Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qaliblərinin təqdimat mərasimi keçirilib. Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qaliblərinin təqdimat mərasimi keçirilib.

“Qızıl Kəlmə” Ədəbi Mükafatı təqdim edildi - Fotolar

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qaliblərinin təqdimat mərasimi keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mükafatın cəmiyyətdə özünə layiq yer tutduğunu söyləyib. Qeyd edilib ki, mükafatın təqdimatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ildən etibarən, iki ildən bir olmaqla keçirilir. Ənənəyə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində təqdimatı baş tutan sayca beşinci “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və cari il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Bütün əsərlər “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd ediblər. Daha sonra Komissiyanın yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

Sonra beş nominasiya üzrə mükafatlar sahiblərinə təqdim edilib.

Nəsr əsərləri nominasiyası üzrə “İşığa gedən yol” kitabına görə Sona Vəliyeva, “Sənsizlik, mənsizlik, onsuzluq” romanına görə Vaqif Nəsib və “Talelər kəsişəndə” kitabına görə Əkrəm Qaflanoğlu, poeziya əsərləri nominasiyası üzrə “Seçilmiş əsərləri” kitabına görə Firuzə Məmmədli və “Hər iki dünyanın ən gözəli” silsilə şeirlərinə görə Vaqif Bayatlı Odər, ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə “İkinci mətn” kitabına görə Bəsti Əlibəyli və “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabına görə Nərgiz Cabbarlı, orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanını tərcümə etdiyinə görə Əyyub Qiyas və Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsərinin tərcüməsinə görə Fərid Hüseyn, uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə “Ağ leyləklər” kitabına görə Zahid Xəlil və “Çiçəkli xalça” kitabına görə Qəşəm Nəcəfzadə “Qızıl Kəlmə” Ədəbi Mükafatına layiq görülüb.

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü isə Mirmehdi Ağaoğlu (“Alman malı” kitabı) və Şəhriyar del Geraniyə (“Darıxmağın adı” kitabı) verilib.

Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket təqdim edilib.

Mükafata layiq görülən qaliblər minnətdarlıqlarını bildiriblər.