Nazirlər Kabineti “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"nı təsdiqləyib Nazirlər Kabineti “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"nı təsdiqləyib

İctimai təhlükəli xəstələrə evdə xidmət göstərilməyəcək

Nazirlər Kabineti “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası"nı təsdiqləyib




Baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı yeni qərar
əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.

Qərar əsasən eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.
Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlillər və sağlamlıq imkanları məhdud uşaqlar ayrıca qeydə alınırlar.

İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.

Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

Sosial işçi tərəfindən göstərilən xidmətlərə tibbi və psixoloji yardım, hüquqi məsləhət almaqda köməklik göstərmək, lazımi sənədlərin toplanmasına köməklik göstərmək və s. daxildir.

Sosial xidmətçinin fəaliyyətinə isə yemək hazırlanmasına kömək edəcək, yedizdirmək və qabları yumaq, şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək daxildir.

Evdə sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) evlərdə (səyyar) sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir.

Elnarə Əlosmanqızı
AzNews.az