21:05
(077) 610-22-33

İslam oyunlarına 12 min polis cəlb ediləcək - 252-si qadındır

  • >
3 471 21 Aprel 19:12 | Cəmiyyət

Aprelin 21-də Daxili İşlər Nazirliyində "Qeyri-aşkar şəraitdə törədilmiş mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması"nın və "IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər"in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

AzNews.az DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.

O qeyd edib ki, bağlı qalmış cinayətlərin arasında qeyri-aşkar şəraitdə baş verən mülkiyyət əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir və onların açılması hər bir əməkdaşdan peşəkarlıq tələb edir. Bu baxımdan aidiyyəti sahədə fəaliyyətin müvafiq qanunvericilik aktlarının, Nazirliyin əmr, göstəriş və kollegiya qərarlarının tələblərinə uyğun qurulması, profilaktik və əməliyyat-axtarış tədbirlərinin yüksək səviyyədə təşkili başlıca vəzifələrdən olmaqla davamlı surətdə həyata keçirilməlidir.

IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin son illər artan beynəlxalq nüfuzunun və iqtisadi gücünün, regionda lider dövlətə çevrilməsinin, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş quruculuq və abadlıq işlərinə, köklü demokratik, hüquqi islahatlara verilən yüksək qiymətin ifadəsi olduğunu xatırladan daxili işlər naziri bu mötəbər idman yarışlarına hazırlıq işlərinin sürətlə getdiyini, planlaşdırılan tədbirlərin ciddi nəzarətdə saxlanılmaqla ardıcıllıqla yerinə yetirildiyini qeyd edib. Sözügedən beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində respublikada ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunması, habelə Oyunlara hazırlıqla bağlı dövlətin, hökumətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğu xüsusi vurğulanıb.
Nazir bildirib ki, qarşıda duran mühüm vəzifələrdən biri də 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunmasıdır.

Gündəlikdəki birinci məsələ ilə bağlı Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov məruzə ilə çıxış edib. O deyib ki, mülkiyyət əleyhinə olan hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilib. Ötən il və cari ilin 3 ayında Nazirliyin «102» xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər, həmçinin «Təhlükəsiz şəhər» xidmətinin texniki imkanları ilə 573 cinayət «isti izlərlə», 367 cinayət avtomatlaşdırılmış kriminalistik uçotlar vasitəsilə açılıb, axtarışda olan 127, oğurlanmış qeydiyyat nişanı ilə idarə edilən 45 avtomobil saxlanılıb.

Bu növ cinayətlərin profilaktikasında böyük əhəmiyyət kəsb edən mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində təbliğatın gücləndirilməsi üzrə görülmüş tədbirlərlə 2016-cı ildə 1152 obyekt və 1326 mənzil, cari ilin 3 ayında isə 296 obyekt və 230 mənzil mühafizəyə qəbul olunub, habelə həmin müddətdə obyektlərdən oğurluğa cəhd edən 122 nəfər yaxalanıb.

Davamlı surətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq 2016-cı ildə mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz yaxşılaşaraq 74,3 faiz təşkil edib. Bu müsbət təmayül cari ilin birinci rübündə də davam edib və sözügedən cinayətlərin açılması 2,8 faiz yaxşılaşıb. Göstərilən müddətdə 6173 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 2428 nəfərdən ibarət 921 qrup zərərsizləşdirilib, axtarışa elan olunmuş 2122 təqsirləndirilən şəxs tutulub.

Bildirilib ki, bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaqdır. Onlardan da 252-si qadın əməkdaşlardır. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd X-RAY və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1.800 əməkdaş praktiki məşğələlərə cəlb edilib. Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200-ə yaxın əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobildə təmin ediləcəkdir.

Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir. May ayının 1-dək isə buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyalı 267 kamera quraşdırılacaqdır. Ümumilikdə, bu gün respublika üzrə “Təhlükəsiz şəhər” sisteminin 3.270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir.

Kollegiya iştirakçılarının nəzərinə o da çatdırılıb ki, möhtərəm Prezidentin əvəzsiz dəstəyi sayəsində I Avropa Oyunları ərəfəsində alınmış minlərlə radiostansiya, metal detektor, planşet, bort-kompyuter, videoqeydiyyat qurğusu və “İPatrol” mayaklar, habelə “BMW” və “Mercedes” markalı 837 ədəd xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcəkdir. İctimai asayişin qorunmasında iştirak edəcək əməkdaşların peşə hazırlığının, o cümlədən vətəndaşlarla ünsiyyətdə nəzakətli davranış səviyyəsinin yüksəldilməsi məsələləri də diqqət mərkəzində saxlanılıb, zəruri treninqlər, seminar-müşavirələr keçirilib.

Bağla X