İsmayıllıda yeni həbslər həyata keçirib

Fevralın 4-ü İsmayıllıda daha 4 nəfər tutulub. Məlumatı "Media forum" saytına AXCP İsmayıllı rayon şöbəsinin sədri Sadiq Umudlu verib.

Sadiq Umudlu deyib ki, İsmayıllı hadisələri ilə bağlı videolara baxıldıqdan sonra həbslər çoxalıb: "Bu gün İsmayıllı sakinləri Rahim Mehdiyev, Asim Həmzəyev, Cavanşir Xəlilov, Siyavuş Həmidov, Elçin Cabayev, Elşən İsmayıllı tutulublar. Siyavuş Həmidov və Elçin Cabayev dindirildikdən sonra sərbəst buraxılıb. Elşən İsmayıllı isə Bakıya aparılıb. Digər üç şəxs isə hazırda İsmayıllı Rayon Polis Şöbəsində saxlanır. Ola bilər ki, onlar da Bakıya aparılsın".

"Azadlıq" qəzetinin zona müxbiri Elçin İsmayıllı "Media forum" saytına açıqlamasında deyib: "İsmayıllıdan verdiyim məlumatlar, mediada kəskin çıxışlarım ailə üzvlərimi təhlükə ilə üz-üzə qoydu. Nəticədə qardaşım Elşən İsmayıllı bu gün həbs olundu. O, yanvarın 24-ü İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədovla sözləşib. Rəfael Əhmədovun əhalinin üstünə qışqırdığını görən qardaşım buna etiraz edib. İndi onu "əhalini iğtişaşa çağırıb" deyə tutublar. Çox güman ki, bu gün Elşəni Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar".

İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı əvvəllər tutulan 12 nəfərdən 2-si Bakı sakini ("Çıraq" otelinin inzibatçısı Emin Şəmdinov və digər Bakı sakini Elməddin Məmmədov), 10-u isə İsmayıllı sakinidir (Vasif İbrahimov, Anar Həsənov, Şakir Mustafayev, Səxavət Səmədov, Cəfər Cəfərov, Xəyal Şaranov, Səftər Ağamalıyev, Şükran Mühübəliyev, Ceyhun Abbasov və Elşən Qurbanov). Onlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.1, 221.2.1, 233 və 315.2-ci maddələri ilə iş başlanıb.

AzNews.az