10:20
(077) 610-22-33

Binəqədi təpələrinin arxasındakı həyat - FOTO/REPORTAJ

  • >
442 2 Fevral 2013 15:43 | Cəmiyyət



Biz bu dəfə sizə "DİVARLAR ARXASINDAKI BAKI"nı göstərəcəyik. O Bakını ki, oradakı həyatın paytaxtın cah-cəlalı, gözqamaşdırıcı işıqlarına heç bir aidiyyəti yoxdur. Orada yaşayanlar da əslində sənəddə heç Bakı sakinləri deyillər. Amma illərdir ki, Bakının cəmi 7-8 km-də yaşayır və günlərin birində "sehirli çubuğun" onların da ən adi problemlərini həll edəcəyinə inanırlar. Bəlkə də sadəcə inamsız yaşamaq çətin olduğuna görə, özlərini inanırmış kimi göstərirlər. Bəlkə elə doğrudan da kiminsə nəhayət ki, onların da problemlərini görməklə kifayətlənməyib, həll etməyə cəhd göstərəcəyini düşünürlər. Biz problemləri həll etmək imkanına malik deyilik, biz sadəcə göstəririk. Bəlkə artıq neçənci dəfə olduğundan yeni bir söz deməməyimizə rəğmən bəlkə kimlərsə köhnə havası çalınan bu "yeni mənzərəyə" bir rəssam əli dəydirmək istəsin.

Divarlar nəyi gizlədir?

Söhbət Bakının bir neçə kilometrliyində yerləşən, şəhərə ən yaxın qəsəbələrdən biri kimi sakinlərini yeganə fəxr mənbəyi olan, amma problemlər burulğanında çoxdan şəhərdən uzaqlaşan Çiçək yaşayış massivindən gedir. Massiv Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisindədir. Son illərin ən çox inkişaf edən, əhalisinin sayı durmadan artan, əhalisi və evləri kimi problemləri də çoxalan bu ərazidə insanların yaşayışı çox yerlərdən fərqlənir. Bu qəsəbəyə heç Binəqədi rayonunda yeni başçı dəyişikliyindən sonra yolboyu yaranan gül-çiçək təpəciklərinin də aidiyyəti yoxdur. Çünki güllərlə bəzədilən təpələrin, villaları görünməz edən divarların arxasında bir həyat da var - kimlərinsə gizlətməyə çalışdığı, amma hər dəfəsində yenə və yenə görünən bir həyat. Bu həyatın insanları palçıqlı ayaqqabılarla şəhərin mərkəzinin gözəlliyini pozur. Bu həyatın uşaqları palçıqlı ayaqqabılarla çox-çox uzaqda getdikləri məktəbin dəhlizlərini çirkləndirir. Ən dəhşətlisi bu həyatın insanlarını elə bu həyata layiq olduqları düşüncəsi əsir almağa başlayır...

"Biz də yolu bağlayarıq"

"Mədəniyyət yoldan başlayır" deyirlər. Bu qəsəbəyə də aparan yollarda yeni yaradılan süni təpələr xoş görüntü yaradır, ancaq o yerə qədər ki, o təpələrin arxasındakı həyata aparan yol görünsün. Sakinləri öncə marşrutlar sınağa çəkir. Vaxtilə sayı 5-dən az olmayan marşrut avtobusların sayı indi 2-yə endirilib. 10-15 dəqiqəlik yol üçün bəzən 1 saatdan artıq marşrut gözləmək məcburiyyətində qalırlar. Hətta arada bir dəfə sakinlərin səbr, dözümü marşrutların ümumiyyətlə xəttə buraxılmaması ilə sınağa çəkilib. Görəndə ki, bu dəfə susana və dözənə oxşamırlar, 2 avtobusun xəttə çıxmasına icazə verilib. Sanki kimlərsə bilərəkdən həmin əraziyə işləyən taksi sürücüləri üçün əlavə gəlir yeri yaratmağa çalışır. Avtobus tapa bilməyən sakinlər 20 qəpiklik yola 1 manat verməyə məcbur qalırlar. Faydası olmayacaq deyə şikayət etmək niyyətləri də yoxdur. Amma onu da deyirlər ki, əgər əsəblərimiz bir az da sınağa çəkilsə, yolu bağlamaq kimi son zamanların ən təsirli etiraz üsulundan biz də istifadə edərik. Yəqin mesaji kimlərsə aldı. Təki mesaj doğru ünvanına çatsın.

Partlayış təhlükəsinin səsləri

Yollar bərbad vəziyyətdədir. Ötən ilin noyabrında massivin mərkəzi yoluna asfalt salınıb, amma bir neçə gün sonra asfalt bir neçə yerindən dağılıb. Asfaltın kənarlarına bir neçə işıqlandırma dirəyi qoyulub, amma bütün bu işlər ərazidə salınan şəhərcik üçün edilib. Bəlkə də alıcılarda qəsəbə haqqında xoş təəssürat yaratmaq üçün. Sonrası əsl dəhşətdir. Palçıqlı yollar, su yığılan küçələr, zibil yığnağı olan ərazilər, səliqəsiz, özfaəliyyətin nəticəsi olan qaz və su xətləri. Hətta bəzi qaz xətlərinin yanından keçəndə iydən və səsdən dayanmaq olmur, çünki qaz boruları deşilib. Qaz itkiyə gedir, amma heç bir qurumun yadına bu potensial təhlükəni aradan qaldırmaq düşmür. Sakinlər özləri çıxış yolunu özlərinə məxsus tapırlar - qaz borusunu "skoçla" yapışdırmaqla. Bəzi qaz xətlərində su şlanqları ilə qoşulmalar var. Deməli daha bir təhlükə bir addımlıqda nəfəs verir, amma bu nəfəsi qaz səsindən ayırd edə bilməyənlər susur. Susur və günlərin birində baş verəcək təhlükə zamanı deyilməsi mümkün olan bütün sözləri seçir. İttihamların ünvanını hazırlayır. Sakinlər bu vəziyyətin nə qədər davam edəcəyini bilmirlər. Amma buna da şükür etmək kimi bir adətləri var. Dediklərinə görə, indiyə qədər bütün problemlərini özləri həll ediblər, sanki başqa dünyanın sakinləridir. Yolu özləri çəkib, əgər buna yol demək olarsa. Siz heç tikinti daşları ilə palçığın örtüldüyü yol görmüsünüzmü? Görməmisinizsə, təqdim etdiyimiz şəkillərə baxın.

İşıq - doğru-düzgün aldıqları yeganə haqdır

Massivdə yeganə qaydasında olan şey işıq kabelləridir. Ötən yay "Bakıelektrikşəbəkə" yenidənqurma işlər aparıb, yeni kabellər çəkib, işıq dirəkləri və yeni sayğaclar quraşdırıb. Sakinlər bunu özlərinə qarşı elə böyük bir lütf hesab edirlər ki, indiyə qədər yaşadıqları vəziyyətə baxanda belə düşünmələrinin səbəbini almaq çətin deyil. Əslində aldıqları öz haqlarıdır. İllər boyu məhrum edildikləri haqları. Deyəsən, elə razı qaldıqları yeganə orqan da elə bu qurumdur. Dediklərinə görə, müfəttiş indiyə qədər heç kimsədən işıq pulu almayıb, sadəcə bildirişi təqdim edir, poçta ödənilməsini xahiş edir və gedir:

"İşıq sarıdan problemimiz yoxdur. Bütün kabelləri dəyişdirdilər, gərginlik indi daha da artıb. İşığın söndüyü nadir hallarda olur. Ötən il fəhlələr işlədi, onlara bir stəkan çay verə bilmədik".

"Ayaqsilmə əməliyyatı"


Palçıqlı küçələrlə hərəkət etmək nə qədər çətin olsa da, öhdəsindən gəlirlər. Yolunu öyrətməkdə də xəsis deyillər: "Binaların həyəti asfaltdır. Ora qədər xüsusən uşaqların ayaqqabılarının üstündən sallafon torba geyindiririk. Binaların həyətində torbanı çıxarırıq. Orada əsgilər qoymuşuq, ayaqqabılarımızı silib avtobusa minirik. Avtovusda da bir nəfər üçün nəzərdə tutulan yerdə azı 5 adam dayandığından növbəti "ayaqsilmə əməliyyatı" 20 Yanvar metrosunun yanında olur". Amma bu təmizlik əməliyyatı da qəsəbənin bütün palçığını ayaqqabılardan silməyə yetərli olmur. Nəticədə müəllimlərin və xadimələrin şagirdlərlə palçıq davası başlayır. Çünki bu müəllimlər və bu xadimələr həmin qəsəbənin vəziyyətindən xəbərdar deyil. Onlar başqa yerlərin adamlarıdır, qəsəbədə məktəb, uşaq bağçası olmadığından uşaqların getmək məcburiyyətində qaldığı uzaqların adamları.

Sakinlərdən icra başçısına dəvət...

Qəsəbədəki evlərin böyük əksəriyyəti sənədsizdir. Bələdiyyə ildə bir-iki dəfə vergi yığmağa gələndə qeydiyyat prosesinin başlanacağı ilə bağlı xoş xəbər verir. Söhbət bir-iki gün odlu-alovlu müzakirələrdən keçir, sonra bələdiyyə yenidən vergi toplamağa gələnə qədər unudulur. Beləcə unudub yenidən xatırlamağın həyəcanını yaşayırlar. Hara qədər - onu deyə bilmirlər, amma... rayonun yeni icra başçısı Xaləddin İsgəndərovun rayonda apardığı yenidənqurma işlərindən onlara da bir yol, bir avtobus payı düşəcəyini gözləyirlər. Hələ ümidləri doğrulmayıb, amma yenə də icra başçısına dəvət göndərirlər: "Cənab başçı, əgər divarların arxasındakı həyatla tanış olmaq istəyirsinizsə, buyurun Çiçək qəsəbəsinə gəlin..."

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X