməyə çalışdığım üçün sonda mənə kifayət qədər çox, 95 manat pul yazmışdılar. Həmin pulu son qəpiyinə qədər qardaşımın nişanına xərclədim.

- Onda doğsan beş manat almışdız, bu gün nə qədər alırsız?

- 2000 manat.

- Bir az ananızdan danışın. Sizi döyüb?

- Anam çox ciddi davranırdı bizimlə. Onun qoyduğu qaydaları heç kim poza bilməzdi. Bizə sərt olduğu qədər başqalarına mülayim idi. Çox kiçik nöqsanımıza görə bizi ciddi tənbeh edirdi. Hesab edirəm ki, bunun üçün çox ciddi əsasları var idi. Yeddi qız tərbiyə etmək sizə asan gəlməsin. Hər gün onu xatırlayıram.

- Bahar xanım, sizə elə gəlmir ki, bəzən insanlar ölümdən kömək istəyir?

- Ölümdən kömək umanların acı taleyi hər kəsə ibrət olmalıdır. Məc. Bu günkü intihara yenə qayıtmalı oluram. Mövlud adı doğulmaq, mövcud olmaq deməkdir. Bilirəm ki, o, istəmədən ölümü seçdi. Amma başqa cür də hərəkət edə bilərdi və etməliydi. Ancaq biz cəmiyyət olaraq bu hadisələrə haqq qazandırmamalıyıq.

- Yəni, intihara cəhd edən şəxsləri tənqid etməliyik?

- Gərək cəmiyyət intiharı çıxış yolu kimi qəbul etməsin. Əksəriyyət düşünür ki, intihar edən şəxsin başqa çıxış yolu olmadığından bu addımı atır. İstənilən durumdan isə ən azı iki çıxış yolu olur.

- Bahar xanım, Növruz günü yubileyinizdir. 55 yaşınız olur. Hazırlaşırsız?

- Mən də hamı kimi Novruza hazırlaşıram. Novruz hamının bayramıdır. Belə bir gündə diqqəti öz üzərinə çəkmək çətindir. Təcrübəmdən bilirəm.

- Siz diqqət çəkməyi sevirsiz?

- Məqsədli şəkildə diqqət çəkmək kimi bir şakərim yoxdur. Amma təbii ki, sənə məxsus olan gün sevdiyin insanların əhatəsində olmaq istəyirsən. Amma Növruz günü hər kəs öz evində olur. Odur ki, yaxınları toplamaq, sənə diqqət etməyə vadar etmək doğru sayılmır.

- Füzulidə keçirtdiyiniz Növruz sevincini bu gün yaşayırsız?

- Uşaqlıq dövrünün sevincini böyüyəndə yaşamaq mümkün deyil. Mən əvvəl elə bilirdim oxuduğum məktəb dünyanın ən uca binasıdır. Amma insan yaşlandıqca miqyaslar dəyişir. O gün, sonuncu çərşənbədə Mərdəkanda bacımgildəydik, on yaşlı qızım televizora baxıb deyir ki, onlara deyin bu gün bayramdır, problemdən danışmasınlar. Uşaq təfəkkürü ilə bayrama verdiyi qiymət budur. Mən də onun yaşda olanda təxminən elə düşünür, bayram sevincini hər şeydən üstün tuturdum. Amma indi bütün normal insanlar kimi bayram günü daha çox problemli insanları düşünürəm. Daha çox itirdiklərimizi düşünürəm.

- Bahar xanım, mən uşaqlıqda elə bilirdim qozu-fındığı ancaq bayramda yemək olar.

- Bizdə də elə hadisələr olurdu. Payızda yığılmış qoz-fındıq ancaq bayramda yeyilirdi. Elə şəkərbura, paxlavanı da biz hər istədiyimiz vaxt yeyə bilmirdik. Elə onun gözəlliyi də burdaydı. İndi bayram günü uşaqları təəccübləndirmək olmur. Mənim qızım inana bilmir ki, biz televizorsuz yaşamışıq.

- Söhbətimizin sonuna yaxınlaşırıq.

- Deməliyəm ki, sizinlə söhbət məni qane etdi. Xeyli vaxtdır ki, belə müsahibim olmamışdı.

- Bahar xanım, siz də bir anasız, intihar etmək istəyən gənclərə nə deyirsiz?

- Hər şeydən əvvəl özlərindən sonra qalanları düşünsünlər. Onların varlığını öz həyatlarının mənası hesab edən insanlara xəyanət etməsinlər, onları yarı yolda qoymasınlar. Çətinliklər hər kəsin həyatında ola bilər. Onlar üçün də pis bir nümunə, örnək olmaqdan çəkinsinlər. Özlərinə qarşı cinayətə yol verməsinlər.

Yaxınları, doğmaları və dostlarına olan acığın, cəmiyyətdən incikliyinin qisasını özlərindən almasınlar. İnansınlar ki, hər çətin məqamdan çıxış yolu mütləq vardır.