22:31
(077) 610-22-33

Ramil Usubovun adına saxta profil yaradıldı

  • >
325 5 Fevral 2013 12:58 | Cəmiyyət

Son vaxtlar müxtəlif sosial şəbəkələrdə Azərbaycanın rəsmi şəxslərinin adına saxta profillər yaradılıb.




Bir neçə gün əvvəl "Facebook" sosial şəbəkəsində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun adına da saxta profil açılıb. Ə. Həsənov mətbuata açıqlamasında həmin profilin ona məxsus olmadığını bildirib.

"Facebook" sosial şəbəkəsində profili yaradılan şəxslərdən biri də Azərbaycanın daxili işlər naziri, general polkovnik Ramil Usubovdur. Bu barədə APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov bu profillərin saxta olduğunu qeyd edib: "Bir müddət əvvəl "Facebook" sosial şəbəkəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından da iki saxta profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Doğrudur, onların hər ikisi uzun müddət ərzində yenilənməsə də, bildiririk ki, həmin profillərin cənab nazirə heç bir aidiyyəti yoxdur".

S. Gözəlov həmçinin vətəndaşların internet vasitəsi ilə nazir R. Usubova müraciət etməyin yollarını da izah edib: "Bir daha diqqətə çatdırırıq ki, respublikanın daxili işlər nazirinə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsi DİN-in internet saytıdır. Bu məqsədlə nazirliyin veb saytına daxil olaraq, "Vətəndaşların müraciətləri və qəbulu" bölməsinə keçid etmək lazımdır".

AzNews.az
Bağla X