Zakir Sadatlının kitabının təqdimatı keçiriləcək

"Bu yaxınlarda yazıçı-publisist Zakir Sadatlının "Lent.az-ın kitabxanası" silsiləsindən "Əfqanıstan uçurumu" adlı kitabını nəşr etdirmişdik, müəlliflə bərabər kitabın təqdimatını keçirməyə hazırlaşırdıq".

"Kulis.az"-ın verdiyi məlumata görə, bunu Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu söyləyib.

Q. Abbasoğlu bildirib ki, əcəl "Əfqanıstan uçurumu" kitabının təqdimatının müəlliflə birgə keçirilməsinə imkan verməyib: "Öncə yanvarın 28-də kitabın təqdimatını keçirməyi planlaşdırmışdıq. Lakin Zakir Sadatlı övladının toy mərasimi və səhhətindəki ağırlaşmalar səbəbindən bu təqdimatı ertələdi. Təqdimat mərasimini toydan dərhal sonraya salmaq istədik, Zakir fevralın 15-ni təklif etdi. Çünki fevralın 15-i sovet qoşunlarının Əfqanıstandan çıxmasının ildönümüdür. Kitab da Əfqanıstan müharibəsi ilə bağlı olduğu üçün bununla razılaşdıq. Təəssüf ki, əcəl imkan vermədi".

Q. Abbasoğlu deyib ki, Zakir Sadatlıya verdikləri sözü yerinə yetirəcəklər: "Fevralın 15-də "Lent.az-ın kitabxanası" silsiləsindən nəşr olunmuş "Əfqanıstan uçurumu" kitabının təqdimat mərasimini təşkil edəcəyik. Təqdimat mərasiminə Zakir Sadatlının yaxınlarını, həmkarlarını və digər şəxsləri də dəvət edəcəyik".

AzNews.az