14:08
(077) 610-22-33

Atlar öldükdən sonra kəsilibmiş - Nəticələr açıqlandı + Foto

  • >
1 539 2 May 2017 11:01 | Cəmiyyət

Bərdə rayonunun Qasımbəyli kəndində aşkarlanan at ətinin müayinəsi başa çatıb və zərərsizləşdirilib.

AzNews.az xəbər verir ki, 27 aprel 2017-ci il tarixində alınan məlumat əsasında Bərdə Rayon Polis Şöbəsi və Bərdə Rayon Baytarlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bərdə rayonu Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi əraziyə baxış keçiriblər.

Baxış zamanı ərazidə qeyri-qanuni, antisanitar şəraitdə, gizli şəkildə kəsilib, şaqqalara ayrılan 1 baş at cəmdəyi və heyvan kəsimi üçün lazım olan ləvazımatlar aşkar olunub.

Aşkar edilən, şaqqalara bölünən hissələrdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi ərazidə aşkar edilən ümumi çəkisi 125 kq olan şaqqalara bölünmüş at cəmdəyindən götürülən nümunələrin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmişdir.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella abortus equi) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, Qasımbəyli kənd sakini Quliyev Hamlet Əli oğluna məxsus xüsusi ərazidə aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş şaqqalara bölünmüş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilmişdir.

Qərara uyğun olaraq mayın 1-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Bərdə rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilmişdir.

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Bərdə Rayon Polis Şöbəsinə göndərilib.

image description image description
Bağla X