00:13
(077) 610-22-33

“İzahatı yazmağım üçün MTN-də döyüldüm” - Həkim

  • >
2 676 3 May 2017 20:22 | Cəmiyyət

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərin “Ankara klinikası” özəl tibb müəssisəsində həkim pediatr vəzifəsində işləyən Elşən Tağıyevin istintaq zamanı verdiyi ifadə məlum olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Elşən Tağıyev istintaq zamanı ifadəsində bildirib ki, 7 sentyabr 2015-ci il tarixdə MTN əməkdaşı Azər Məmmədov tərəfindən keçmiş MTN-ə aparılıb. Orada ondan Sona Bədəlova adlı xanımı zorlaması barədə ərizənin olduğunu, onu zorlamağı etiraf etməsi barədə izahat yazmağımı tələb ediblər: “İzahatı yazmağım üçün Azər Məmmədov, Xalid və adını bilmədiyim şəxs tərəfindən döyüldüm, daha sonra azad olunmağım müqabilində Azər Məmmədov məndən 50 min manat tələb etdi. Həmin məbləğdə pulum olmadığını bildirdim”.

Zərərçəkmişin ifadəsinə görə, pulu olmadığını bildirəndən sonra Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin yanına aparıblar: “İlqar Əliyev də mənə hədə-qorxu gəldi. Daha sonra Azərə bir həftə ərzində 30 min manat verəcəyim barədə razılaşdıq. MTN-də çıxdıqdan sonra tanışım Aydın Ağayevlə görüşdüm. Aydın Ağayev mənimlə birlikdə MTN-ə gələrək, Azər Məmmədova zəng vurdu. Biz Azər ilə MTN-in qarşısında görüşdük. Azər ilkin olaraq razılaşdığımız 30 min manatın hökmən gətirilməli olduğumu bildirsə də, sonradan hər hansı məbləğdə pul lazım olmadığını bildirdi”.

Elşən Tağıyev qeyd edib ki, Azər Məmmədov daha sonra ona zəng vurub və 10 min manat gətirməli olduğunu bildirib.

O, ifadəsində deyib ki, Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra MTN-əməkdaşları onunla əlaqə saxlamayıblar.

Cinayət işi üzrə şahid qismində ifadə verən Sona Bədəlova isə bildirib ki, tanışı Elşən Tağıyev tərəfindən zorlanması barədə əri Şahin Bədəlov 6 oktyabr 2015-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib: “Bununla əlaqədar həqiqətən də MTN-də araşdırma aparılıb. Mənim və həyat yoldaşımın həmin nazirliyə dəvət olunaraq giriş qapısının yanında olan otaqda, ikinci mərtəbədə adını bilmədiyim bir şəxs tərəfindən izahatım alınıb. İzahatımı almış şəxsin adını və vəzifəsini bilməmişəm. Lakin sonra isə izahatlarımı almış həmin şəxs həyat yoldaşıma zəng vuraraq ərizədə göstərdiyimiz xüsusatların MTN-nin səlahiyyətinə aid olmadığını, ərizənin baxılması üçün prokurorluğa göndəriləcəyini bildirdi”.

Sona Bədəlovanın sözlərinə görə, bundan sonra Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. O, Elşən Tağıyevin Milli Təhlükəsizlik Nazirliyinə dəvət edilməsindən xəbərsiz olduğunu deyib.

Şahid qismində dindirilən Azər Məmmədov ifadəsində 2005-ci ildən 2011-ci ilədək MTN-nin Antiterror Mərkəzinin 3-cü İdarəsinin 2-ci Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifələrində işlədiyini, 2011-ci ildən indiyədək həmin şöbənin rəis müavini vəzifəsində işlədiyini göstərib.

Azər Məmmədov bildirib ki, Antiterror Mərkəzinin 3-cü İdarəsinin fəaliyyət istiqaməti terrorçuluq və silahlı qruplara qarşı əməliyyat işinin təşkilindən ibarət olub: “İşlədiyim şöbənin fəaliyyət istiqamətinin isə terrorçuluq və silahlı qruplara qarşı əməliyyat işinin təşkilindən ibarət olub”.

Şahid qeyd edib ki, Şahin Bədəlovu 2014-cü ilin sonlarından onu müalicə edən həkim kimi tanıyıb: “2015-ci ilin iyul ayında Şahin Bədəlov mənimlə görüşərək tanışı olan Elşən Tağıyev onun həyat yoldaşı Sona Bədəlovanı zorlaması barədə məlumat verdi. Həmin məlumatı aldıqdan sonra baş idarə rəisinin müavini İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə olundu.

Daha sonra Elçin Quliyev tərəfindən nazir Eldar Mahmudova məruzə edilərək razılıq aldıqdan sonra Elşən Tağıyev barəsində yoxlama aparmağa başladıq. Onun yaşayış yerinə müəyyən sorğular verilməklə məlumatlar toplanıldıq, habelə Elşən Tağıyevin istifadəsində olan mobil telefon nömrəsi üzrə aparılan danışıqların, SMS mətnlərinin götürüldü.

Materiallar toplanıldıqdan sonra Elşən Tağıyevin MTN-ə dəvət olunaraq izahatının alınmasına icazə verilməsi üçün yenə də İlqar Əliyev vasitəsi ilə Elçin Quliyevə məruzə edildi. Elçin Quliyev də nazir Eldar Mahmudova məruzə edərək razılığını aldıqdan sonra Elşın Tağıyevin MTN-ə dəvət edildi”.

Azər Məmmədovun ifadəsinə görə, 7 sentyabr 2015-ci il tarixdə tabeliyində olan işçiləri Xalid Əliyev və Kənan Cəfərovla birlikdə Elşən Tağıyevin işlədiyi “Ankara” tibb mərkəzinin yanına gediblər: “Oradan Elşən Tağıyevi götürərək MTN-ə apardıq. MTN-də Elşən Tağıyevin izahatını almağa başladıq. Baş idarə rəisinin icazəsi olmadan hər hansı vətəndaşın MTN-in inzibati binasına daxil olmasının və çıxmasının mümkünsüz olub. Elşən Tağıyevin izahatında törətdiyi əməli, yəni Sona Bədəlova ilə cinsi əlaqədə olmasını etiraf etdi.

İzahatı alındıqdan sonra baş idarə rəisinin müavini İlqar Əliyev mənə zəng vuraraq Elşənin törətdiyi əməli etiraf edib-etməməsini soruşdu. Daha sonra onun tapşırığına əsasən Elşən Tağıyevi İlqar Əliyevin xidməti otağına apardım. İlqar Əliyevin onunla maarifləndirici söhbət etməsindən sonra sərbəst buraxıldı. Eyni zamanda Səhiyyə Nazirliyinə barəsində təqdimat yazacağını bildirdi. Bir neçə gün sonra Elşən mənə zəng vurub görüşmək istədiyini bildirdi. Mən də Elşənlə MTN-in inzibati binasının qarşısında görüşdüm. Görüşə Elşənin Aydın adlı qohumu da gəldi. Görüş zamanı onların Elşən barəsində Səhiyyə Nazirliyinə təqdimat verməməsini xahiş etdi. Mən isə Elşən barəsində Səhiyyə Nazirliyinə təqdimat verəcəyini bildirərək oradan getdim.

Elşən Tağıyevdən izahatını alan zaman özüm və başqa MTN əməkdaşı ona fiziki zor tətbiq etməyib. Ondan hər hansı məbləğdə pul istənilməyib. Yalnız Elşən Tağıyevin əxlaqsızlıq əməlini sübut edib və Səhiyyə Nazirliyinə məlumat verilib”.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən polkovnik İlqar Əliyev həbs olunduqdan sonra təcridxanada özünü asaraq intihar edib.

Bağla X