Narkozsuz axtalama, rentgen şüasıyla qadınların sterilləşdirilməsi, insanların canlı-canlı dondurulması... Narkozsuz axtalama, rentgen şüasıyla qadınların sterilləşdirilməsi, insanların canlı-canlı dondurulması...

Nasistlərin qorxunc tibbi təcrübələri və “Ölüm mələyi” (Fotolar)

Narkozsuz axtalama, rentgen şüasıyla qadınların sterilləşdirilməsi, insanların canlı-canlı dondurulması...

Alman həkim Yozef Mengele II Dünya müharibəsi dövründə Osvensim həbs düşərgəsində dustaqlar üzərində tibbi təcrübələr aparıb.

Mengele düşərgəyə gətirilən dustaqlar arasında seçimi şəxsən özü aparırdı. Minlərlə insan “Ölüm mələyi”nin və onun köməkçilərinin qurbanı olub.

Yozef Mengele Münhen, Vyana və Bonn universitetlərində tibb və antropologiya üzrə təhsil alıb. 1938-ci ildə nasist partiyasına üzv olur. Bir müddət sonra ehtiyat tibbi qoşunlara qoşulur və istehkamçı batalyonunun həkimi kimi çalışır.

1942-ci ildə yaralandığı üçün xidmətə yararsız elan olunur. 1943-cü ildən o, Osvensim "qaraçı düşərgəsi"ndə həkim təyin olunur. Düşərgədə o, körpələrin canlı-canlı yarılması kimi məhbuslar üzərində qorxunc təcrübələr aparmağa başlayır.

Osvensim düşərgəsində 21 ay çalışan həkim nasistlər tərəfindən “Ölüm mələyi” ləqəbi ilə çağırılırdı.

Mengele anasteziyadan istifadə etmədən oğlan uşaqlarının və kişilərin axtalanmasını keçirir, qadınların bədəninə yüksək gərginlikli cərəyan vurmaqla, onların dözümlülüyünü yoxlayırdı.

Mengelenin diqqətini xüsusilə əkizlər cəlb edirdi. 1943-cü ildə düşərgəyə gələn dustaqlar arasında bütün əkizləri seçərək, onları ayrıca baraklara köçürürdü.

1500 cüt əkiz üzərində apardığı təcrübələrdən yalnız 200 nəfər sağ qala bilmişdi.

Apardığı sınaqlar zamanı uşaqların göz rəngini dəyişmək üçün müxtəlif kimyəvi maddələrlə dolu iynələr yeridirdi. Bunun nəticəsində əksər hallar göz iltihabı, güclü ağrılar baş verirdi, ya da korluğa gətirib çıxarırdı.

O, müxtəlif orqanları amputasiya edir, əkizləri bir-birinə tikirdi. Bundan başqa əkizlərdən birini infeksiyaya yoluxdurub, onların orqanlarının reaksiyasını yoxlayırdı.

Menqeleni həmçinin, fizioloji anomaliyalar maraqlandırırdı. O, Osvensimdə olmuş Ovis ailəsinin üzərində sınaqlar aparırdı. Onlar Rumıniyadan olan musiqiçi-liliputlar idi.

Buxenvaldda homoseksual məhbuslar üzərində hormonal təcrübələr keçirilirdi. Homoseksual kişilərin qasıq hissəsinə "kişi hormonu" kapsulları tikirdilər. Bu onları heteroseksual etməli idi.

Bir çox məhbuslar əməliyyatlara düşərgədən azad olunacaqları vədinə görə razı olurdular. Əməliyyatdan sonra onlar Ravensbryuk düşərgəsinə göndərilirdi. Burada bir çox qadınlar fahişəliyə görə ittiham edilmişdi. Lakin, bu üsul da düşərgə rəhbərliyini qane etmirdi. Onlar dustaqların sağalmasına inanmırdılar. Nəticədə onlar məhv edilirdi.

1941-ci ildə hipotermiyanın öyrənilməsi üçün bir çox sınaqlar həyata keçirilir. Dustaqları 3 saat buzlu su ilə doldurulmuş rezervuarlarda və ya soyuq havada saatlarla küçədə saxlayırdılar.

Gənc və sağlam kişiləri də lyuftvaffe uniformasını geyindirib, soyuq su ilə doldurulmuş rezervuara yerləşdirirdilər.

Bununla onlar donmuş insanı daha tez necə isitməyin yolunu araşdırırdılar. Onlar donmuş dustağı ya iki çılpaq qadının arasına qoyur və ya isti suyun içinə tullayırdılar. İkinci üsul daha effektiv alınmışdı.

1942-1945-ci illərdə Dahau düşərgəsində 25-45 yaş arası dustaqları malyariyaya yoluxdururdular. Daha sonra onları müxtəlif preparatlarla müalicə edirdilər. Bununla onlar malyariyaya qarşı vaksin hazırlamağa çalışırdılar. Bu eksperimentləri həkim Kurt Pletner aparırdı. Bu sınaqlar minlərlə insanın həlak olmasına səbəb olmuşdu.

Zaksenxauzen və digər düşərgələrdə dustaqların xardal qazının təsiri ilə aldıqları yaraları, yanıq izlərini müalicə etməyə çalışırdılar.

Əvvəlcə dustaqlara güclü kimyəvi qaz verilirdi, daha sonra onların yaralarını sağaltmağın effektiv üsullarını axtarırdılar.

Məhbusları yaralayır, ya da streptokokk, anaerob bakteriyalar yoluxdururdular. Qan dövranını süni şəkildə saxlayaraq, qanqrenanın yaranmasına səbəb olurdular. Həmçinin, yaralara taxta və ya şüşə kəsikləri doldururdular. İnfeksiyanı sulfanilamidlə və başqa dərmanlarla müalicə edərək, effektivliyi yoxlayırdılar.

Dahau düşərgəsində Hans Eppinqeranın rəhbərliyi altında məhbuslara dəniz suyu içirdirdilər. Sınaqların birində təxminən 90 qaraçıya yemək verilməsi dayandırılır və yalnız dəniz suyu verirdilər.

Sınaqların nəticəsində onların bədəni o qədər susuzlaşmışdı ki, onlar əsgiylə silinmiş döşəməni şirin su dadmaq üçün yalamağa başlamışdılar.

Buxenvaldda müxtəlif zəhərlərin effektlərinin tədqiqatı üzrə sınaqlar keçirilirdi. Zəhər gizli şəkildə, qida vasitəsilə dustaqlara verilirdi. Nəticədə dustaqlar zəhərlənirdi. 1944-cü ildə sınağın bütün iştirakçıları zəhərli güllələrlə öldürülmüşdü.

“Ölüm mələyi” Mengele uzun müddət Bavariyada gizləndikdən sonra, 1949-cu ildə Argentinaya, oradan Braziliyaya uçur. O, Braziliyada 1979-cu ilə qədər yaşayır. Okeanda çimən zaman insult olur və batır.

AzNews.az